16 İyul 2020 18:33
4 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Sevinc xanım, həyat yoldaşınız Raquf Orucovu itirdiyiniz zaman olduğu kimi, şəhid general Polad Həşimov barədə də yazı qələmə aldınız və bu yazınız hər kəsə təsir etdi. Raquf Orucovla Polad Həşimov dost olublar, elə deyilmi?

- Onlar təqribən 1996-cı ildə Murov dağında birlikdə hərbi xidmət ediblər. İlk tanışlıqları Murovdağdan başlayıb. Onda biz hələ ailəli deyildik, 1999-cu ildə ailə qurduq. Polad bölük komandiri, Raquf da kəşfiyyat bölüyünün komandiri olub. Çox yaxın münasibətləri vardı.

Murovdakı xidmətlərindən sonra yolları ayrıldı, hərə bir hərbi hissəyə keçdi. Amma hər zaman əlaqə saxlayırdılar. 2013-cü ildə Polad Daşkəsəndə hərbi hissə komandiri təyin olundu. Onda Raquf Ağdamda hərbi hissə komandiri idi, dediyim kimi, heç vaxt əlaqələri kəsilmirdi.

- Raquf Orucov Polad Həşimov barədə danışırdımı?

- Raquf onun haqqında həmişə yaxşı sözlər deyirdi. Deyirdi ki, çox dəyərli zabitdir, yaxşı insandır. Vətən üçün çalışan, əsgər üçün canı yanandır, onu həmişə belə təqdim edirdi. Raquf hər adam haqqında evdə danışmazdı. Amma onun barəsində xoş sözlərini əsirgəmirdi.

2016-cı ilin aprel döyüşlərində bildim ki, generalımız Polad da o döyüşlərdə iştirak edib. Raquf şəhid olanda o da ön cəbhədə döyüşürmüş. Raqufun şəhidliyi ona pis təsir etmişdi. Polad deyirdi ki, qardaşımı itirdim. Dost kimi bizə də başsağlığı verməyə gəlmişdi.

- Polad Həşimovun şəhid olduğu xəbərini alanda hansı hisləri keçirdiniz?

- Çox böyük təəssüf hissi keçirdim... Mən Polada güvənirdim, orduda saf, təmiz, əqidəli zabitlərdən biri idi. Peşəkar idi, məhz belə insanlara güvənirdim ki, nə vaxtsa Raqufun qisasını alacaqlar. Biz yeni Poladlar yetişdirə bilməyəcəyik. Çünki əvvəlki kişilərin Qarabağ sevdası, torpağı tanımağı çox fərqlidir.

Raqufla eyni rütbədə idilər. Raquf qalsaydı, o da bu günün generalı olacaqdı, onu polkovnik kimi yola saldılar. Polad Həşimov yaşasaydı, gələcəyin müdafiə naziri ola bilərdi. Yəni görün biz 5 il sonra nəyi itiririk...

Generalı itirmək əsgərlər üçün də, bizim üçün də ağırdır, bu, Raqufdan sonra ikinci zərbədir. Ailəsi üçün ikiqat faciədir. Həm ata, həm də ailə başçısını itiriblər. Siz təsəvvür edin, elə bir atanı, elə bir ailə başçısını, oğlu itirmək nə deməkdir. Allah xalqımıza səbr versin.

Bu, təkcə bir ailənin itkisi deyil. Raquf Orucovu itirəndə də xalq bizə dəstək oldu. Dəstək indi də davam edir. Amma inanıram ki, xalqımız generalımızın timsalında bütün şəhidlərimizin qisasını alacaq. Bütün şəhid ailələrimizin acısına, dərdinə şərik olacağıq. Mən belə düşünürəm. Çünki başqa cür bu acını yaşamaq mümkün deyil, həqiqətən böyük itkidir.

Onunla bərabər dəyərli zabitlərimiz də şəhid olub. Hər bir zabitin yetişməsi asan başa gəlmir. Onun peşəkarlığı, püxtələşməsi... Polad Həşimovda peşəkarlıqdan başqa saf vətənpərvərlik də var idi. Onun Raqufla oxşar xüsusiyyətləri çox idi. Ona görə hələ də özümüzə gələ bilməmişik.

- General Polad Həşimovun ailəsi ilə münasibətiniz var idimi?

- Elə ailəvi münasibətimiz yox idi, sadəcə tanıyırdıq. Dediyim kimi, Raquf hər adam haqqında danışmazdı, hər yetəni özünə dost bilməzdi, xasiyyəti çox ağır idi. Amma həmişə Poladı tərifləyirdi, onu qardaşı sandığını deyirdi. Zəngləşib dərdləşirdilər. O da rəhmətlik Raqufa çox dəyər verirdi. Raqufun şəhidliyi ona çox pis təsir etmişdi. Deyirdi, Raquf getdi, mən qaldım.

