1 İyul 2014 17:28
3 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin mayın 25-də qətlə yetirilən tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri, 1977-ci il təvəllüdlü Cavid Həmişəyevin ailəsində mülk davası başlayıb.

Teleqraf.com-un xəbərinə görə, Həmişəyevin valideynləri ölümündən sonra Cavidin həyat yoldaşı İradə Oruclunu mülklərdən mərhum ediblər. Əldə etdiyimiz məlumata görə, İradə Oruclu həyat yoldaşı ilə birlikdə Nərimanov rayonunda yaşadığı evdən də çıxarılıb. O, qayınatası Zaməddin və qayınanası Pakizəyə qarşı mülk iddiası qaldırıb.

Teleqraf.com-un xəbərinə görə, Zaməddin Həmişəyev deyib ki, oğlunun ölümündə gəlinin əlinin olmasında əsaslı şübhələri var. Onun sözlərinə görə, oğlu öldürülən zaman gəlini Türkiyədə olub. O, hadisədən dərhal sonra Azərbaycana gəlib: “Bizim başımız yasa qarışıb və zərərçəkmişin hüquqi varisinin kim olmasını başa düşməmişik. İradə dərhal Aslan İsmayılovla birlikdə prokurorluqda olublar. İradə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınıb. Cavidin atası, anası ola-ola İradə Oruclunun hüquqi varis kimi tanınması düzgün deyil. İradə Oruclunun hüquqi varis kimi tanınmasında məqsəd olub. Məqsəd isə bizim cinayət işindən kənarda qalmağımızla bağlıdır. Bizim cinayət işinə müdaxilə etməməyimizə çalışıblar. Bizi zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınısaydılar, həqiqətin üzə çıxması üçün tədbirlər görə bilərdik”.

Zaməddin Həmişəyev deyib ki, oğlu öldürülməmişdən əvvəl Bodrumda İradə Oruclunun adına bağ evi alıb. Onun sözlərinə görə, bağ evinin alınmasından xəbərləri olmayıb. O, qeyd edib ki, oğlu gəlininə onlardan xəbərsiz avtomobil də alıb: “Oğlumu gəlinim hadisədən 5 ay əvvəl güddürüb. Hesab edirik ki, onun bu cinayətin sifarişçisi kimi tanınması lazımdır. Çünki oğlumun sifarişini İradə Oruclu, onun qardaşı və vəkil Aslan İsmayılov veriblər”.

Zaməddin Həmişəyevin sözlərinə görə, hadisədən dərhal sonra Aslan İsmayılov Nərimanov rayon Prokuroruna zəng edib və rayon ərazisində cinayətin törədilməsi barədə onunla söhbət edib: “Mən Nərimanov rayon prokurorunun qəbulunda olmuşam. Bunları mənə prokuror deyib. Yenə də prokurorun qəbulunda olacam. Meyit ortalıqda ola-ola Aslan İsmayılovun cinayətin baş verməsindən necə xəbər tutması bizim üçün qaranlıq qalır. Cinayəti törətməkdə təqsirli bilinənlər icraçıdırlar. Əsl həqiqəti onlar yaxşı bilir. Onlar bu cinayətə tam aydınlıq gətirilmək üçün həqiqəti danışmalıdırlar. Əgər onlar həqiqəti ortalığa çıxarsalar, bağışlayacağıq. Əks halda, onların ən ağır cəza ilə cəzalandırılmasını tələb edəcəyik. Mənim oğlum ölüb. Onu öldürənlərə də ölüm cəzası verilməsini istəyirik. Cinayətin iştirakçısı Turkan Bağırlı çox şey bilir. Məhkəmədə onun üstünə getməyimizi istəmədilər. Dəmir barmaqlıqlar arxasında olan Koroğlu Məmmədov "qızla işiniz olmasın" deyə bizi hədələdi. Həqiqətin ortaya çıxmaması üçün onlara vədlər olunub”.

Zaməddin Həmişəyev daha sonra qeyd edib ki, gəlinləri oğlunun övladlarını onlara göstərmirlər. Onun sözlərinə görə, bir il ərzində nəvələrini görməyib. O, qeyd edib ki, gəlinləri nəvələrinin onlarla görüşməsinə qadağa qoyub: “İstəmirlər ki, nəvəmizi görək. Fikirləşirlər ki, azyaşlı uşaqlar nəsə bilər və bizə deyirlər. Onlar qorxu içindədirlər. İradə Oruclu bizimlə mülk davası döyür. Haqqı olmayanı tələb edir”.

Iyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində öldürməkdə təqsirli bilinən Yasin Ərəbov, Koroğlu Məmmədov və Türkan Ağayevanın cinayət işi üzrə məhkəmə başlayıb. İttihama görə, ötən ilin mayın 25-də tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri, 1977-ci il təvəllüdlü Cavid Həmişəyev Nərimanov rayonu, H.Əliyev küçəsi, ev 92, mənzil 8-də öldürülüb. Cavid Həmişəyev kirayə qaldığı evə yüngül həyat tərzi sürən və narkotik vasitə aludəçisi olduğu ehtimal olunan Türkan Bağırlı ilə gəlib.

Daha sonra isə iki nəfər evə gəlib və qətl hadisəsi baş verib. Mərhuma məxsus 90 NU 363 dövlət nömrə nişanlı “Mercedes MLK” markalı avtomobilin də yerində olmadığı müəyyənləşib. Avtomobil daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən “20 yanvar” dairəsində saxlanılıb. Avtomobildə olan şəxslər – Türkan Bağırlı, Yasin Ərəbov və Koroğlu Məmmədov tutulub. Onların cinayəti tamah məqsədilə törətdikləri məlum olub. Avtomobilə baxış zamanı isə mərhumun şəxsi əşyaları, sənədləri, Koroğlu Məmmədovun cinayəti törədəndə geyindiyi paltarlar, ümumilikdə 670 manat pul götürülüb. Qətldə istifadə olunan iki ədəd bıçaq isə Buzovna qəsəbəsindəki zibillik ərazisindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

İradə Oruclunun vəkili Aslan İsmayılov ittihamlara məhkəmədə cavab verəcəyini deyib. O, bildirib ki, eyni ittihamla bağlı iki dəfə danışmaq istəmir. Onun sözlərinə görə, iyulun 8-də keçirilən prosesdə ittihamlara faktlarla cavab verəcək.

Hacı Zeynalov


Müəllif: