Bu gün səhər saat 7 radələrində İsmayıllı şəhərinin kərpiczavod adlanan ərazisindəki sahibkar Ramal Səfərova məxsus taxta emalı sexində və sexə bitişik heyvandarlıq fermasında baş verən yanğın söndürülüb.
Rayon fövqəladə hallar komissiyasından Teleqraf.com-a bildirilib ki, 22 kub taxtanın olduğu sexin və 30 ton otun qapalı yerlərdə olması yanğınsöndürənlərin işini son dərəcə çətinləşdirib. FHN İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin 30 nəfər şəxsi heyəti 3 yanğınsöndürən maşının köməyi ilə yanğının söndürülməsinə xeyli vaxt sərf edib. Nəhayət, axşamüstü saat 17 radələrində yanğın tam söndürülüb.
Hazırda hadisənin səbəbləri araşdırılır, habelə dəymiş zərər müəyyənləşdirilir.