Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində yanğın təhlükəli maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyekt yanğın su hovuzu və avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə təmin edilməyib;
- çənlər arasındakı boru xətləri düzgün quraşdırılmayıb, qəza zamanı məhsulun bir çəndən digərinə nasoslarla vurulması imkanı təmin edilməyib;
- obyektdə mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb və ilkin yanğınsöndürmə vasitələri atmosfer yağıntılarından qorunmaq üçün günlük altında, xüsusi yerlərdə quraşdırılmayıb;
- ölçü lyukunun qapağının altı lyukun bağlanması zamanı qığılcımın əmələ gəlməsinə qarşı alüminium, qurğuşun, yaxud polimerdən hazırlanmış araqatı ilə təmin edilməyib;
- obyektin giriş-çıxış qapısının çıxış istiqamətində sərbəst şəkildə açılması təmin edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən maye qazdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.