İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VIII turunun Belçika "Brügge"si ilə oyununda özünə xəsarət yetirib.
Teleqraf.com "The Sun" nəşrinə istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında ispaniyalı mütəxəssisin üzündə və alnında cızıqlar görsənib.
“Mənim dəri problemim var. İki-üç il antihistamin preparatlar qəbul etməliyəm. Burnumu özüm dırnaqlarımla cızmışam, amma üzümdə, alnımda olanlar xəstəliyimlə bağlıdır", - Pep deyib.
Qeyd edək ki, "Mançester Siti" - "Brügge" oyunu “Etihad” stadionunda baş tutub. Görüşü Xose Sançes Martinesin başçılıq etdiyi ispaniyalı hakimlər briqadası idarə edib. "Mançester Siti" 3:1 hesabı ilə qalib gəlib. Hesab bərabərləşdiyi vaxt Qvardiola hakimə etiraz etdiyi üçün sarı vərəqə alıb. Komandası irəli çıxdıqda isə o, su qabını ehtiyat oyunçular skamyasında yerə çırpıb.
Çempionlar Liqasının Liqa mərhələsindən sonra "Mançester Siti" 11 xal toplayaraq ümumi turnir cədvəlində 22-ci yeri tutub.