"Brifinq"in qonağı Vəkillər Kollegiyasının üzvü Sima Yaqubovadır. Gənc hüquqşünas xanımla söhbətə son günlərin ən çox müzakirə olunan mövzusu-erkən nikahlarla başladıq. Bərdədə erkən ərə verilən 15 yaşlı qızın intiharı fonunda S.Yaqubova qanunun tətbiqi mexanizmindəki boşluqlardan danışdı. Vəkillərin sosial durumuna toxunan xanım vəkil bu sahəni seçmə səbəbinə də aydınlıq gətirdi.
Nərgiz Ehlamqızı: Son vaxtlar gənc ailələrin boşanma statistikası artıb. Bərdədə 15 yaşlı gəncin intiharı erkən nikahlarla bağlı müzakirələri daha da sərtləşdirib. Hüquqi cəhətdən 15 yaşlı qızın ailə qurması nə qədər doğrudur?
- Hüquq baxımından 15 yaşlı qızın ərə verilməsi qanuna ziddir. Yetkinlik yaşına çatmayan şəxslə könüllü razılıq əsasında olsa belə, cinsi əlaqədə olmaq cinayət məsuliyyəti yaradır. Çox təəssüf edirəm ki, illərdir texniki tərəqqi inkişaf edir, cəmiyyətdə nümunə insanlar var, bundan nəticə çıxarmırlar. Ölkə başçımız və birinci xanım Mehriban Əliyeva əsl Azərbaycan ailə modelini əyani surətdə camaata göstərir. Təsəvvür edə bilmirəm, valideyn yetkinlik yaşına çatmayan uşağını necə ərə verə bilər? Yetkinlik yaşına çatmayan şəxslə necə evlənə bilirlər? Evlənən şəxsin özünün düşüncə tərzinə heyrətlənməyə bilmirsən.
Naibə Qurbanova: Bu hallar hələ də təkrarlanır. Buna görə cəza mexanizmi yoxdurmu? Heç kəs cəza almır deyə bu hadisələr kütləviləşir. Təcrübənizdə olubmu bu məsələyə görə kiməsə cəza kəsilsin?
- Mən bir vaxtlar Nizami rayon məhkəməsində hakim köməkçisi işləyirdim. Lənkəran şəhərindən olan bir şəxsin yetkinlik yaşına çatmayan şəxslə münasibətləri olmuşdu, amma sonra qızla evlənmək istəməmişdi deyə qızın ailəsi hüquq mühafizə orqanlarına şikayət etmişdi. Məhkəmə gedişində onlar evləndilər. Oğlana azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verildi. Amma bütün bunlar bilirsinizmi nə zaman olur? Qızla oğlan arasında əvvəl münasibət olur və sonradan oğlan qızla evlənmək istəmir...
N.Qurbanova: Evliliklə də bu məsələ ört-basdır olunur?
- Bu məsələdə milli-mənəvi dəyərlərə istinad edilir. Deyirlər ki, daima qız erkən yaşında evlənib, valideynlər də buna xeyir-dua veriblər. Bərdədəki 15 yaşlı qızın toyun səhəri günü intihar etməsinə gəldikdə, ola bilsin onun valideynləri könüllü razı olublar, yaxud məcbur ediblər. Amma bu uşaq bir məktəbdə təhsil alıb, qonşuları var, rayon yeri daha kiçikdir, hər kəs bir-birinin tanıyır. 15 yaşlı qızın ərə getməsindən məktəb direktorunun, müəllimlərinin xəbəri olur. Onların vəzifə borcudur ki, etirazlarını müvafiq orqanlara bildirsinlər.
Taleh Şahsuvarlı: Yəqin həmin uşaq heç məktəbə də getmirmiş.
- Çox güman ki, elə olub. Maraqlısı odur ki, xəbər saytları bu hadisə ilə bağlı xəbərin başlığında "15 yaşlı gəlin toyu, səhəri intihar edib" yazmışdılar. Bu başlığı oxuyanda özlüyümdə dedim ki, kaş 15 yaşlı gəlin yox, uşaq yazardılar. Çünki bu qız yetkinlik yaşına çatmayan şəxsdir. Nəinki əyalətlərdə, şəhərin mərkəzində də bu hallar baş verir. Doğum evinə aparılan qızların əksəriyyətinin yaşı 16 olur. Statistikaya baxsaq, belə halların sayı çoxdur. Hüquq mühafizə orqanından gəlib sorğu-sual edirlər, görürlər ki, ailələr arasında narazılıq yoxdur, heç bir tədbir görülmür.
Qurban Yaquboğlu: Bu hallarla bağlı qanunlar, hətta Cinayət Məcəlləsində müvafiq maddə də var, amma bunların praktik əhəmiyyəti yoxdur. Hüquqi baxımdan proseduralar olsa da, tətbiq olunmur. Bəlkə qanunlardan imtina etmək lazımdır ki, insanlar neçə yaşında istəyirlərsə, ailə qursunlar. Bunun hüquq fəlsəfəsi necədir?
- 15 yaşlı uşaq həm özü iradəli şəkildə, həm valideynlər, həm də evlənmək istədiyi şəxs razı olub, arada heç bir narazılıq yoxdursa belə nikah rəsmiləşdirilməlidir. Qanuna görə, yetkinlik yaşına çatdıqda rəsmi nikah bağlana bilər. Amma qanunda bir istisna var ki, valideynlərin razılığı və uşağın yaşayış yeri üzrə himayəçilik və qəyyumluq orqanının rəyi ilə yaş həddi cəmi 1 yaş azaldıla bilər. Qanunu qəbul edən tək hüquqşünaslar deyil ki. Hüquqşünaslar qanun layihəsini hazırlayır, amma buna qədər cəmiyyətin tələbi kompleks şəkildə analiz olunur. Niyə qadınlara 15 yaşında ailə qurmağa icazə verilmir? Çünki bunun tibbi fəsadları var. İnsanın fizioloji baxımdan inkişaf etməsi, bədəninin yetkinləşməsi lazımdır. Ana olmağa hazırlaşan qadınlar fizioloji cəhətdən hazır olmadığından həyatları təhlükə altına düşür. Bundan başqa qadının təhsil almaq perspektivi məhdudlaşır.
"Ərə getməyən 17 yaşlı qıza "evdə qalmış" deyirlər"
Q.Yaquboğlu: Amma kütləvi şəkildə qanuna əməl olunmur.
- Uşaq ailə qurmağa məcbur edilibsə, burada məişət zorakılığı var. Cəmiyyət olaraq təkcə qanunun qəbulu ilə məşğul olmamalıyıq, həm də onun tətbiqi üçün hüquqi maariflənmə aparmalıyıq. Ata və ana düşünməlidir ki, uşağı 15 yaşında ərə vermək nəinki qanunsuzluq, həm də əxlaqi dəyərlərə ziddir. Qonşu Gürcüstanda yaşayan azərbaycanlılar illərdir gürcülər və digər millətlərlə birgə yaşayırlar. Gürcülər qızını 15 yaşında ərə vermir, bu, çox nadir hallarda ola bilər. Amma Gürcüstanda yaşayan azərbaycanlıların hər birinin qızı 15 yaşında ailə qurur. Ərə getməyən 17 yaşlı qıza "evdə qalmış" deyirlər. Cəmiyyəti geriyə çəkən, insanların həyatını məhv edən mental dəyərlərdən əl çəkməyin vaxtı çoxdan çatıb. Gəlin, tariximizə nəzər salaq, Sara xatundan nümunə götürək, diplomat qadınlarımıza baxaq, o dəyərlərə istinad edək. Bunun üçün də çox güclü hüquqi maariflənmə lazımdır. Yetkinlik yaşına çatmayan qız ərə verilirsə, bu, mütləq məişət zorakılığı ilə bağlıdır. Şərt o deyil ki, qızı döyürlər, axı ona psixoloji təsir edirlər.
"Yetkinlik yaşına çatmayan qızın ərə verilməsi məişət zorakılığıdır"
Aqil Lətifov: Bəs, təcrübədə valideynlərin cinayət məsuliyyətinə cəlb olunma halı olubmu?
- Məişət zorakılığı haqqında qanunda valideynlərlə bağlı məsuliyyət nəzərdə tutulur. Valideyn yetkinlik yaşına çatmayan qızını ərə verirsə, bunun özü birbaşa məişət zorakılığıdır. Qanunda hüquqi olaraq onun məcburi tətbiq mexanizmləri dəqiqləşməyib, bu məsələlər açıq qalıb. Tək qanunun bu hissəsi deyil, cəmiyyət olaraq düşüncə tərzimiz bu cür neqativ hallara gətirib çıxarır.
T.Şahsuvarlı: Məktəb direktoru şagirdinin dərsə gəlmədiyini, əvəzində ərə verildiyini görür, polis rəisi bu prosesə mane olmalıdır, amma reaksiyasız qalır. Bəlkə bu vəzifəlilərə də hərəkətsizliklərinə görə cəza verilməlidir?
- Təbii ki, vəzifə səlahiyyətlərini həyata keçirmədiklərinə görə, hər biri ilə bağlı müvafiq məsuliyyət var. Məktəb direktoru uşağın dərsə gəlmədiyini görürsə, hökmən bunun səbəbi ilə maraqlanmalıdır. Bəlkə oğurlanıb, həyatı təhlükə altındadır, yaxud zorla ərə verilir. Uşaq öz həyatı ilə bağlı düzgün seçim etməyə bilər, könüllü şəkildə evliliyə razı olsa da, nəyin doğru olub-olmadığını bilməyə bilər. Bu halda təbii ki, buna mane olunmalıdır. Valideynlər bildirişə və irada etiraz edirsə, himayə və qəyyumluq şöbəsinin ixtiyarı var ki, o uşağı valideynlərdən alsın və öz himayəsində saxlasın. Bu da həmin şəxslərin valideynlik hüququndan məhrum edilməsi ilə nəticələnə bilər.
"Hüquqi maariflənmə lazımi səviyyədə olmayanda qanun mənasını itirir"
Q.Yaquboğlu: Qanunsuzluğa kütləvi etinasızlıq varsa, hüquq necə hərəkət eləməlidir?
- Müvafiq dövlət qurumları - hüquq mühafizə orqanı olaraq polisin, təhsil sektorundan məktəb direktorunun və həmin ərazi üzrə himayə və qəyyumluq şöbəsinin Azərbaycan dövlətinin simasında yetkinlik yaşına çatmayan şəxslərə görə vəzifələri var. Hərəkətsizlik edirlərsə, bu, onların vəzifə səhlənkarlığının nəticəsidir. Bəs, nə etmək lazımdır? İçi özümüz qarışıq qonşuda kimsə 15 yaşlı qızını ərə verirsə, ona uzaqbaşı məsləhət verəcəyik. Heç birimiz gedib polisə şikayət etməyəcəyik. Sonra deyəcəklər ki, paxıllığı tutur, övladımın xoşbəxt olmasına maneə yaradır. Ona görə də cəmiyyət olaraq ucqar kənddən tutmuş şəhərin mərkəzinədək hüquqi maariflənmə aparmalıyıq. İnsanlarda hüquqi maariflənmə lazımi səviyyədə olmayanda qanunun qəbulu da, tətbiqi də öz mənasını itirir.
"6 yaşımdan vəkil olmağı arzulayırdım"
T.Şahsuvarlı: Necə oldu ki, tanınmış vəkil oldunuz, Gürcüstandakı mühitdən danışdınız, necə oldu Bakıya gəldiniz? Gürcüstanda yaşayan azərbaycanlıların ənənəsindən fərqli olaraq erkən ailə qurmadınız?
- 1982-ci il təvəllüdlüyəm. Orta məktəbdə oxuyanda həmyaşıdlarımdan soruşanda ki, nəçi olmaq istəyirsən, deyirdilər, hansı fakültəyə qəbul olunsam, həmin peşə üzrə çalışacağam. Mən 6 yaşımdan vəkil olmağı arzulayırdım. 6 yaşınadək Gürcüstanda yaşamışam, sonra Bakıya köçmüşük. "Sprut-6" film gedirdi, ona baxırdıq, filmdə Silvio obrazı məndə ədalətin təcəssümünü oyatmışdı. Atamdan soruşurdum ki, o, nəçi işləyir? O da vəkil yox, "advokatdır" deyirdi. O vaxtdan içimdə belə bir arzu doğdu. Ailədə iki uşağıq, qardaşım da, mən də Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirmişik. Necə oldu ki, erkən ailə qurmadım? Anam özü erkən nikaha daxil olub. Təhsil almaq arzuları yarıda qalıb, həmişə anam da, atam da deyirdi ki, uşaqları mütləq oxutmaq lazımdır.
"Mənə 14 yaşında elçilər gəlmişdi"
T.Şahsuvarlı: Maraqlıdır ki, Siz erkən nikahdan doğulmusunuz?
- Bəli, özüm erkən nikahdan doğulmuş uşağam. Anam, atam bu şeyləri özləri yaşayıb, erkən nikahın hansı mənfi nəticələri olduğunu bildikləri üçün bizə təhsil vermək üçün çox çaba göstəriblər. Anamın çox böyük əziyyəti olub. Xatırlayıram ki, ilk dəfə elçilər 14 yaşım olanda gəlmişdi. Nənəmlə babam müsbət reaksiya verdilər, anam birdəfəlik mövzunu bağlamağı məsləhət gördü və uşaqların yanında belə söhbətlər etməyə qadağa qoydu. Bundan sonra bizdə hər hansı problem olmadı.
T.Şahsuvarlı: Hazırda harada çalışırsınız?
- Vəkillər Kollegiyasının üzvüyəm, 5 saylı hüquq məsləhətxanasının vəkiliyəm.
A.Lətifov: Vəkil kimi hüququnuzu necə tələb edirsiniz? Lazımi anda öz hüququnuzu qoruya bilirsiniz?
- Şəxsən öz hüququmu qoruya bilirəm. Çətinliklərlə rastlaşsam da, mübarizə aparıb hüququmu bərpa etməyə nail olmağa çalışıram.
N.Qurbanova: Süni maneələr, məmur basqısı ilə üzləşdikdə qalib gələ bilirsiniz?
- Təbii ki. Düzdür, səbir, əsəb xərcləsəm də, sonda nəticəyə nail oluram.
N.Qurbanova: Vəkil olmaq Sizi problemlərdən xilas edə bilir?
- Problemlərdən xilas etmir, amma xilas yolunu açır.
N.Qurbanova: Mən övladımı bağçaya yazdıra bilmirəm. Nazirlər Kabinetinin sərəncamını da aparıram, həmin ərazidə yaşadığımı, övladımın artıq bağçaya getmək üçün yaş həddini də sübut edirəm, amma bağça müdirəsi övladımı bağçaya qəbul etmir. Bu situasiyada Siz olsaydınız, nə edərdiniz?
- Eyni problemlə mənim qohumum rastlaşmışdı. Övladını qeydiyyatda olduğu ərazi üzrə ən yaxın olan uşaq bağçasına götürmürdülər. Bağça müdirəsi aidiyyatı olmayan, subyektiv məsələlər demişdi. Mən gedib söylədim ki, barəsində müvafiq orqanlara şikayət edəcəyik.
N.Qurbanova: Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə zəng edəcəyimi söyləmişəm, müdirə deyir ki, mən icra başçısının bacısıyam. Bəs, onda nə edək?
- Kimin nə deməsindən asılı olmayaraq hökmən şikayətlərinizi müvafiq orqanlara çatdırın. O addan istifadə edən quruma da yazın, bildirin ki, filan bağçadakı müdirə sizin adınızdan sui-istifadə edir, onların tabe olduğu yuxarı quruma da müraciət edin. Biz hüquqşünas olaraq problem olanda hansı quruma müraciət edəcəyimizi bilirik. Amma bəzən elə məsələlər olur ki, onların səs-küyünü çıxarıb cəmiyyətə çatdırmasan, onun həlli mümkün deyil.
"Demaqoq olsaq, problemlərimizi özümüz həll etmiş olarıq"
N.Qurbanova: Yəni bir az demaqoq olmaq lazımdır?
- Mən demaqoq sözünü çox sevirəm. İnanın, demaqoq olsaq, bütün problemlərimizi özümüz həll etmiş olarıq. Biz cəmiyyət olaraq demaqoq olmağa ərinirik. Amma ərinmək lazım deyil. Deyirlər ki, filan qurum bizdən rüşvət istəyir. Niyə rüşvət istəyirlər? Çünki biz o rüşvəti veririk. Cəmiyyət olaraq həmrəylik göstərməliyik, rüşvət verməməyə çalışmalıyıq. Bununla da bu məsələlərin kökü qapanacaq. "ASAN xidmət" çox böyük nailiyyətdir. Bir nəfər deyə bilərmi orada bizdən pul istədilər, yaxud işimizi yubatdılar. "ASAN xidmət" layihəsi kimi bir layihə dünyanın ən demokratik ölkələrində belə yoxdur. Deməli, biz bunu edə bilərik, yetər ki, bunu istəyək, demaqoqluq etməyə ərinməyək.
A.Lətifov: Bəzi hallarda qanunun tətbiqini də istəmirik. Yol hərəkəti qaydaları ilə bağlı bu hallar çox yaşanır.
- Əvvəllər maşında təhlükəsizlik kəmərindən istifadə etmirdim, təbii ki, dövlət yol polisi görəndə saxlayırdı və cərimələyirdi. Bəzən səhhətimlə əlaqədar arqumentlər gətirməyə çalışırdım. Son 1 ildir təhlükəsizlik kəmərindən istifadə edirəm. Bu vərdişə işini bilən, savadlı və mədəni yol polisi əməkdaşının sayəsində yiyələndim. Həmin polis əməkdaşı mənə elə gözəl izah elədi ki, fikirləşdim bu qədər elmi və savadlı kadrın sözünə əməl etməliyəm. Əslində bildiyim şeyləri izah elədi, amma kəmər məsələsi mənim üçün arxa planda olan şey idi, bəlkə də psixoloji məqam idi.
A.Lətifov: Yol polisi hüquqşünas olduğunuza, yoxsa xarici görünüşünüzə görə güzəşt edir?
- Yol polisi mənə heç vaxt güzəşt etməyib. Nə vaxt kəmər taxmamışamsa, hökmən saxlayıb protokol yazıb.
N.Ehlamqızı: Dediniz erkən ailə qurmamısınız. Deyəsən, həyat yoldaşınızla birgə çalışmısınız?
- Həyat yoldaşımla Hüquqşünaslar Konfederasiyasında çalışmışıq, "Azərbaycan Hüquqları Konsorsiumu" layihəsində baş hüquqşünas idim. Layihə 1 il yarım davam etdi. Biz cəmiyyətə ödənişsiz hüquqi yardım verirdi. Telefonla, canlı, məhkəmədə müdafiə və yazılı ərizələrin verilməsi kimi 4 hüquqi xidməti həyata keçirirdik. Yanvar ayında ailə qurmuşuq.
N.Qurbanova: Adətən, zahiri görünüşü gözəl olan şəxslər incəsənətə meyillənir. Həkimləri hüquqşünasları aparıcı qismində görmüşük, seriallara çəkiliblər. Sizdə necə, görünüşünüzə görə təkliflər olub?
- Yox, Hüquq Konsorsiumu layihəsində "Hüquq TV" bölməsi vardı, orada "Vəkil saatı" verilişinin aparıcısı idim. Azərbaycan Dövlət Televiziyasında uşaq redaksiyası vardı, orada müəyyən müddət uşaq verilişlərinin aparıcısı olmuşam.
N.Ehlamqızı: Yaradıcılığa həvəsiniz necədir? Yazı-pozu işi ilə məşğul olursunuz?
- Hüquq sahəsi özü də bir yaradıcılıqdır. Şikayət yaxud iddia ərizəsini, kasasiya, apelyasiya şikayəti barədə ərizə yazmaq asan deyil. Ümumi şablon yazmaq asandır, amma bunun üçün hüquqi yaradıcılıq lazımdır. Dəlillər və dəlillərə istinad etdiyin sübutları, hüquq norması, beynəlxalq konvensiyaları qeyd etməlisən, bütün bunlar həvəs tələb edir.
A.Lətifov: Hobbiniz nədir?
- Poeziyanı çox sevirəm. Şeirləri səsləndirməyi xoşlayıram. Bəzən ofisdə boş olan vaxtlar telefonun diktofonuna şeir yazıram, sonra musiqi sədaları altında qulaq asıram, təbii ki, bunu heç kəsə dinlətmirəm (gülür).
N.Ehlamqızı: Daha çox hansı şairin şeirini oxuyursunuz?
- Zəlimxan Yaqub, Səməd Vurğun, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nüsrət Kəsəmənli, Ramiz Rövşənin şeirlərinə aşiqəm, hər dəfə oxuyanda özümə nələrsə götürürəm.
T.Şahsuvarlı: Saz çala bilirsiniz?
- Yox, saz ifasını dinləməyi xoşlayıram. Amma aşıq oxuyanda saz ifasına qulaq asa bilmirəm. Yanıq Kərəmi mahnısını dinləməyi sevirəm, bir şeyi də qeyd edim ki, bu mahnıya oynamaq olmaz, amma toylarda hər kəs oynayır.
N.Muradova: Həyat yoldaşınıza şeir demisiniz?
- Bəli, xoşuna gəlib, o, bu xüsusiyyətimi kəşf edib. Həftədə beş dəfə üzgüçülüklə məşğulam. Hobbi kimi dağa qalxmağı, stolüstü tennis oynamağı xoşlayıram.
"Sonuncu dəfə Heydər Əliyev zirvəsinə qalxmışam"
T.Şahsuvarlı: Axırıncı dəfə hansı dağa qalxmısınız?
- Axırıncı dəfə Qusarda olanda Xinalığa gedən yolda Qızılqaya massivinə doğru irəlilədik. Amma may ayında Heydər Əliyev zirvəsinə qalxmışam.
N.Muradova: Bəs, kinoteatrlara gedirsiniz?
- Həftədə 2-3 dəfə kinoteatra gedirik. Kinoya baxmağı sevirəm. Filmi oğlum və yoldaşımla birgə izləyirəm.
N.Muradova: Vəkillərin gəlirləri necə olur?
- Biz dövlətdən təminat almırıq. Maaşlarımız müştərilərlə ay ərzində aldığımız qonorarla formalaşır. Qonorarı dövlətə keçiririk, vergilər tutulandan sonra qalan məbləğ əlimizə gəlir. Vəkillər üçün heç bir imtiyaz və güzəştlər nəzərdə tutulmur. Hər ay qonorarın az qala 40 faizindən çoxu vergilərə tutulur.
T.Şahsuvarlı: Qonorarın həcmi nə qədər olur?
- Hər bir işin ədalətli bazar qiyməti var. Adam var ki, boşanma işi üçün 500, eləsi də var 2 min manat alır. Qiymət razılaşması müştəri ilə vəkil arasındadır. Vəkil müştərinin ödəniş qabiliyyətinə baxır. Adam var ona 3 min manat məbləğ desən, ödəyir. Aldığı məbləğ vəkilin halal xoşudur. Ən azı sadə boşanma işini aparmaqdan ötrü vəkil illərini həsr edib. 10 il məktəbdə yaxşı oxuyur ki, hüquq fakültəsinə daxil olsun, 4 il hüquq fakültəsini bitirəndən sonra azı 3 il hüquqşünas stajında işləməlidir ki, vəkil olsun. Toplam 17 il edir. Sadə bir proseduru aparmaqdan ötrü vəkil 17 ilini sərf edib. Buna görə də müştəri ödəyə bilirsə, vəsait halal haqqıdır.
A.Lətifov: Çıxdığınız məhkəmə işlərində uduzduğunuz olub?
- Adətən, icraatımda cinayət işləri az olub. Mülki və iqtisadi işlərlə məşğul oluram. Təbii ki, elə işlər var birinci instansiya uğursuz olub, yuxarı instansiyada uğurlu alınıb. Hansı vəkildə uğursuz iş az olur? Əgər gələn işin hüquqi perspektivi yoxdursa, o işi nə edirsən et, vəkil heç vaxt uda bilməz. Vəkil hüquqi perspektivi olan işi götürürsə, qanunun ona yol verdiyi məqamlar varsa, yüzdə 80 faiz işi uğurlu keçirmək olar. Ola bilsin hüququn tətbiqi ilə bağlı hakim qanunu başqa cür qəbul edir, bunu müzakirə edə bilmərik, bizim yuxarı instansiyaya şikayət vermək hüquqlarımız var.
A.Lətifov: Sizin işiniz həm də siyasətlə əlaqəlidir, siyasi proseslərlə nə dərəcədə maraqlanırsınız? Qarşıdan parlament seçkiləri gəlir, qatılacaqsınızmı?
- Bitərəfəm, siyasətə qatılmağı sevmirəm. Hüquqşünas və vətəndaş kimi siyasi prosesləri izləyirəm. Ölkədə baş verən hadisələrlə bağlı xəbərləri 3 il bundan öncəyə qədər qəzetlərdən oxuyurdum, hər səhər iki iqtidar, iki müxalifət qəzeti alırdım. Onları oxuyub özüm üçün analiz edib ortaq nəticə çıxarırdım. İndisə xəbərləri saytlardan oxuyuram. Seçkilərə qatılmağa gəlincə, qatılmaq fikrim yoxdur. Bəlkə də arzu olaraq istəyərdim, amma hesab edirəm ki, bu yaşda ona hazır deyiləm. İstəyərdim ki, parlamentin tərkibi hüquqşünas, diplomat, jurnalistlərdən ibarət olsun. Qanun layihəsi hazırlananda hüquqşünaslar bilir ki, bu fikir yazılsa, tətbiq olunacaq ya yox, tətbiqi nə dərəcədə düzgündür. Bəlkə də, bəzilərinin xətrinə dəyəcək, əksəriyyəti incəsənətə aid şəxslər qanun layihəsinə səs verəndə avtomatik olaraq düyməni sıxırlar. Parlamentdə ixtisaslı şəxslər təmsil olunsa, daha yaxşı olacaq. Belə olan halda sonra deməyəcəyik ki, qanunların tətbiqi mexanizmində boşluq var.
Nərgiz EHLAMQIZI
Foto: Elçin MURAD