15 Aprel 2014 10:42
1 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

<b>CXP-li deputat “Gündəlik Teleqraf”a danışdı</b>

Faiq Tunay: “Kamal Qılıncdaroğlu böyük bir riskə getdi”

Türkiyə Cümhuriyyət Xalq Partiyasından (CXP) olan millət vəkili Faiq Tunay "Gündəlik Teleqraf" qəzetinə müsahibə verib. Teleqraf.com müsahibəni təqdim edir.

- Faiq bəy, Türkiyədə seçkilərdən sonra vəziyyət necədir, xüsusən Sizin cinahda?
- Türk cəmiyyətinin ən çatışmayan cəhəti özünütənqidin olmamasıdır. Biz orta məktəbdən etibarən hər zaman başqalarını tənqid edirik. Hazırda seçkilər başa çatıb və CXP olaraq öz işimizə tənqidlə yanaşmalıyıq. Düşünməliyik ki, bu qədər görüntülərə, səs yazılarına, korrupsiya və rüşvət iddialarına rəğmən niyə AKP səslərin 45 faizini topladı, biz isə 28-29 faiz qazandıq.

- Bunun səbəbini tapmısınızmı?
- Baş nazir çox gözəl təbliğat apardı. Bilirsiniz ki, azərbaycanlılarda və türklərdə dövlət çox önəmlidir. Dövlət məsələsində insanlar daha çox həssas olurlar. Baş nazir 17 dekabrdan sonra dövlətlə bağlı bir məsələni ortaya atdı. Özü, oğlu, nazirlərlə bağlı rüşvət iddiası olduğu halda, dedi ki, ey millət, bu, Rəcəb Tayyib Ərdoğanın məsələsi deyil, bunlar dövləti yıxmaq istəyirlər. Vətəndaş da düşündü ki, həqiqətən də, dövlət içində qruplaşma ola bilər. Onlar “dövlət hər şeydən önəmlidir” deyə düşündü və baş nazirin dediklərinə inandılar. Biz isə müxalifət olaraq vətəndaşı inandıra bilmədik. Müxalifət olaraq dedik ki, korrupsiya, rüşvət, oğurluq var. Amma vətəndaş bütün bunlardan sonra biz gələcəyimiz halda nə edəcəyimizi, necə bir alternativ idarəetmə təqdim edəcəyimizi bilmək istədi. Bunu ortaya qoya bilmədiyiniz zaman və ancaq pisləməklə işlər baş tutmur.

- CXP niyə alternativ variant irəli sürə bilmədi?
- CXP Kamal Qılıncdaroğlu ilə bərabər çox gözəl işlər görməyə başladı. Amma bütün işlər bir anda düzəlmir. CXP 90 illik bir partiyadır və keçmişdə bir sıra səhvləri olub. İndi CXP nə qədər çalışırsa da, keçmişdə bir sıra səhvləri olduğu üçün vətəndaş inanmaqda çətinlik çəkir. Bu da o deməkdir ki, biz daha çox çalışmalıyıq. Bir də önəmli faktorlardan biri iqtisadiyyatdır. 2013-cü ildə vətəndaşlarımızın banklara olan borcu 890 milyard TL-dir. İnsanlar toy etmək, maşın almaq üçün banklara borclu qalıblar. İqtidar bundan da çox yaxşı istifadə etdi və dedi ki, ey millət, biz getdiyimiz halda təkrar koalisiya hökuməti olar və istehlakçı kreditlərinin faizləri yüksələr. İnsanlar da buna inandı. Bu məqamda da biz az iş gördük və insanlara deyə bilmədik ki, bu iqtidar gedərsə, bizim iqtisadi siyasətimizdə lazımi məsələlər yer alıb, heç bir iqtisadi böhran olmayacaq, yaxşı kadrlarımız var. Amma indi qarşıda prezident seçkiləri var və daha çox işləsək, sağçılardan, solçulardadan səs ala biləcək bir namizəd tapa bilsək, AKP-nin namizədini sıradan çıxara bilərik.

- Kamal Qılıncdaroğlunun “Yeni CXP” ideyası qəbul edilmədimi?
- Yeni CXP layihəsi baş tutub. Ancaq bunun üçün zamana ehtiyac var. CXP rəhbərliyinə Qılıncdaroğlu gəldikdən sonra bir çox məsələlər dəyişib. Kaş CXP bu bələdiyyə seçkilərində 33 və ya 35 faiz səs qazanardı. Amma Qılıncdaroğlundan əvvəl AKP deyirdi ki, CXP heç Sivasdan bu yana keçə bilməz, bu partiya dəniz sahilləri partiyasıdır. Bizim varlıların partiyası olduğumuzu, Anadoluda olmadığımızı bildirirdi. İndi Qılıncdaroğluna bunu deyə bilmirlər, çünki o, həqiqətən, əlindən gələni edir və bütün Türkiyəni gəzir.

- Amma CXP yenə də Anadoludan səs almadı...
- Xüsusən, kürd vətəndaşlarımızdan, cənub-şərqdən, Şərqi Anadoludan və Qara dənizdən aşağı səs topladıq. CXP təcili olaraq cənub-şərq və Şərqi Anadolu siyasətini yenidən gözdən keçirməlidir. 1989-cu ildə bu ərazi ilə bağlı CXP bir hesabat yazmışdı və ondan bu yana partiya bura ilə əlaqədar artıq bir iş görmədi. Həmin hesabatda yazılanların bir çoxunu AKP həyata keçirdi. İndi də vətəndaşlar deyir ki, siz CXP olaraq, biz kürdlərə nəyi təqdim edirsiniz? Anadoluda ona görə səslərimiz az oldu ki, buranın insanı mühafizəkardır, dininə və inanclarına bağlıdır. CXP, xüsusilə mənim kimi mərkəzçi sağdan gələnlər yaxşı bir örnək olduq. Amma bu yetərli deyil, daha çox örnək göstərmək lazımdır ki, inanclı insanlar da CXP-də bizim kimilərin olduğunu və sayının artdığını desinlər. Bu səbəbdən daha çox qazanmaq istərdik, amma bu bir anda asan olmur. Partiya öz işinə tənqidlə yanaşarsa, mərkəz sağdan düzgün, heç bir cinayət əməli olmayan təmiz insanları partiyaya cəlb edilərsə və “əvvəllər Ana Vətən Partiyasında doğru siyasət yürüdən insanlar CXP-yə gəlir” deyilərsə, uğur qazanmaq olar. Misal üçün, Hatayda CXP bələdiyyə seçkilərində qalib gəldi. Antakyada AKP-dən bələdiyyə başqanı Lütfü bəy partiyadan istefa verdi. Kamal Qılıncdaroğlu böyük bir riskə getdi və ona CXP-nin qapılarının üzünə açıq olduğunu bildirdi və Lütfü bəy də bizim partiyadan namizəd oldu, yenidən sədr seçildi. Demək ki, haqqında çirkin sözlər danışılmayan, əvvəllər sağçı siyasət aparan insanları cəlb edərsək, onu xalq dəstəkləyər.

- Türkiyədə “paralel dövlət” adlandırılan qruplaşmadan söz edilir. Sizcə belə bir hal var idimi?
- Mən telekanallarda da bunu deyirəm. Əməliyyat nə vaxt oldu, 17 dekabr səhər tezdən. 16 dekabrın axşamı sizin ağzınızdan “paralel dövlət” sözü səslənirdimi? Yox. O zaman onları qoruyurdunuz, olimpiadalarına gedirdiniz. Nazirlər Pensilvaniyada Fəthullah Güləni ziyarət edirdi. Daha sonra öyrəndik ki, baş nazir də ora gedib, hətta Gülənlə bərabər namaz da qılıb. Necə oldu ki, bir gecədə “paralel dövlət” deyə bir məsələ ortaya çıxdı? Demək istəyirəm ki, birini sevərkən, dəyərləndirərkən nə göylərə qaldıraq, nə də tənqid edərkən yerin altına basdıraq. Amma onlar polisləri, hakimləri, jurnalistləri işdən çıxarır və deyirlər ki, bunlar “paralel dövlət”dəndir. Amma onu da deyim ki, dövlətin içərisində bir qrup tərəfindən qeyri-leqal telefon dinləmələri edən, qanundan kənar işlər görən insanlar var. Bunu göz ardı edə bilmərik. Biz də bu insanların adlarının çəkilməsini istəyirik. Amma indiki halda iqtidar ona qarşı olan hər kəsə “paralel dövlət”dən deyib ayrıseçkilik edir. Türk məktəbləri ilə bağlı 2003-cü ildə Abdulla Gül baş nazir olarkən, bütün xaricdəki səfirliklərə məktub yazıb. Orada göstərilir ki, bu məktəblərə dəstək verin. Bu məktub dövlət arxivində var. İndi bu məktəblər niyə pis oldu? Əgər bu məktəblərdə yanlış işlər görənlər və ya casusluq fəaliyyəti göstərənlər varsa, onlar cəzalandırılmalıdır. Biz “paralel dövlət yoxdur” demirik. Deyirik ki, dövlətin daxilində qanundan kənar telefon dinləyənlər, şantaj edənlər var. Amma səni tənqid edənlərin hamısına “paralel dövlət” deyirsənsə, hadisədən 5-6 ay keçməsinə baxmayaraq, o insanları ictimaiyyətə açıqlamırsansa, mən də sənin söylədiklərinə inanmıram.

- Prezident seçkilərində digər partiyalarla birgə ortaq namizədin irəli sürülməsi mümkündürmü?
- Məncə, hər bir partiya öz namizədini irəli sürəcək və doğru yol da budur. Daha ilk turda ortaq bir namizədin olub-olmayacağını bilmirəm. AKP 45 faiz səs topladı, amma 55 faiz səs qaldı. Rəcəb Tayyib Ərdoğanı sevənlər çox sevir, sevməyənlər isə heç sevmir. Bu məsələdə ortaq mövqe tutan yoxdur. Bu baş nazir üçün üstünlük deyil. Biz bu məsələni diqqətdə saxlasaq, Ərdoğan çətinliklə üzləşər. Əgər biz düzgün, sağı, solu əhatə edəcək, mühafizəkar Anadolu insanının inanclarına toxunmayacaq, amma eyni zamanda çağdaş dünyaya açıq olan bir insan tapa bilsək, prezident seçkilərində qalib gələ bilərik. Ona görə də prezident seçkilərində CXP, MHP və digər partiyalar iqtidara qarşı birgə hərəkət etməli və ən doğru namizəd irəli sürülməlidir.

- Daha çox İlker Başbuğun, Umut Boynerin və digərlərinin adları çəkilir.
- Adlarını çəkdiyiniz şəxslər uğur qazanmış insanlardır. Amma prezidentliyə namizəd insan hərbçi olmamalıdır. İkincisi, Anadolu insanına müraciət etməlidir. Umut Boyner çox dəyərli bir xanımdır, iş adamıdır. Amma Umut Boyneri Kayseridə, Trabzonda, İqdırda, Ardahada, Mersində, Sinopda tanıyırlarmı?

- Sizcə, belə bir namizəd kim ola bilər?
- İndiki məqamda, partiya sədrinin ad çəkmədiyi bir halda kiminsə adını deməyim düzgün olmaz. Fikrimcə, hər bir ad dəyərlidir, amma bizim dəstəkləyəcəyimiz namizəd sadəcə İstanbula müraciət etməməlidir. Bütün Anadolunu əhatə etməli və qucaqlamalıdır..

- AKP lazım olan səsi BDP ilə anlaşaraq əldə edə bilərmi?
- Zatən seçkilərdən öncə bu iki partiya müttəfiq olmuşdular. BDP də bu ölkənin bir partiyasıdır və bundan sevinc hissi keçirirəm. BDP ilə ittifaq qurmaq yanlışdır deyə, əsla düşünmürəm. Parlamentdə təmsil olunur və hər partiya ilə ittifaq yaradıla bilər. Fikrimcə, baş nazirin ən böyük strategiyası budur ki, 45 faiz səsim var, kürdləri də yanımıza alsaq, ilk turda rahatlıqla qələbə qazanaram. Amma BDP-lilərin xüsusilə seçkidən sonra verdikləri açıqlamalara görə onların istəkləri var. Onlar bir sıra qadağaların parlamentdə qəbul edilməsini istəyirlər, əgər bu olmayacağı halda “biz Tayyib Ərdoğana dəstək vermərik” deyirlər. Düzdür, Ərdoğan 45 faizi qazandı, amma bir az çətin vəziyyətdədir. Bir yanda BDP-nin tələbləri var və bunları qəbul edərsə, ölkənin Qərbində, Qara dənizdə səs itirə bilər. Hələ ki Ərdoğan nə edəcəyini bilmir. Bu baxımdan prezident seçkiləri maraqlı ola bilər. Yəni, insanlar onun bələdiyyə seçkilərində daha çox yerə sahib olmasını, yaxşı bir lider olduğunu nəzərə ala bilər, amma ölkə gərginlikdən çox sıxıntı çəkir. Son iki ilə diqqət etsək, görərik ki, Ərdoğanın səsləndirdiyi tənqidlər çox sərt şəkildədir.

- Hətta onun eyvandan çıxışı çox sərt idi...
- İnsanlar düşünürlər ki, baş nazir bir az yumşaq şəkildə danışa bilər. 51 faiz səs toplaya bilərik deyirlər, amma buna çox əmin olmasınlar.

- Abdullah Gül yenidən seçimlərə qatılmaq istəyir və Ərdoğan da iştirak etmək niyyətindədir. Ərdoğan baş nazir olarsa, Gülün siyasi fəaliyyəti necə olacaq?
- AKP-nin daxili işləri ilə bağlı şərh verməyim doğru olmaz. Amma deyim ki, Abdullah bəy bu yaşda pensiyaya çıxmaq istəməz. Yəni, prezident olsa da olmasa da aktiv siyasətin içərisində olacaq. Baş nazirin avtoritar yapısı var, hər şeyə “mən qərar verim, mənim dediyim olsun” deyir. Abdullah bəy də bəsit bir adam deyil, o da önəmli bir şəxsiyyətdir. Məncə, Abdullah bəyin qərarı təsirsiz ötüşməyəcək, çünki o, siyasətdə qalmaq istəyəcək. Prezident seçkiləri bir fürsətdir. Unutmayaq ki, 55 faiz onu dəstəkləməyən var. Əgər doğru namizəd tapa bilsək, prezident seçkilərində Ərdoğana şok yaşada bilərik.

- Mustafa Sarıgülün CXP daxilində və xaricində siyasi fəaliyyətini necə qiymətləndirərsiniz?
- Sarıgül İstanbul bələdiyyə seçkilərində səsləri artırdı, CXP-nin səs fazini qaldırdı. Lakin Mustafa bəy qalib ola bilmədi. Buna görə xəyal qırıqlığına uğradı və yaxın gələcəkdə hansı qərarları verəcəyini bilmirəm. Yaşayarıq, görərik!

Taleh ŞAHSUVARLI,
Bəxtiyar MƏMMƏDLİ


Müəllif:

Oxşar xəbərlər