Lerik rayon sakini Samirə Mehdiyeva (ad və soy ad şərti göstərilib-H.Z.) paytaxtda ayrı-ayrı kafelərdə ofisiant işləyib. Samirə həmçinin fahişəlik edib və pul qazanıb. O, işlədiyi müddətdə Mehdini tanıyıb. Mehdi Samirədən fahişəlikdən qazandığı puldan ona da verməsini tələb edib. Buna görə də Samirə ilə Mehdi arasında mübahisə yaranıb.
Hadisə ötən ilin oktyabrın 8-də Binəqədi rayonu, "Xırdalan dairəsi"ndə yerləşən “Arzular” kafesində baş verib. Kafedə ofisiant işləyən Samirə Mehdi ilə mübahisə edib. Həmin vaxt Mehdi xanım ofisiantın ünvanına nalayiq ifadələr işlədib. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zəminində Mehdi həmin xanımı bərk döyməyə başlayıb.
Sərxoş müştərinin əlindən birtəhər canını qurtaran xidmətçi qadın bıçaqla Mehdiyə bir zərbə vurub. Vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.
“Məqsədim pul qazanıb, dolanmaq olub”
Samirə Mehdiyevanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən Seyranə İmanova elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində qeyd edib ki, daimi yaşayış yeri Lerik rayonunda olub. Onun sözlərinə görə, işləyib, pul qazanmaq məqsədilə Bakı şəhərinə gəlib: “Bakı şəhərində müxtəlif kafelərdə ofisiant işləmişəm. Ofisiant işlədiyim kafelərdə təsadüfən düşən müştəri kişilərlə görüşə çıxmışam. Məqsədim pul qazanıb, dolanmaq olub”.
“Dedi ki, kişilərlə cinsi əlaqəyə girən qızlardan pul yığıram”
Təqsirləndirilən şəxsin sözlərinə görə, hamının “Seyid” kimi çağırdığı Mehdini təxminən 2012-ci ilin oktyabr ayının əvvəllərindən tanıyıb. Onun ifadəsinə görə, Mehdi ilə "Arzular" kafesində tanış olub: “Mehdi Xirdalan dairəsinin yaxınlığında mənə yaxınlaşdı. Dedi ki, “sən kişilərlə pul müqabilində görüşürsən, mən bu ərazidə kişilərlə cinsi əlaqəyə girən qızlardan pul yığıram, ona görə də mənə pul verməlisən”. Ondan nə səbəbə pul yığdığını soruşdum. Mehdi bir daha dedi ki, bu ərazidə çoxdandır fəhləliklə məşğul olan qızlardan pul yığır. Həmçinin bildirdi ki, buraların qaydası belədir. Həmin vaxt üstümdə 20 manat var idi. Həmin 20 manatı ona verdim ki, aramızda mübahisə və münaqişə yaranmasın. Həmin vaxt Mehdi məndən 20 manatı aldı. Mehdi pul alanda mənə qarşı heç bir güc tətbiq etmədi”.
“Mehdini pul verməyən qızları döydüynü bilirdim”
Samirə Mehdiyevanın bildirdiyinə görə, sonradan Mehdi haqqında maraqlanıb. O, ifadəsində qeyd edib ki, Mehdi həqiqətən də həmin ərazidə işləyən qızlardan pul yığır. O, Mehdinin pul verməyən qızları incitməsini öyrənib: “Mehdinin pul verməyən qızları incitməsini, lazım gələndə də döyməsini bilmişəm. Mehdi ilə bağlı məlumat toplayandan sonra anladım ki, yenə mənə yaxınlaşacaq və pul istəyəcək. Məndə həmişə pul az olurdu. Buna görə də Mehdi pul istəyəndə verə bilməyəcəyimi bilirdim. Aramızda münaqişə yaranacağını da başa düşmüşdüm. Qərara aldım ki, özümə bir bıçaq alım. Məqsədim isə Mehdi mənə yaxınlaşacağı və döycəyi təqdirdə onu bıçaqla qorxutmaq idi. Bu səbəbdən də hadisədən bir neçə gün əvvəl özümə cib bıçağı aldım”.
