“Son yüz əlli ildə ədəbiyyatımızda plagiat olmayan ciddi müəllif yoxdur. Əliağa Vahid kimi dünyadan xəbəri olmayan şairlərimiz xaric. Çünki 500 ildir ki gələcəklə bağlı bütün ideyalar bizə Qərbdən gəlir. Konstitusiyamız belə “plagiatdır”. Bu məsələdə Cəlil Məmmədquluzadəni təkləmək doğru deyil”.
Şair Aqşin Yenisey belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Artıq yazıçı Cəlil Məmmədquluzadəyə qarşı “plagiatçılıq edib” kimi ittihamlar da dilə gətirilir. Sizcə, bu iddianı irəli sürənlər nə qədər haqlıdır və Mirzə Cəlil plagiatçılıq edəcək qədər zəif yazıçı idi?
- Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Qərb intellektualları “post-truth” deyə çağımıza bir ad qoydular və Oksford lüğəti bu ifadəni “ilin kəlməsi” elan etdi. Nə deməkdir “post-truth?” Həqiqətdən sonrakı, gerçəklikdən sonrakı gerçəklik. Siz ağlınıza və ağzınıza gələn bir iddia atırsınız ortaya və çıxıb gedirsiniz, sizin əvəzinizə başqaları dediyinizin yalan, yaxud doğru olduğunu sübut etməyə başlayırlar. Bir növ, sirkdə olduğu kimi, sehrbaz foksu göstərir, amma izah etmir, foksun sehrini açmaq qalır tamaşaçıların öhdəsində. Bu gün bütün dünya “post-truht”çuların əlində avara qalımış vəziyyətdədir.
Azərbaycana gəlincə, həmişə olduğu kimi biz yeni çağın əlamətlərini vəhşi kimi fitri istedad hesabına duyuruq. İstər Mirzə Cəlilə, istər digər klassiklərə, sadəcə, ara qarışdırmaq niyyəti ilə edilən hücumlar bizdə də “post-truth” çağının başladığını göstərir. Post-modernizmdən sonrakı dövr “post-truht”çularındır. Ədəbiyyatımızdakı bu cür məhlə fətvalarının asıb-kəsməsini gizli bir tükənmişliyin göstəricisi də hesab etmək olar.
Cəlilin özü indi plagiat adı qoyulan “Danabaş kəndinin əhvalatları” əsərini sağlığında çap etməyib, heç yerdə də vəsiyyət yazmayıb ki, belə bir sandıq ədəbiyyatım var, məndən sonra çap edərsiniz. Qaşınmayan yerdən çıxan qanın səbəbkarı Mirzə Cəlil deyil, özümüzük.
İkincisi, plagiata qalsa, XVII-XVIII əsrdən sonra bütün islam dünyasında orijinal heç nə yazılmayıb. İslama aid mətnlər xaric, nə yazılıbsa, hamısı Qərbdən “köçürmələrdir”. İstənilən rəsmi, romanı, pyesi, musiqi əsərini bir balaca divara dirəsəniz, özü öz müəllifini satacaq, əsl müəllifinin gizləndiyi yeri deyəcək. Bu mənada son yüz əlli ildə ədəbiyyatımızda plagiat olmayan ciddi müəllif yoxdur. Əliağa Vahid kimi dünyadan xəbəri olmayan şairlərimiz xaric. Çünki 500 ildir ki gələcəklə bağlı bütün ideyalar bizə Qərbdən gəlir. Konstitusiyamız belə “plagiatdır”. Bu məsələdə Cəlil Məmmədquluzadəni təkləmək doğru deyil.
- Əsərlərində xürafat və cəhalətin Arazın o tayından – İrandan gəldiyini iddia edən Mirzə Cəlilin Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra üz tutduğu yer də Arazın o tayı oldu. Bəs bu ziddiyyətin kökündə nə dayanırdı?
