8 Mart 2016 19:52
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər dəfə 8 Mart yaxınlaşanda məni nə hədiyyə alacağım maraqlandırmır. Ummuram da, küsmürəm də... Yəqin ki, müəllim də olsaydım, belə olardım. Ən azı ona görə ki, əlim təzə qələm tutandan, hələ təzə-təzə fikirlərim formalaşandan, ətrafı, yeni insanları tanımağa başlayandan ana kimi gördüyümüz, bildiyimiz müəllimlərin bayramqabağı özlərini ac qurd təki aparmaqlarının heç də xoş olmadığını yaxşı bilirəm.

Bayram günü hədiyyə gətirə bilməyən uşaqların üzü də yaxşı yadımdadır, onlara göstərilən üz də... Adətən elə uşaqlar nimdaş geyimli, dağınıq saçlı, arxa partada oturan uşaqlar olurdu. Müəllimlərsə onlar haqqında düşünürdülər ki, guya onların bir pay gətirməyə imkanı yoxdur ki? Sadəcə anasının “ləyağı” çatmayıb. Başa düşmürdüm ki, 6-7 yaşlı uşağın başa düşdüyü “varı-yoxu” bu qədər şagirdə həyatı, elmi öyrədən müəllimlər dərk edə bilmir? Bilmirdilər ki, o uşaqların çoxu ayaqqabısı cırılanda günlərlə dərsə gəlmirlər?!

Bildiyiniz kimi, son illərə qədər 8 Martda, Müəllimlər Günündə sinifdə pul yığılmırdı, vahid qayda yox idi. Hər kəs gücü çatandan sinif rəhbərinə və ya bir neçə müəllimə hədiyyə gətirirdi. Bizim oxuduğumuz vaxtda adətən analarımız bu hədiyyələri qəzet və ya kağız parçasına bükür, üstünə də adımızı yazırdılar. Bizə belə tapşırmışdılar, biz də elə edirdik.

Bayramların birində sinif yoldaşımın gətirdiyi hədiyyəni (qab dəsti idi) müəllimimiz geri qaytarmışdı. Sinif yoldaşım gözüyaşlı evlərinə getmişdi, üstəlik, anasına da onu müəlliminin və yoldaşlarının yanında utandırdığı üçün acığı tutmuşdu. Müəllimimiz də o ananı qınamışdı ki, utanmır, servantından qabı götürüb, mənə göndərir...

Elə anamın sandıqdan çıxardığı süfrəni qəzetə büküb müəllimimizə aparanda dəyişən münasibəti məni də zədələmişdi. Bizdən fərqli olaraq, parta yoldaşımın hər dəfə gətirdiyi pay-pürüş o qızı müəllimin gözündə ucaltmışdı. Onun gətirdiyi hədiyyə qəzet parçasına bükülmürdü. Özü də həmişə bayramlarda anası da onunla birlikdə gəlir, səsli-küylü dil-ağız edirdi. Danışıb-gülürdülər. Az qala bir dərsimiz onların bu xoş əhval-ruhiyyəli söhbətlərinə həsr olunurdu. Amma bu söhbətlər, hədiyyələr öz bəhrəsini verdi. Müəlliməmiz məni sinif nümayəndəliyindən çıxarıb yerimə parta yoldaşımı qoydu. Özü də dedilər ki, sən yenə sinif nümayəndəsi kimi öz işlərini görəcəksən, amma sinif nümayəndəsi o olacaq. Sonra bildim ki, o qızın atası biznesmendi...

Bəlkə də, o müəllimimə də, parta yoldaşıma da, o əhvalata da minnət borcluyam. Çünki hələ həyatın qoynuna atılmamış mənə medalın o biri üzünü də göstərmişdilər, gələcəkdə görəcəklərim üçün zəmin yaratmışdılar.

Biz hələ ki, cəmiyyət olaraq, şagird olaraq, valideyn olaraq o müəllimlərə öyrəşmişik. Elə bilirik, dəyişsək, dəyişsələr, öləcəyik. Ona görə elə bilirik ki, bizi məhz bu suda üzdürüblər.

Bu dünyanın müqəddəs sənətini ancaq çirkli sularda üzməklə gözdən salmaq olar. Özümüzə gələk, suyumuzu dəyişək, suyumuzu...


Müəllif: Sevinc Fədai