11 İyul 2014 12:13

“Həmsədrlər Dağlıq Qarabağ münaqişəsində sülh üçün birgə işləməkdə ortaq fikirdədirlər”

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsində sülhü dəstəkləmək məqsədilə birgə işləmək üçün ortaq fikirdədirlər”.

Teleqraf.com-un məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “Tvitter” səhifəsində yazıb.

C.Uorlik qeyd edib ki, münaqişənin həllində irəliləyiş əldə etmək mümkündür.

Amerikalı həmsədr bildirib ki, hazırda Varşavadadır. Bundan öncə həmsədr bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsində sülh istiqamətində növbəti addımları müzakirə etmək məqsədilə ATƏT-in həmsədrləri ilə görüşmək üçün Vaşinqtonu tərk edir.

Qeyd edək ki, amerikalı həmsədrin bu “tvit”i xarici işlər naziri Araz Əzimovun iyulun 9-da jurnalistlərə verdiyi açıqlamaya cavab sayıla bilər. A.Əzimov açıqlamasında “mənə bəlli olan səbəblərə əsasən deyirəm ki, son bir neçə ildə Minsk Qrupunun həmsədrləri prosesi öz əllərində cəmləşdiriblər və qrupunun fəaliyyətinin tam tərkibdə həyata keçirilməsinə əngəl törədirlər”, demişdi.

Nazir müavini Azərbaycanın bir neçə dəfə bu hala şahid olduğunu vurğulamışdı:

“Məsələn, 2012-ci ildə Minsk prosesinin 20 ili tamam olanda mən həm tərəfdaş dövlətlərə, həm də digər dövlətlərə müraciət etmişəm. Təklif etmişdim ki, 20 illik yubileyi qeyd etmək üçün Minsk Qrupunun yüksək səviyyəli konfransını keçirək. Bu təşəbbüs rəhbərliyimiz tərəfindən dəstəkləndi. Lakin sonra gördük ki, həmsədrlər buna yol vermək niyyətində deyillər. Yəqin ki, onlara öz işlərini üçlük arasında, təzyiq altında olmadan, beynəlxalq ictimaiyyətin diqqətini yayındıraraq aparmaq daha rahatdır. Lakin Minsk Qrupunun digər ölkələri – Türkiyə, İtaliya İsveçrə, Almaniya və başqa dövlətlər prosesə maraq göstərir və maraqlarını beynəlxalq hüquq və norma prinsipləri əsasında qururlar. Mövqeləri bu prinsiplərə əsaslanır. Heç də pis olmazdı ki, Ermənistan bir daha hiss etsin və anlasın ki, onun mövqeyi beynəlxalq birliyin mövqeyinə heç də uyğun gəlmir”.

Səxavət


Müəllif:
Загрузка...