Dünən dəfn mərasimindən sonra həm polkovnik İlqar Mirzəyevin ailəsinə, həm də Sumqayıtda generalımızın ailəsinə baş çəkdik. Təbii ki, bizi tanıyırlar, həmdərdik. Cənazə gələn gecə də hər iki ailənin evinə gedib, başsağlığı verdim.

- Ötən gün vətəndaşlar ölkənin müxtəlif şəhər və rayonlarında şəhidlərimizə ehtiramını bildirmək üçün yürüşlər etdilər. Sizin bu yürüş haqqına təəssüratınız necə oldu?

- Bu yürüş birinci dəfə deyil. 2016-cı ildə də şəhidlərimiz xalq sevgisi ilə dəfn olundu. Raquf Orucovun dəfni Sumqayıtda insanları bir araya gətirmişdi. Mən xalqımdan bunu gözləyirdim. Şəhidlərimizin dəfni ehtiramla müşayiət olunmalı idi. Bu, ailə üçün də böyük təsəllidir. İnsan faciə vaxtı yanında insanları hiss etmək, güc-qüvvət almaq istəyir. Mən ailənin acısını başa düşürəm. Biz bunu yaşamışıq. Xalqın dəstəyi lazım idi. Şəhidlərin acısı ilə bərabər meydanda xalqın arzusu da ifadə olunurdu. Xalq torpaqların bütövlüyü üçün çıxmışdı ki, işğala son desin.

Yeni torpaqlarımıza göz dikirlər, bunun qarşısı alınmalıdır, xalq bunun üçün çıxmışdı. Doğrudur, ağır dövrdən keçirik, pandemiya vaxtıdır. Amma xalqımız üçün Qarabağ, şəhid hər şeydən üstündür, hətta canımızdan da. Hamımız torpaq üçün canımızdan keçməyə hazırıq. Xəstəlikdən də məhv ola bilərik, amma torpağımız, vətənimiz uğrunda şəhid olmaq ayrıca bir şərəfdir.

- Sizcə, əhali pandemiya dövründə ordumuza dəstək olmaq üçün nə edə bilər?

- Yürüş bir gün oldu. Sonra insanlar qaydalara əməl etməyə başladılar. Dəstək üçün sosial şəbəkələr var. Onlar haqqında həştəqlər hazırlaya bilərik. İlk olaraq şəhidlərimizi nəyin uğrunda veririk, bax o həqiqətləri dünyaya çatdırmalıyıq.

Azərbaycanın dövlət sərhədini işğalçı Ermənistan pozur. Biz hər birimiz bunları dünyaya çatdırıb dəstək olmalıyıq. Dövlətimizə dəstək olmalıyıq, bu həqiqətlər bir nəfərin işi deyil. Hamımız hər yerdə, bildiyimiz dillərdə portallara yerləşdirməliyik. Tezislər hazırlayıb BMT-nin müvafiq qurumlarına göndərməliyik. Dünya birliyini ayağa qaldıra bilərik.

Xalq birliyi təkcə meydanda olmamalıdır. Real dəstək vermək lazımdır. Dünyaya fikirlərimizi daha sivil yollarla çatdırmalıyıq. Bu, həm də informasiya müharibəsidir. Biz təkcə meydanda mübarizə aparmamalıyıq. Burada təkcə bizim şəhid sayımız, onların cənazə sayı ilə ölçülmür. İnformasiya mübarizəsində udmalıyıq. Dövlət sərhədimiz pozulur, bu isə beynəlxalq hüquq normalarına ziddir. Biz bunu qabartmalıyıq.

- Siz "Zəfər" İctimai Birliyinin rəhbəri kimi gənc nəslə vətənpərvərlik ruhunun aşılanması, onlara şəhidlərimiz barədə daha ətraflı məlumat verilməsi istiqamətində çalışırsınız. İndiki gənc nəsildən razısınızmı? Onların bu proseslərə reaksiyası necədir?

- Biz yetkin gənclik yetişdirməliyik. Əgər onların səhvi varsa, deməli, o səhvi bizim kimi ictimai təşkilat rəhbərləri, cəmiyyət üzvləri, ziyalılar buraxıb. Tək gənclərin üzərinə hər şeyi yükləmək istəmirəm. Gənclər bu faciələrdən sonra doğulmuş uşaqlardır. Biz onları necə yetişdirəcəyiksə, o cür də gənclik görəcəyik. Orta məktəblərin, ali təhsil müəssisələrini müəllim heyətlərinin üzərinə böyük yük düşür.

Biz pandemiyadan əvvəl universitetləri gəzdik, gənclərlə əlaqələr qurduq. Hamı eyni ola bilməz, hər zaman istədiyimiz 100 faiz nəticəni ala bilmərik. Amma şübhəsiz ki, çox dəyərli gənclərimiz var. Ümid edirəm və inanıram ki, onlar bizim edə bilmədiyimiz daha böyük işləri görüb başa çatdıracaqlar.


Müəllif: Aysel Azad