Ukraynanın Rusiya qazının tranzitini dayandırması Avropa bazarında təbii qazın qiymətinin 20% artmasına səbəb olub.
Teleqraf.com xəbər verir ki, Macarıstanın xarici işlər naziri Piter Siyyarto Ukraynanın Avropa iqtisadiyyatını, xüsusən də Mərkəzi Avropanı çətin vəziyyətə saldığını iddia edib.
O, həmçinin iddia edib ki, Macarıstan enerji mənbələrini şaxələndirib. Buna görə qiymət artımından ciddi təsirlənməyəcək.
Macarıstan 2021-ci ildə imzalanmış 15 illik müqavilə çərçivəsində Rusiyadan hər il təxminən 4,5 milyard kubmetr qaz idxal edir.
Ekspertlərin iddialarına görə, Ukraynanın Rusiya qazının ərazisindən tranzitinə qadağa qoyması Avropa İttifaqı ölkələrinə 100 milyard avroya başa gələcək.
Ukraynanın öz ərazisindən Rusiya qazının tranzitini dayandırmasından sonra Niderland qovşağında (TTF) təbii qaz meqavatsaat üçün 30 avrodan 50 avroya qədər yüksəlib. 20 avroluq bu fərq təkcə Ukrayna vasitəsilə idxala deyil, ümumilikdə bütün idxala aiddir. Çünki təchizat müqavilələri TTF qiymətinə bağlıdır.
Qeyd edək ki, Avropa 500 milyard kubmetr təbii qaz idxal edir. Xərcdə 20 avro artımı nəzərə alsaq, bu, 100 milyard avro itki deməkdir.