Dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi.
Ərdoğanın Azərbaycana səfəri, əslində çoxdan planlaşdırılmışdı, ancaq Türkiyədəki yerəl seçimlər Baş nazirin uçağa əyləşməsinə mane olurdu.
Bildiyiniz kimi, AKP 30 mart seçimlərindən birinci partiya kimi çıxdı, bu qələbənin şəriksiz memarı şəxsən Başbakan özü oldu.
Səsvermə bitər-bitməz isə Rəcəb Tayyib Azərbaycan səfərinə çıxdı.
Səfərdən öncə yayılan rəsmi açıqlamada bildirilirdi ki, ziyarət gücünü dərin tarixi və insani bağlardan alır, iki ölkə xalqlarının çıxarları naminə sürətlə inkişaf edən örnək münasibətlərin daha da irəliləməsi üçün önəm daşıyacaq.
Ərdoğandan öncə Azərbaycana Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdət Özəlin səfər etməsi “irəliləyəcək münasibətlər"in tərkibində hərbi əməkdaşlığın xüsusi yer tutduğunu sezmək çətin deyil.
Sirr deyil ki, Krımın Ukraynadan qoparılmasından sonra Rusiyada bəzi qüvvələr Qarabağ və bütövlükdə Azərbaycanla bağlı çağırışlar edir və bu təşəbbüslər ölkəmizin ehtiyat tədbirləri görməsinə lüzum yaradır.
Digər tərəfdən, fikir verirsinizsə, Ərdoğanın bu ziyarəti Azərbaycan prezidentinin Türkmənistanın dövlət başçısını ölkəmizə dəvət etməsi və Tehrana səfəri ilə bir araya təsadüf edir.
Bu məqamı Azərbaycan prezidentinin bölgədə və türk dünyasında artan siyasi təsirinin açıq ifadəsi kimi qiymətləndirmək olar.
Eyni zamanda, Baş nazir Ərdoğanın Bakıda olduğu bir zamanda Türkiyə prezidenti Abdullah Gülün də Küveytə səfər etdiyi, Küveytin Ortadoğu xəritəsində hansı coğrafi və siyasi mövqe tutduğunu xatırlasaq, dəyişən dəngələrin konturlarını da göz önünə gətirə bilərik.
***
Bu sətirləri yazdığımda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mətbuat konfransı keçirirdi.
Mətbuat konfransının görüntülərini haber3.com.tr saytı canlı yayınlayırdı.
Azərbaycan prezidenti Türkiyə baş nazirini bələdiyyə seçkilərindəki zəfərindən dolayı təbrik etdikdən sonra hərbi əməkdaşlığın gücləndirilməsi barədə məsləhətləşmələr aparıldığını, Dağlıq Qarabağ münaqişəsini xüsusi müzakirə etdiklərini açıqladı.
Türkiyənin baş naziri Dağlıq Qarabağ məsələsində Azərbaycanın maraqlarına tam uyğun addımlar atılacağını bəyan etdi.
Ərdoğan açıqlamasında TANAP layihəsinə diqqət çəkdi və dedi ki, hər seçim sonrası ilk ziarətini Azərbaycana edir.
Azərbaycan prezidenti də TANAP projesinə verdiyi önəmi
vurğulayaraq “Türkiyə və Azərbaycan bu layihənin müəllifidir, lideridir" dedi.
Ümumiyyətlə, prezident ölkəmizin reallaşdırdığı qlobal əhəmiyyətli layihələrdən bəhs edərkən “lider" ifadəsindən güvənlə yararlanması dəfələrlə söz etdiyim “Azərbaycan modeli"nin heç də xəyal olmadığını təsdiq edir.
Nəhayət, mətbuat konfransında hər iki liderin apardıqları danışıqların geniş alanı əhatə etdiyini gizlətməməsi və ilişgilərə zərər verən hər hansı addımı qəbul etməyəcəklərini açıq söyləmələri ikili söhbətin digər müstəvilərdəki nəticələrini də maraqla gözləməyimizə zəmin yaradır.
***
Dünən həm də türk millətçilərinin əfsanəvi lideri Alparslan Türkeşin ölüm günüydü.
Alparslan Türkeş öz xarakteri, davası, ömür yolu ilə araşdırılası və alqışlanası bir liderdir.
Onun qurduğu Milliyətçi Hərəkat Partiyası Türkiyənin siyasi həyatında və türk xalqlarının inteqrasiyasında xüsusi rol oynayır.
MHP-nin təkbaşına iqtidara gəlməsi yaxın, hətta bir qədər də uzaq gələcəkdə mümkünsüz görünsə də, bu təşkilat türk ictimai-siyasi həyatı üçün önəmli kadrlar yetişdirməkdədir.
Elə Türkiyədəki son seçimlərdə də MHP kökənli xeyli namizəd ya qalib gəldi, ya da qalib gəlməyə çox yaxın oldu.
Düşünürəm ki, Əbülfəz Elçibəyin başçılıq etdiyi AXCP-nin sabiq üzvləri, hərəkatçılar də bənzər durumdadırlar.
Qaynar siyasi proseslərin içində bişsələr də, onların çoxu hazırda AXCP-də, müxalifətdə deyil, ya müxtəlif kiçik partiyalarda təmsil olunurlar, ya da bitərəfdirlər.
Ancaq həmin insanların mütləq əksəriyyətinin Azərbaycana, Azərbaycanın dövlətçiliyinə bağlı insanlar olduğuna kimsənin şübhəsi yoxdur.
Odur ki, eynən Türkiyədə olduğu kimi, Azərbaycanda da həmin adamların keçmiş müxalifətçiliyinə deyil, Azərbaycana mümkün xidmət bacarıqlarına baxılsa, zənnimcə, cəmiyyətin dinamikasının düzgün yönəldilməsi baxımından böyük fayda əldə edilər.
Çünki ictimai-siyasi həyatda pozitiv rol oyna bilən fərdlər asanlıqla yetişmir.