8 Oktyabr 12:02
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın nə Qərbə inteqrasiya ilə bağlı, nə də Rusiya asılılığından qurtulmaq üçün ciddi planları var.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan deyib.

“Qərblə münasibətlər formal bəyanatlardan o yana keçmir. Rusiya da, Qərb də anlayır ki, bu yöndə konkret addımlar nəzərdə tutulmur. İrəvan KTMT-dən danışır, amma buradan da çıxmır. Ruslar açıq deyirlər ki, Ermənistan KTMT-dən çıxsa, Avrasiya İqtisadi Birliyindən də çıxacaq. Bu isə o deməkdir ki, bir neçə saata ölkəmizin iqtisadiyyatı dayanacaq. Qərbə inteqrasiyadan danışırlar, amma bundan artığını edə bilməzlər. Hamı bilir ki, bu, heç bir real addımları ehtiva etməyən bir şeydir”, - ekspert qeyd edib.

Akopyana görə, nə Qərb, nə də Rusiya Ermənistanı ciddiyə alır:

“Hamı anlayır ki, ortada ciddi plan yoxdur. Qərb pul vermir, Rusiya da çox şeyə fikir vermir. Nikol Paşinyanın özü də başa düşür ki, Qərbin onunla bağlı nə uzunmüddətli planları var, nə də bunu inkişaf etdirmək istəyir, Rusiya da çoxdan Paşinyandan qurtulmaq üçün əlverişli fürsət və resurs gözləyir”.

Politoloqun iddiasına görə, İran-İsrail gərginliyi Cənubi Qafqaza sıçrasa, bundan ən çox əziyyət çəkən Ermənistan olacaq:

“Bu gün bütün dünya sanki elan olunmamış müharibə içindədir. Bizim region da İranın hərbi toqquşmalarda tərəf kimi iştirak etdiyi hər an partlaya biləcək barıt çəlləyinin üstündə oturub. İranın iştirakı ilə regionda böyük müharibə olarsa, Ermənistan sözün əsl mənasında “qapısız ev”ə dönəcək, istəyən gəlib girəcək. Bütün Ermənistan münaqişəli və maraqlı tərəflər üçün nəzarətsiz dəhlizə çevriləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər