21 Yanvar 2021 09:05
3 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un müsahibi Türkiyədə yaşayan siyasi elmlər üzrə fəlsəfə doktoru Orxan Vəlidir.

Əvvəli burada:

- Dövrü şəxsiyyətlərin yaradıcılıqları üzərindən dəyərləndirsək, bu mərhələdə kimlər daha ön planda görünür? Cümhuriyyətin elanı ilə kimlər məğlub oldu, kimlər qazandı? Belə bir bölgü etsək, doğru olarmı?

- İstifadə etdiyim nəzəriyyə əsasında Azərbaycan milli hərəkatını üç mərhələyə böldüm. Hər mərhələnin daha aydın açıqlanması üçün ümumi dəyərləndirmə yerinə yazdıqları əsərlərlə həlledici rol oynayan aydınları seçdim. Bu mənada milli hərakatın A mərhələsində Mirzə Fətəli Axundzadənin qabağa çıxdığını söyləmək mümkündür. Axundzadə həm ana dildə komediyalar qələmə alıb, həm də Azərbaycan aydınları üzərində təsiri olan “Məktublar” əsərini yazıb. Dil haqqında islahat layihəsi hazırlayıb, Tehran və İstanbulda dəstək axtarıb. Bu səbəblə Axundzadənin dövrünün digər aydınları ilə müqayisədə önə çıxdığını gördüm.

Milli hərəkatın B mərhələsi üçün mütaliə edərkən Əli bəy Hüseynzadədən başqasını seçməyin haqsızlıq olacağına qərar verdim. Belə ki, “Türklər kimdir, kimlərdən ibarətdir” (1905) məqaləsi milli hərəkat konteksində kimlik (türkçülük) ehtiyacını sistemli şəkildə dilə gətirən ilk əsərdir. Bununla bərabər Hüseynzadənin yaratdığı ədəbi mühit, rəhbərlik etdiyi mətbu orqanlar modern vətən anlayışının formalaşmağına xidmət edib. Bunun üçün Hadinin “Füyuzat”dakı şeirlərinə baxmaq kifayətdir. Milli hərəkatın son mərhələsində isə Məhəmmədəmin Rəsulzadənin mətnləri diqqət çəkir. Xüsusən “Milli Dirilik” (1914) başlıqlı məqalələr seriyası Azərbaycan millətçiliyinin ilk mətni hesab edilə bilər. Xülasə sadaladığım aydınların seçildiyini, həlledici olduğunu ifadə edə bilərəm. Cümhuriyyətin elanı ilə bəyannamədə də ifadə edildiyi kimi xalq qazanmalı idi. Ancaq beynəlxalq konyuktura gənc cümhuriyyətə bu imkanı vermədi. Bununla belə bütöv bir dəyərləndirmə apardığımız zaman yenə qazananın Azərbaycan xalqı olduğunu ifadə etmək mümkündür. Vətəndaşı olduğumuz Azərbaycan Respublikası özünü birinci cümhuriyyətin varisi hesab edir. Deməli, Azərbaycan xalqı uzun perspektivdə qazanan olub.

- Məhəmmədəmin Rəsulzadənin bu dövrdəki görüşləri müxtəlif mərhələlərdən keçib. Fikrinizcə, Rəsulzadənin hümmətçilikdən ayrılmasındakı qırılma nöqtəsi harada oldu?

- - Məhəmmədəmin Rəsulzadə bəhsinə toxunmadan əvvəl icazənizlə 1903-1920-ci illər arasında qələmə aldığı məqalələrini kitab halında nəşr edən məzunu olduğum Bakı Dövlət Universitetinin mərhum professoru Şirməmməd Hüseynovu rəhmətlə yad edim. Şübhəsiz, məqalələr bugünkü oxucunun daha asan oxuya bilməsi üçün təkrar redaktə edilməlidir. Ancaq yüzlərlə məqaləni kitab halına gətirə bilmək müstəsna bir xidmətdir. Ruhu şad olsun. Qayıdaq sualınıza. Türkiyənin gəncliyində kommunizmə meyl etmiş şairi İsmət Özəl müsahibələrinin birində “mən kommunist ikən hədəfim nə idi isə bu gün də hədəfim odur” cavabını verir. Bu mənada Axundzadədən fərqli olaraq dövlət təcrübəsi olmayan, hətta ali təhsilini belə tamamlaya bilməyən Rəsulzadənin aktiv siyasətlə məşğul olmağa başlayandan eyni hədəfdə olduğunu ifadə etmək mümkündür. Yəni onun üçün “Azərbaycan davası” əsas məsələ idi.

Müstəmləkə altında olan “kiçik millət”in mənsubu olduğundan asılı olaraq ideoloji axtarışda olub. Çox erkən yaşlardan etibarən aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olmağa başlayıb. Rəsulzadənin həm İran, həm də Türkiyə təcrübəsi olub. Bir çox tədqiqatçı Əfqaninin təsirindən bəhs edib. Ancaq Balkan müharibəsi və Birini Dünya müharibəsinin Rəsulzadənin düşüncəsinin formalaşmasında əhəmiyyətli təsiri olub. Bununla bərabər Rəsulzadənin İstanbulda olduğu dövr eyni zamanda türkçülüyün/millətçiliyin də özünü göstərdiyi dövr idi. Türk Ocağı, “Türk yurdu” jurnalı həmin dövrdə təsis edilmişdi. Bununla bərabər Rəsulzadə siyasi/milli görüşünü Azərbaycan konteksində formalaşdırdı. Xülasə Balkan müharibəsi Rəsulzadəyə dövrün millətlər dövrü olduğunu göstərdi. O səbəblə milli diriliyin tərəfdarı oldu.

- Azərbaycan Cümhuriyyətinin elanını Axundzadədən başlayan maarifçilik, millətçilik hərəkatının yekunu kimi dəyərləndirmək mümkündür. Sizin elmi qənaətinizə görə, Cümhuriyyət tamamlanmamış milli-dövlətdir. Bu hipotezinizi necə əsaslandırmısınız?

- İfadə etdiyiniz kimi Cümhuriyyət Axundzadənin maarifçi xidmətləri ilə başlayan uzun milli hərəkatın nəticəsində hasil olub. Cümhuriyyətin tamamlanmamış bir milli-dövlət olaraq ifadə etməyin iddialı bir addım olacağının fərqində idim. Ancaq tədqiqatımın sonunda əldə etdiyim nəticəni olduğu kimi yazmaqdan başqa çarəm yox idi. Məlum olduğu kimi modern dövlət hüquqla bərabər zikr edilməkdədir. Yəni milli-dövlətlər varlıqlarını hüquqi sənəd olan konstitusiyaya əsaslandırmaqdadır. Konsititusiya modern dövlətlər üçün ictimai müqavilə mətni vəzifəsini icra edir. Cümhuriyyət Tiflisdə 6 maddəlik İstiqlal Bəyannaməsiylə elan edildi. Bəyannamə qəbul edilməyi planlanan konstitusiya üçün baza mətni olaraq qəbul edilə bilər.

Belə ki, bəyannamə yeni bir dövlətin yaradılmağı haqqında qurucularının - aralarında liberallar, millətçilər, islamçılar var idi - ortaq iradəsini bəyan edən hüquqi bir mətn idi. Ancaq milli-dövlətin, millətin, milli kimliyin inşasının tamamlanmağı isə dövlət yarandıqdan sonra mümkün olacaq bir hadisə idi. Çünki dövlətin, millətin, dilin və s. adını müəyyənləşməyi üçün yeni bir ictimai müqavilə (konstitusiya) imzalanmalı idi. Misal üçün modern dövrdə konstitusion (hüquqi) olaraq milli kimliyini türklük əsasında inşa edən ilk və tək dövlət Türkiyə Respublikasıdır. Cümhuriyyət isə xalqının milli kimliyini müəyyən edəcək ictimai müqaviləni tamamlaya bilmədi. Bu günə qədərki tədqiqatlar adətən tarixçilər tərəfindən aparılıb, çox qiymətli əsərlər ortaya çıxıb. Tədqiqatım müddətində həmin əsərlərlə tanış oldum, oxudum, bəhrələndim. Tarixi tədqiqat bu xüsusa toxunmaya bilər. Cümhuriyyəti siyasi elm konteksində təhlil edəndə tamamlanmadan yarımçıq qaldığını görmək mümkündür. Müqayisə üçün deyim ki, Azərbaycan milləti, milli kimliyinin formalaşmağı üçün müstəqillikdən sonra qəbul edilən konstitusiya mühüm bir addım olmaqla bərabər İkinci Qarabağ müharibəsində əldə edilən zəfər isə bu prosesi daha yetkinləşdirmək üçün müstəsna bir fürsətdir. Xülasə birinci Azərbaycan Cümhuriyyəti modern Azərbaycanın siyasi tarixinin başlanğıc mərhələsidir. Bu səbəblə də təqdirəlayiq bir tarixdir. Bununla bərabər tamamlanmamış bir mərhələdir. Milli hərəkatın xülasəsini təqdim etdiyim bu cədvəldə görə bilərik.


Müəllif: Dilqəm Əhməd