Çin qlobal siyasətdə tez-tez Rusiya və Şimali Koreyanın tərəfini tutur. Amma Şimali Koreyanın minlərlə hərbçisini Ukraynaya göndərmək qərarı Çini çıxılmaz vəziyyətə salır, onun qonşularına təsir imkanlarının sərhədlərini sınaqdan keçirir.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
Pekin ən çox ondan narahatdır ki, koreyalıların müharibədə iştirakı ABŞ, Qərbi Avropa və onların Asiya-Sakit Okean regionundakı müttəfiqləri arasında hərbi tərəfdaşlıqların daha da genişlənməsinə səbəb ola bilər. Bu cür tərəfdaşlıqlar ABŞ-a Tayvan vasitəsilə Çinlə potensial münaqişədə müttəfiqlər tapmağa da şərait yaradır.
Çinli analitik Çju Fenqin sözlərinə görə, Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsi Çin üçün qəbuledilməzdir. Onun fikrincə, bu, Ukraynada savaşın genişlənməsindən xəbər verir, Pekin indi münaqişənin qitələrarası müharibəyə çevriləcəyindən qorxa bilər.
Alman politoloq Erik Ballbax hesab edir ki, Çin baş verənləri qırmızı xətt kimi qiymətləndirə bilər, amma bunun qarşısını almaq imkanları məhduddur.
“Çin açıq şəkildə Pxenyan üzərində təsirini itirdiyi bir reallıqla üzləşib, bu halda iplər Rusiyanın əlinə keçir", - Ballbax deyib.
Son bir ildə Şimali Koreya lideri Kim Çen In Çindən çox Rusiya ilə yaxınlaşaraq bu yöndə kəskin dəyişiklik edib. Kim bu il rusiyalı həmkarı Vladimir Putinə 10-dan çox məktub göndərib, bu da onun Çin lideri Si Cinpinlə yazışmalarından üç dəfə çoxdur.
WSJ-yə görə, Putin və Kim bir-birlərinə Pekinin edə bilmədiklərini təklif edə bilər.
“Rusiya və Şimali Koreya bir-biri üçün xüsusi hazırlanmış İsveçrə bıçağı kimidir”, - amerikalı analitik Con Park söyləyib.
Həmçinin Çin Rusiyanın Ukraynaya müdaxiləsini tənqid etməkdən yayınır, bunu müharibə yox, “böhran” adlandırır. Pekin Şimali Koreya qoşunları haqqında da demək olar ki, heç nə demir.
ABŞ nəşri yazır ki, Pekin iki qonşusu ilə açıq şəkildə ittifaqa getməkdən də çəkinir.