- Həmidə xanım öz memuarında Cəlilin Təbrizə necə könülsüz getməsini, orada necə guşənişin həyat keçirməsini, hətta adamlarla əl verib görüşməsin deyə otağının qapısına kağız yazıb yapışdırmasını da qeyd edir. Bu memuardan açıq-aydın hiss olunur ki, Mirzə Cəlil ailəsinin xətrinə Arazın o tayına getməli olub. Xurafata gəlincə, Səfəvilər də, Osmanlılar da imperativ gücünü xurafatdan alan dövlətlər idi, xurafatın da qurbanı oldular. İstər Şah İsmayılı, istər Şah Abbası Osmanlı türkləri ilə müharibələrə təhrik edənlər Hindistandakı ingilis, holland ticarət şirkətləri idi.
Ticari məqsədlərlə yanaşı, siyasi məqsəd də vardı: Vyana qapılarına dirənmiş Osmanlını Şərqə doğru geri qaytarmaq.
1773-cü ildə Yekaterina fransız maarifçisi Didro ilə Peterburqda şərab içib onun 35 cildlik ensklopediyasından danışanda sultan III Mustafa sülh danışıqlarında rusların “ağzını bağlamaq” üçün Avropaya cadu yazdırıb göndərirdi. Qacar hökmdarı Fətəli şah isə hərəmxanasında 800 arvadın əlində əsir-yesir qalmışdı. Mirzə Cəlil doğulanda bu elit xurafat artıq metastaz verib bütün coğrafiyaya yayılmışdı. Ona görə də o, “Molla Nəsrəddin” jurnalında o vaxt Məmaliki-məhruseyi-Qacar adlanan dövlətlə yanaşı, (indiki Azərbaycan və İran) Osmanlı dövlətindəki cəhaləti də məsxərəyə qoyurdu.
Buna görə də Sultan Əbdülhəmid 1907-ci ildə çar II Nikolaya məktub yazıb onun hərəmxanasını lağa qoyan “Molla Nəsrdəddin” jurnalını bağlatdırmışdı. Bu gün Mirzə Cəlilin avam Novruzəlini aşağıladığını söyləyən “post-truht”çulara demək istəyirəm ki, Mirzə sizin düşündüyünüz qədər cılız hədəflərin peşində deyildi. Novruzəli Mirzə Cəlilin dağıtmaq istədiyi bu elitar xurafat kultunun yalnız bir “peşkası” ola bilərdi.
- Mənsub olduğu milləti təhqir etdiyi iddia edilən Mirzə Cəlilin əsas istəyi həqiqətən xalqını maariflənmiş görmək idi?
- “Milləti aşağılamaq” məsələsinə ilk dəfə 7-8 il bundan qabaq “Mirzə Cəlillə ayrılıq məqamı” yazısında rəhmətlik Rafiq Tağı toxunmuşdu. Rafiq bəyin bu yazıda ən yumşaq cümləsi budur: “Mirzə Cəlil öz ateist savadıyla bəlkə də nurlu bir mollanın yanında avam görünərdi”. Bəlkə də, bu yazını Rafiq Tağının qatili oxusaydı, necə bir müsəlmansevəri öldürəcəyini düşünüb fikrindən daşınardı. Rafiq Tağını bu yazısında Mirzə Cəlildən üstün tutduğu “nurlu” mollarlar öldürdü.
Gəlin, “milləti aşağılamaq” məsələsini bu palatka toyu davasından çıxarıb böyük ədəbiyyat meydanında müzakirə edək. Servantesin “Lamançlı Don Kixot və nökəri Sanço Panso” əsərində məsxərəyə qoyduğu cəngavər kultuna kimlər aid idi? Avropanın xaç yürüşlərinin cəngavərləri. O cəngavərlər ki, bütün Avropa onlarla qürur duyurdu, adlarına ordenlər təsis etmişdi, qəhrəmanlıqları haqda yüzlərlə kitab yazılmışdı. Bu cəngavərlər Avropa tarixinin böyük bir hissəsini öz qəhrəmanlıqları ilə indi də zəbt etmiş qitənin ən elitar şahzadələri, hersoqları idilər. Servantes neynədi? Başdanxarab Don Kixot obrazı ilə bütün Avropa tarixini aşağıladı, məsxərəyə qoydu. Bütün əsər boyunca nökəri özündən daha ağıllı olan bir cəngavər obrazı ilə adam bütün Avropanın inancına, tarixinə “vedrə bağladı”, biz burada balaca bir Danabaş kəndini Mirzə Cəlilə bağışlaya bilmirik.
- Niyə?
