29 Fevral 2016 17:08
1 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinə dair anlaşma memorandumun imzalayıb.

Tədbirdə BŞH Əməliyyat Şirkətinin İnsan Resursları şöbəsinin rəhbəri İrana Əhmədova, şirkətin Marketinq və Kommunikasiya departamentinin direktoru Nigar Arpadarai, könüllülər üzrə koordinatoru Tural Hümbətov, “ASAN xidmət”in İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, xidmətin insan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Beynəxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov və digərləri iştirak edib.

Nigar Arpadarai “Formula-1” Avropa Qran-Pri yarışı haqda məlumat verib. O, yarışa hazırlıqlarla bağlı danışıb: ““ASAN Xidmət”lə əməkdaşlıq bizim üçün önəmlidir. Fikrimcə, bu əməkdaşlıq önəmli məqamdır. Ölkədə ən sevilən milli brendlə anlaşma müqaviləsi imzaladıq. Bu məsələ könüllülərə bağlı olduğu üçün daha da maraqlıdır. Düşünürəm ki, bizə qoşulan könüllülər daha çox təcrübə əldə edəcək. Bizdə könüllülər bir neçə sahədə fəaliyyət göstərəcək. Media mərkəzi olacaq ki, burada mətbuatla işlər aparılacaq”.

BŞH-nin Əməliyyat İnsan Resursları şöbəsinin rəhbəri İrana Əhmədova, “ASAN xidmət”lə olan əməkdaşlığın Avropa Qran-Prisinin keçirilməsinə böyük töhfə verəcəyini bildirib: “Son illər ölkəmizdə könüllülər hərəkatı daha çox inkişaf edib. “ASAN xidmət”in könüllülər sahəsində böyük təcrübəsi var. Əminəm ki, birlikdə bu işin öhdəsindən gələcəyik. Belə könüllülərin iştirakı yarışın yüksək səviyyədə təşkil olunmasına rəvac verəcək”.

“ASAN xidmət”in İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev qeyd edib ki, “ASAN xidmət” ilə BŞH arasında bağlanan bu memorandum ölkədəki könüllülük hərəkatının daha geniş müstəvidə yayılmasına zəmin yaradacaq: ““ASAN xidmət” yarandığı gündən könüllülərinin fəaliyyəti diqqətləri cəlb edir. Hazırda bu mərkəzdə 6 mindən artıq könüllü fəaliyyət göstərir. İlk Avropa Oyunlarında mindən artıq könüllümüz iştirak edib. Ümid edirəm ki, Formula 1 yarışında da bu işin öhdəsindən layiqincə gələcəyik. Bu cür layihələrdə kiçik də olsa, payın olması könüllülər üçün qürurverici haldır”.

O vurğulayıb ki, “ASAN xidmət” könüllülərinin bu önəmli yarışda iştirakı onlarda mövcud bacarıqların daha da təkmilləşməsinə və beynəlxalq layihələr üzrə müxtəlif bacarıqların qazanılmasına şərait yaradacaq.

BŞH-nın könüllülər üzrə kordinatoru Tural Hümbətov Könüllülər Proqramı haqqında məlumat verib: “Bir çox layihələr həyata keçirilir. Düşünürəm ki, bu gün çox mühüm gündür. Bəzi könüllülərimiz bu işlərdə birbaşa təşkilatçı kimi iştirak ediblər. Könüllülərin müsahibə mərhələsi davam edir. Apreldə onların təlim prosesi başlayacaq. Seçilmiş könüllülər tam olaraq yarışa hazırlanacaq”.

Daha sonra İrana Əhmədova və Elvin Paşayev memorandumu imzalayıblar.

BŞH adından “ASAN xidmət”ə üzərində “Formula-1” nişanı olan köynək hədiyyə edilib.

Qeyd edək ki, memorandumun şərtlərinə əsasən, bütün “ASAN xidmət” mərkəzlərində BŞH-nin Könüllülük Proqramı və Avropa Qran-Prisi ilə əlaqədar təbliğat işləri aparılacaq.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər