Mingəçevirdə üç “VAZ 2106” markalı avtomobilin naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırıldığı barədə polis şöbəsinə məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Polis əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də bir neçə dəfə məhkum olunmuş, Mingəçevir şəhər sakini Ceyhun Nəsirov tutularaq istintaqa təqdim edilib.
Araşdırma zamanı onun daha bir eyni markalı avtomobili isə Yevlax rayonu ərazisindən qaçırdığı müəyyən olunub.
Belə ki, C.Nəsirov Mingəçevir şəhərindən oğurladığı avtomobil ilə Yevlax rayonu Xaldan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yararsız hala salıb.
Mingəçevirə qayıtmaq üçün isə növbəti cinayət əməlini reallaşdıraraq orada olan başqa bir “VAZ 2106” markalı avtomobili qaçırıb.
Saxlanılan şəxs ifadəsində hadisəni sərxoş vəziyyətdə törətdiyini və əməlindən peşman olduğunu bildirib.
Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində cinayət işi başlanılıb.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.