- Çünki Qafqaz cırtqozuyuq, Bakı qoçusuyuq, nə bilim Gəncə qumarbazıyıq, Qarabağın pambıq bəyiyik. Ya Dostoyevskinin qəhrəmanları kimlərdir? Cinayətkar, psixopat, əyyaş ruslar. Bir rus yazıcısı oxudunuzmu yazsın ki, ala, Fyodr, bu nədi, Lomonosovu qoyub rusları dünyaya qoca qarını öldürən Raskolnikov kimi təqdim edirsən? Alman yazıcısı Henrix Böllün hekayələrində bircə nəfər ağıllı alman obrazı yoxdu. Bu cür “milləti aşağılayan” yüzlərlə ədəbi nümunə gətirmək olar, sadəcə, adamın vaxtına heyfi gəlir.
- Yəni, Mirzə Cəlilin qaldırdığı problemlər öz həllini tapmamış kimi görünür...
- Sənət heç vaxt nəticə ilə bağlı olmur, o, həmişə səbəblə bağlıdır. Ədəbiyyatı ancaq totalitar sistemlər məcbur edir ki, problem həll etsin. Məsələn, Səməd Vurğuna tapşırır ki, ekskovatorçu Sarvandan bir şeir guppuldat, qoy gədə torpağı yaxşı qazsın. Mirzə Cəlilin qaldırdığı məsələlər Azərbaycan xalqının problemləri deyildi, bu xalqın yüz illər ərzində formalaşmış xarakteri idi, milli psixologiyası idi. Hətta bu gün də xalq özünün “post-truht”çu aydınları vasitəsilə Mirzə Cəlilə müqavimət göstərir.
Bir xalqın milli şüurunun dəyişməsi də formalaşması kimi yüz illər ərzində baş verir. “Xalqı aşağılayıb, bizi alçaldıb” kimi ittihamlar sənətə dini-irqi yanaşmadır, millətçi-burjua baxışıdır. Vaxtilə Hollandiyada yəhudi icması muzdlu qatil tutub Tövratı tənqid edən Spinozanı öldürtdürmək istədi. Yaralanmaqla canını qurtaran filosof bir ingilisin çardağına sığındı, amma fikrindən dönmədi. Bu gün yenə də yəhudi icması öz fikrində, Spinoza da öz fikrində qalır.
Bəlkə Mirzə Cəlillə də Azərbaycan xalqı arasında belə bir gizli centlmen sazişi olacaq. Mirzə Cəlil əbədiyyətə qədər öz bildiyini deyəcək, xalq da öz bildiyini eləyəcək.
- İstər Mirzə Cəlil olsun, istərsə də digər klassiklərin tez-tez kəskin tənqidlərə məruz qalmasının səbəbi nədir?
- Bayaq dediyim kimi, biz artıq gerçəklikdən sonrakı gerçəklik çağında yaşayırıq. Dünyamız sirk meydanıdır. Klassiklər də bizimlə bərabər bu çağa qədəm qoyur. “Post-truht” çağında səslənən əks fikirlər tənqid deyil, sadəcə, otraya atılmış və isbatı başqalarının öhdəsinə düşən iddialardır. Əgər bizimlə yeni çağda yaşamaq istəyirlərsə, klassiklər də belə yalan-yanlış iddialara “öyrəşməlidirlər”. Tənqid ictimai əhəmiyyəti olan bir təftiş prosesidir.
Məsələn, radikal müsəlmanlar Fransada peyğımbərin karikaturasını çəkən “Charlie Hebdo” jurnalına terror hücumu təşkil edəndə Papa dedi ki, mənim anamı söysələr, mən də söyəni şillələyərəm. O vaxt Milan Kundera müsahibələrinin birində papanı tənqid etdi ki, siz sözə fiziki güclə cavab verməyi təklif edirsiniz, bu, Avropa qanunlarına zidd bir hərəkətdir. Tənqid budur. “Mirzə Cəlil qara camaatı aşağılayıb” – bu, tənqid deyil, bu, yeni çağın ortaya atdığı bir iddiadır, fırıldaq, yaxud həqiqət olmağının da iddia sahibindən başqa heç kimə xeyri yoxdur. Bu, Mirzə Cəlilin gerçəklikdən sonrakı gerçəkliyidir.