“Ermənistan hakimiyyətinin 44 günlük müharibədə baş verənləri öyrənmək üçün təhqiqat komissiyası yaratmağa niyə indi qərar verdiyini söyləməkdə çətinlik çəkirəm. Bu sualı konkret olaraq hakimiyyət orqanlarına ünvanlamaq və soruşmaq lazımdır ki, indiyədək onlara belə bir komissiya yaratmağa nə mane olub? Ola bilsin, məsələn, bəzi izləri gizlətmək bu qədər uzun çəkib”.
Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib.
“İkincisi, nə qədər ki, müharibədəki məğlubiyyətimizin əsas günahkarı (Nikol Paşinyan) hakimiyyətin başında qalır, obyektiv araşdırmanın mümkün olacağına inanmıram. Yəni, aprel döyüşlərini araşdıran istintaq komissiyası kimi, bu komissiya da sadəcə olaraq siyasi sifariş yerinə yetirəcək. Bu, vaxtaşırı bəzi sensasion bəyanatlar yaymaq və ya başqalarını günahlandırmaq və “günah keçisi” axtarmaq üçün alətdir”, – Vrtanesyan bildirib.
Hərbi ekspert onu da xatırladıb ki, aprel döyüşlərini araşdırmaq üçün qurulan istintaq komissiyası öz hesabatını indiyədək dərc etməyib:
“Onlar gördülər ki, istədikləri nəticəni ala bilmirlər, buna görə bunu yayımlamadılar. Çünki bu nəticələr onların xeyrinə deyil. Bu komissiyada çox sayda insan dindirilib, külli miqdarda məxfi məlumatlar əldə edilib. Bəs proses necə bitdi? Heç nə ilə. Rəsmi olaraq heç nə açıqlanmadı”.