Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfər etməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin nə qədər yüksək olduğunu bir daha göstərir. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, Azərbaycan ilə Türkiyə həm ağır, həm də xoş gündə bir-birinin yanındadır: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər etməli idi. Bir dəfə Ankarada terror aktı törədildi və bu səfər təxirə salındı. İkinci dəfə yenə terror aktı törədildi. Əlbəttə ki, qardaş ölkədə baş verən bu terror aktına hamımız üzülürük, həyatını itirənlərin yaxınlarına başsağlığı veririk və səbr diləyirik. Belə bir vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyev yüksək siyasi iradə nümayiş etdirərək təşəbbüs qaldırdı və Türkiyəyə səfər etdi, çox yüksək səviyyədə görüş keçirdi və bütün dünyaya bəyan etdi ki, Azərbaycan hər yerdə sülhün, demokratiyanın, tərəqqinin və bəşəri dəyərlərin tərəfindədir”.
Millət vəkili vurğulayıb ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, Türkiyə ilə Azərbaycan "iki dövlət, bir millət"dir: “Ağır gündə də, yaxşı gündə də Azərbaycan həmişə Türkiyə ilə bir yerdə olacaq. Azərbaycan Prezidenti İlham Əliyev həmişə vurğulayıb ki, Azərbaycan Türkiyə ilə hər zaman bir yerdədir, Türkiyə olmayan yerdə də Azərbaycan var və Türkiyənin mövqelərini müdafiə edəcək və bunu beynəlxalq təşkilatlarda da dəfələrlə isbatlayıb. Düşünürəm ki, türkdilli dövlətlərin bu birliyi dünyada gedən ağır, böhranlı proseslərdə, münaqişələrdə dünyaya sülh gətirən bir güc mərkəzi kimi meydana çıxacaq. Əlbəttə ki, bu sülhü, tərəqqini istəməyənlər buna mane olmağa çalışırlar. Amma bu mümkünsüzdür, çünki artıq bu proses başlayıb, bu proses geri dönən deyil. Artıq bu birlik yaranıb və bu birlik dünyada sülhün, insanların gələcək xoşbəxt həyatı üçün mədəni müxtəlifliyi təmin etməklə demokratik prinsiplərin bərqərar olmasına xidmət edir”.