Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1976-cı il təvəllüdlü Vidadi Xankərəm oğlu Umudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, bu il yanvar ayının 24-də, səhər saatlarında Bakının Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 50 ünvanında yerləşən avtodayanacağın gözətçi otağında yanğın baş verib. Yanğın söndürüldükdən sonra oranın gözətçisi, 1959-cu il təvəllüdlü Mikayıl Ağakərim oğlu Əsədovun üzərində bıçaq xəsarətləri olan meyiti aşkarlanıb.
İstintaqla müəyyən edilib ki, sərxoş vəziyyətdə olan Vidadi Umudov avtodayanacağın gözətçisi Mikayıl Əsədovun yanına gələrək onunla söhbət edib, birlikdə oturub spirtli içki qəbul ediblər. M.Əsədov ondan araq alıb gətirməsini tələb etdikdə aralarında narazılıq düşüb. V.Umudov cibindən çıxardığı bıçaqla ona ardıcıl zərbələr endirib. Gözətçiyə 36 bıçaq zərbəsi vuran V.Umudov onu xüsusi amansızlıqla qətlə yetirib. Sonra isə izi itirmək məqsədilə meyiti yandırıb.
Törətmiş olduğu əmələ görə V.Umudova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Məhkəmənin hökmü ilə Vidadi Umudov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov