Rusiya ordusu Donetsk vilayətinin Kuraxiv şəhərini ələ keçirə bilər. Bundan sonra rusların məqsədi Ukraynanın müdafiəsini yarıb, Zaporojeyə girməkdir.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Nikolay Melnik deyib.
Onun sözlərinə görə, Rusiya ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasiminə qədər ələ keçirdiyi ərazilərin miqyasını genişləndirmək istəyir:
"Son hücumlar Rusiyanın siyasi gündəliyi ilə bağlıdır. Vaşinqtondakı Rusiya lobbiçiləri hər kəsi inandırırlar ki, Ukraynanın əks-hücumuna investisiya qoymağa dəyməz, bu, real deyil. Ukraynanın məğlubiyyətləri ilə bağlı intensiv xəbər axını vasitəsilə bir informasiya zəmini yaratmaq istəyirlər ki, biz fiziki olaraq bu təzyiqə tab gətirə bilmirik. Buna görə də ruslar yanvarın ortalarına qədər müdafiəmizə mümkün qədər çox təzyiq göstərməyə çalışacaqlar”.
Melnik əlavə edib ki, torpaq artıq yavaş-yavaş donur, bu səbəbdən Donetskdə durum ağırlaşır:
"Bu, ruslara cəbhədə taktiki uğur qazanmağa imkan verir. Heç kim demir ki, nə Kuraxiv, nə də ətrafdakı 10-20 kəndi ələ keçirə biləcəklər. Əlbəttə, alacaqlar, çünki müdafiə sisteminin formalaşmasında müəyyən problemlərimiz var".
Analitikin fikrincə, rus ordusu belə bir strateji uğur əldə edib Ukraynanın müdafiə xəttini yarsa, Zaporojeyə girə biləcək.