9 Avqust 2019 14:25
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İçimdəki səs”

Görəsən, bu qədər mənasız, xırda-xuruş şeylərə görə niyə bu qədər baş sındırıram, çox düşünürəm? Deyəsən, çox düşünmək təkliyin əlamətidir, yalnız insanlar onları sakitləşdirən şeylərlə uzun-uzun məşğul olurlar. Məsələn, bir şeyə hamıdan çox gülürlər, danışmaq imkanı olanda dil boğaza qoymur – çox danışırlar, bəziləri də mənim kimi dəqiqələrlə bir fincanın içində can verən ağcaqanada baxır.

Ağcaqanad yarısınadək su dolmuş fincanın içinə düşüb gözləyirdi. Bu xırda məxluqatı bura qovub salan zərurətin adı nə idi – qan hərisliyi, ya bu zərurətin yaratdığı tələskənliyin badalaq vurduğu ayaqlarımı? Hər nə idisə, balaca bir ağcaqanad fincanın dibində üzürdü. Daha doğrusu, qanadları suya yapışmışdı, nəmdən ağırlaşmış qanadları cılız bədənini yerdən qaldırmaq gücündə deyildi. İki qanadı arasında yorğun düşmüş bədəni ona ölümü gözləməkdən başqa heç bir vəd vermirdi.

Görəsən, iki qanad arasında yorğun düşmüş cılız cüssəni təlatümə gətirən hansı hiss idi – tədricən canına hopan ölüm qorxusu, ya azadlığının əlindən alınması?.. Bəlkə o ölümün necə gəldiyini duya bilmir, hər qanadlı canlı kimi bu ağcaqanad da öz azadlığına düşkündür.

Bəlkə ikisi birdən – azadlığı əlindən alınmış bir qanadlı canlı üçün bu, ölüm deməkdir. Bəs fincanın dibində ölümünü gözləyən qansovuran bir məxluq bunu bilirmi - ağrı, əzab və işgəncənin nə olduğunu duyurmu? Kim bilir, bəlkə də o, bütün bu şeyləri daha dərindən duyur və buna görə intihar edir.

Şüur! Hə, onun şüuru yoxdur, amma ağrının necə dəhşətli bir şey olduğunu hiss etdirən sinir telləri var. İndi onun boğazı bu sinir tellərindən birinin həlqəsinə keçib onu boğurdu. Dəhşətli hiss olmalıdır – həyatın mənəvi əzablarını bilmədən şüursuzca yaşayan bir canlı üçün ölümü gözləmək və bu ölümlə gələn əbədi sakitliyə təslim olmaq, bəlkə də birdəfəlik xilas olacağını son anadək bilməmək...

Bir neçə dəqiqədən sonra təbiətin bu xoşbəxt şüursuzu üçün geri qayıdış bileti olmayan səyahət başlayır. Tanrı qayğısızlıq dünyasının qapısını onun üçün aralayır, ağcaqanad təslim olur.

Ağcaqanad öldü...

Yaşamağı şüursuzca sevən və yaşamaqdan yorulmayan biri dəfn edilməyə layiqdir. Elə bu eyvandakı dibçəkdə, qurumuş limon ağacının dibində...

Susqun zülmət onu qucaqlayır.

Mənimlə bu mənzildə yaşayan canlılardan biri də öldü. Mən imkan yaratdım ki, o ölsün. Əlbəttə, mən onu xilas etsəydim öz məqsədimə xəyanət edəcəkdim, bütün günü qanımı içmək üçün girəvə axtaran bir məxluqata yaşamaq imkan vermək səmimiyyət olmamalıdır. Belə ölməsəydi, nə vaxtsa öz gəlib əlimin altından keçəcəkdi, xurd-xəşil olacaqdı, amma indi o, ən ləyaqətli şəkildə son mənzilinə yola salınıb, öz missiyasını başa çatdıraraq dərin yuxuya gedib.

Ağcaqanad xilas oldu, bəs mən nə edim? Alatoran bir hava, avqust gecəsinə yaraşmayan bir soyuq, yağışdan sonra islanmış bir şəhər var. Bəlkə aşağı düşüm, bir-bir evlərinə dağılışan adamların arasından küçələrə əkilim, o küçə-bu küçə dolaşım, pəncərələri açıq mənzillərdən gələn yemək qoxuları altında həyat yenidən canlansın.

Hər tərəfi insanlar yaşayan binaların salındığı küçələrdə gəzməyi xoşlayıram. Açıq pəncərələrdən yayılan yemək qoxusu bu mənzillərdə adamların yaşadığını – həyatın davam etdiyini xatırladır mənə. Bu vaxt işə bir az da qayğısızlıq qarışır.

O böyük masa arxasında əyləşmiş adamlar, bütün qayğıları unudub ağzı açılmış ac mədənin doldurulması prosesinin içində olmaq, o rahatlıq, bəlkə də nə yediyini bilmədiyin o gərginlik... Yeməkdən sonra hərəsi bir tərəfə dağılan ailə üzvləri – bir xəlvətə çəkilib telefonunda qurdalanan bir oğlan, eyvana sivişib səhərki görüş üçün sevgilisi ilə vədələşən balaca bir qadın, saatlarla arvadına baxdığı xəbərləri şərh edən uğursuz bir ata, bu xəbərlərin məna yükündən özünü azad edib məhrum olunmuş arzuları yenidən bir-bir nəzərdən keçirən bir ana – bir qadın...

Bunları küçəbəküçə gəzdikcə duymaq, xəyalında canlandırmaq möhtəşəmdir. Özü də yağışdan sonrakı bir şəhərdə...

Gecə düşüb...

Bütün hislər, sevgilər, ehtiraslar, arzular və istəklər ən səmimi, ən saf duyğulara bürünür gecələr. Gecə bir otağa, bəlkə də bir yatağa məhkum olmuş yalqızları özünə qaytarır. Səma öz zülmətini yerə ələyib hər şey gözəgörünməz olanda insan özünü hiss edir, özünü görür, necə yalnız və necə çarəsiz bir canlı olduğunu anlayır. Təkləyir gecə bütün adamları – birini mənzildə, birini avtobus dayanacağında, birini parkda, birini iş yerində, birini metro qatarında, birini də ölümün astanasında...

Deyəsən, yaşamaq mükəmməldir, bir o qədər də axmaqlıq…

Bəlkə bu sakitliyə qovuşmuşkən çıxım bu küçəyə, gəzişə-gəzişə o başdakı skamyada oturub binaların ən ölgün işıqlı mənzilini axtarım. Tapım o mənzili, xəyallarımın arasından süzülüb keçim o mənzilə, oradan baxım bu skamyada oturan adama...

Saatlarla qalxmadan oturum o skamyada, hər şeyi unutduğum vaxt yuxu məni aparsın başqa yerlərə, gecə yağış da yağsın, islatsın məni yuxuda, hər şeydən xəbərsiz sətəlcəmə tutulum – canıma ölüm üşütməsi düşsün, can ağrısı hopsun əzablarımın üstünə.

Hə, gedim, bəlkə yağış yağdırdı ağcaqanadın tanrısı mən skamyada yatanda – xoşbəxt olmaq səylərindən uzaqlara qol açanda. Bəlkə mən də öz qollarım arasında çırpınarkən sakitləşəcəm...

Gedim, göy üzünə bulud sərilib, bəlkə yağış da yağdı...


Müəllif: Mənsur Rəğbətoğlu