14 Aprel 2021 19:38
336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın infrastruktur naziri Vladislav Kriklinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində xarici qonaqlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər. Görüşdə Gəncə-Odessa hava reysinin açılması, təhsil, ticarət və aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Niyazi Bayramov qonaqları salamlayaraq onları Gəncədə görməkdən məmnun olduğunu bildirib. Vladislav Krikliyə Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verən şəhər rəhbəri bildirib ki, burada müxtəlif təyinatlı ali təhsil və iri sənaye müəssisələri fəaliyyət göstərirlər. Azərbaycanla Ukraynanın dost ölkə olduğunu qeyd edən Niyazi Bayramov Gəncə ilə mövcud əlaqələrin daha da genişləndirlməsinin hər iki tərəf üçün geniş imkanlar yaradacağını deyib.

Ukraynalı nazir öz növbəsində görüş iştirakçılarını Vətən müharibəsində qazanılan qələbə münasibətilə təbrik edib və Ukraynanın daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Daha sonra ölkələrimiz arasında mövcud olan və qurulabiləcək əməkdaşlıq əlaqələrindən söz açan nazir Gəncə ilə Odessa arasında aviareysin açılmasının vacibliyini vurğulayaraq bu istiqamətdə iş aparıldığını bildirib. Söhbət zamanı qeyd olunub ki, Gəncə ilə Ukrayna arasında artıq ticari əməkdaşlıq əlaqələrinin qurulmasına başlanılıb.

Gəncə Şəhər İcra Hakimiyyətində baş tutan görüşdən sonra Vladislav Kriklinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində olub. Ali təhsil müəssisəsi ilə tanışlıqdan sonra onlayn formatda ADAU ilə Odessa Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Daha sonra Gəncədə Ukrayna məhsullarının satışı mağazasının açılışı olub.

Ukraynalı diplomat Vətən müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan çoxmənzilli yaşayış binasının yerləşdiyi ərazini ziyarət edib. Niyazi Bayramov bildirib ki, Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində bir neçə dəfə raket atəşlərinə məruz qalıb. Onlardan ən dəhşətlisi 11 və 17 oktyabr taxirlərində yaşanıb. Əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Ermənistanın Gəncədə törətdiyi hərbi cinayətlər nəticəsində ümumilikdə 26 mülki şəxs həlak olub, 125-dən çox dinc sakin yaralanıb.

Qonaqlar erməni terroru nəticəsində həlak olanların xatirəsinə hörmət əlaməti olaraq əraziyə güllər düzüblər.

Vladislav Krikli gün ərzində bir sıra iri sənaye müəssisələrinə də baş çəkərək onların fəaliyyəti ilə yaxından tanış olub.


Müəllif: Teleqraf.com