“Mehdi qolumdan tutub sürüyə-sürüyə kafedə bayıra çıxardı”
Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, oktyabrın 8-də, saat 00.30 radələrində “Arzular” kafesində tək olub. Onun sözlərinə görə, kafedə çay içdiyi zaman Mehdi ora gəlib: “Kafedə çay içəndən sonra evə getmək məqsədilə bayıra çıxdım. Həmin vaxt Mehdinin kafeyə gəldiyini gördüm. Mehdi mənə yaxınlaşdı. Dedi ki, neçə gündür işləyirsən, amma pul vermirsən. Məndən 20 manat pul tələb etdi. Ona dedim ki, üstümdə cəmi 4 manat var. Ehtiyacım olduğunu bildirdim və dedim ki, həmin pulu ona verə bilmərəm. Mehdi bir neçə dəfə pul verməyimi tələb etdi. Mən isə üstümdə olan pulu ona verməkdən imtina etdim. Bu vaxt Mehdi qolumdan tutdu və sürüyə-sürüyə məni kafedən bayıra çıxardı. Kafenin qarşısında Mehdi saçlarmıdan tutaraq, məni küçədə sürüdü. Buna görə də yerə yıxıldım və xəsarət aldım. Mehdinin hərəkəti məni əsəbləşdirdi. Yerdən qalxaraq çantamda olan bıçağı çıxartdım və ona bir zərbə vurdum. Daha sonra hadisə yerindən uzaqlaşdım. Təxminən bir neçə saatdan sonra polis əməkdaşları məni yaxaladı. Mehdini öldürmək və ya xəsarət yetirmək niyyətim olmayıb. Məqsədim onu qorxutmaq olub”.
“Samirə mənə “cındır oğlu, cındır” dedi”
Məhkəmədə zərərçəkmiş qismində ifadə verən Mehdi bildirib ki, Samirə Mehdiyeva ilə “Arzular” kafesində tanış olub. Onun sözlərinə görə, bir neçə dəfə kafeyə gəlib-getdiyi üçün Samirəni tanıyıb: ”Hadisə baş verən günü “Arzular” kafesinə gəldim. Kafenin qarşısında Samirə ilə rastlaşdım. Ondan soruşdum ki, kafedə tanış uşaqlardan kim var. Həmin vaxt hiss etdim ki, Samirə çox əsəbidir. Mən ondan söz soruşanda təhqiredici ifadələrlə üzləşdim. Samirə mənə “cındır oğlu, cındır” dedi. Ona dedim ki, cındır qızı özünsən. Bu zaman Samirə məni daha ədəbsiz sözlərlə təhqir etməyə başladı. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə zəminində Samirə məni bıçaqla vurdu”.
“Fahişəliklə məşğul olan qadınlarla heç bir əlaqəm yoxdur”
Mehdi həmçinin ifadəsində qeyd edib ki, nə təqsirləndirilən şəxsdən, nə də ərazidə olan kafelərdə işləyən digər qadınlardan pul tələb etməyib. Onun bildirdiyinə görə, Samirə belə ifadə verməklə məsuliyyətini azaltmağa çalışır: “Samirəyə “sən kişilərlə pul müqabilində görüşürsən, mən bu ərazidə kişilərlə cinsi əlaqədə olan qadınlardan pul yığıram, ona görə də səndə mənə pul verməlisən, buraların qaydası belədir” sözlərini deməmişəm. Samirədən pul istəməmişəm, pul tələb etməmişəm. Həmin ərazidə fahişəliklə məşğul olan qadınlarla heç bir əlaqəm yoxdur. Samirəni də kafenin qarşısında döyməmişəm, aramızda mübahisə baş verib. Nəticədə də qanlı cinayət törədilib”.
Məhkəmənin hökmü ilə Samirə Mehdiyeva 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Samirə Mehdiyeva apelyasiya şikayəti verib. O, şikayətində barəsində təyin olunmuş hökmün ağır olduğunu və həbs olmayan cəzanın verilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Məhkəmə onun şikayətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.
Hacı Zeynalov