Bir də görürsən ki, polislər bir gənci tutub bölməyə gətiriblər, efirdə göstərirlər. Səbəb isə odur ki, gənc oğurluq edib. Özü də siz Allah, nə oğurlasa yaxşıdır? Kiminsə maşınının təkərini açıb götürüb. Görün, nə qədər zəif və çarəsiz insandır ki, maşının özünü də oğurlaya bilmir, gücü təkərə çatır. Jurnalist soruşur ki, təkəri nə üçün oğurladın? Bu yerdə jurnalistin özündən soruşmaq istəyirsən: adam niyə təkər oğurlayar? Cinayətkar yalan-gerçək jurnalistə cavabında deyir: “Evdə çörək yox idi, ona görə oğurladım”.
Televizorda bu kadrlara baxanların yarısı oğlanın çörək səbəbinə inanır, yarısı inanmır. Lap tutaq ki, adam çörək yox, təkəri satıb araq içmək istəyir. Bunu faciə hesab etmirsinizmi? Buna görə ürəyiniz pis olmurmu? İnsan çarəsizliyi deyilən bir şey var və həmin məqamda mənim dizlərim yerə gəlir.
Sizcə, təkər oğurlayan adamın nə günahı ola bilər? Bilirəm, bu sual dərin qatlarda çox ağrılıdır, üzdən baxanda isə gülməli görünür və onu da dəqiq bilirəm ki, təkər oğrusuna ən çox irad bundan ibarətdir: “Canı çıxsın, getsin işləsin”.
***
Bilənlər yaxşı bilir ki, Şamaxı şəhərinə getmək üçün əvvəlcə “Şamaxinka”nı ziyarət eləməlisən. Çünki yol maşınları ordan çıxır. Mən isə ora çatan kimi sürücülər başımın üstünü kəsdirdi, hərəsi bir tərəfə dartdı. Biri əlimdəki çantanı icazəsiz-zadsız alıb apardı, öz maşınına qoydu, dedi ki, otur, çıxıram. Amma maşın boş idi. Onun Şamaxıya çıxması üçün hələ üç nəfər də lazım idi. Dedim ki, qardaş, o biri maşında üç nəfər var, qoy oturub gedim. Qayıtdı ki, a kişi, üç nəfər gəlir, yolun o biri üzündədir, bəri keçirlər, bir dəqiqəyə çıxırıq. İnandım. Amma o biri tərəfdən də görürəm ki, adam həm üç nəfəri gözləyir, həm də qışqıra-qışqıra deyir: “Şamaxıya bir nəfər, Şamaxıya bir nəfər...”
Həm gün 14 fevral idi. Təzədən maşından çıxıb sürücüyə dedim ki, qardaş, mən tələsirəm, yarım saat keçdi, nə oldu, sənin adamların yolu keçə bilmədi? Sürücü qayıdasan ki, cavan oğlanlardır, sevgililərinə gül alırlar, bir dəqiqəyə gəlir. Bu dəfə doğrudan, inandım. Həm də sevgililər günün xətrinə bir az da dözmək istədim. Amma sürücü yenə qışqırırdı: “Şamaxıya bir nəfər, Şamaxıya bir nəfər...”
Yarim saat da keçdi, gəlmədilər. Bütün əsəblərin, sinir sistemlərin pozuldu. Maşının qapısını açdım ki, çıxım. Sürücü üzümə baxan kimi bildi ki, artıq bıçaq sümüyə dirənib. Tez gəlib maşını işə saldı. Bir metr irəli sürüb dayandı, telefonunu cibindən çıxarıb qulağına qoydu, guya kimsə zəng elədi: “Hə, qardaş, artıq mən çıxıram”. Bir az dayanır, guya qarşı tərəfdəki nəsə deyir. Bu da burdan qayıdır: “Oldu, 10 dəqiqə də gözləyirəm, gəlməsən, çıxacam”.
Çörək qazanmaq ehtirası, çarəsizlik, əlacsızlıq adicə bir sürücünün içində maraqlı yalanlar uydurmaq istedadı yaratmışdı. İlahi, əlim-ayağım yerdən-göydən üzüldü. İnsan çörək qazanmaq üçün hansı hallara düşər. Təxminən, 50-55 yaşı bir kişi idi. Yəqin, onun da övladları var. Ona görə belə əsir-yesirdir. Bəlkə qızı da var, kürəkəni də var. Bəlkə baba da olub. Bəlkə oğlu idmançıdır. Bəlkə qızı çox gözəldir.
Təsəvvür eləyin, kişi bu sifətlə oğluna elçi gedir. Təsəvvür eləyin, bu sifətdə kişinin qapısına elçi gəlir. Təsəvvür eləyin, bu kişi kiminsə toyuna gedir, orda yeyib-içir, çıxanda da 50 manat pul yazdırır...
***
Təkər oğurlamaq mənim üçün onun işinin yanında çox yüngül faciədir. Tutaq ki, təkər oğurlayan gənc ordan-burdan pul tapıb özünə bir maşın aldı, Şamaxı-Bakı sürüb pul qazandı, işlədi. Çörəyini beləmi qazanacaq? O da özünü bu vəziyyətə qoyacaqmı? Təkər oğurlamaq həmin bu sürücünün çıxardığı hoqqalardan min dəfə yaxşıdır, şərəflidir, ləyaqətlidir. Məncə yəni...