14:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya iqtisadiyyatında növbəti dalğalanma gözlənilir

Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, ekspertlər 2025-ci ildə iqtisadiyyata bir neçə faktorun eyni vaxtda mənfi təsir edəcəyini bildirirlər. Bunlardan başlıcası inflyasiyadir.

Rusiyada illik inflyasiya 2024-cü ildə 9.5%-ə çatıb. Bunun əsas səbəbləri yüksək hərbi və milli təhlükəsizlik xərcləridir ki, 2025-ci ildə bu xərclər dövlət büdcəsinin 41%-ni təşkil edəcək.

İctimai rəy sorğularında inflyasiya iqtisadi problemlər sırasında birinci yeri tutur. Belə ki, kərə yağı, yumurta və tərəvəz kimi əsas ərzaq məhsullarının qiymətləri ötən il iki rəqəmli artım göstərib.

İnflyasiya ən həssas əhali qruplarının gəlirlərinə təsir edib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində real pensiyalar 0.7% azalıb.

Rusiya Mərkəzi Bankı inflyasiyaya qarşı faiz dərəcələrini artırmaqla mübarizə aparır.

Yüksək faiz dərəcələri

Rusiya Mərkəzi Bankı faiz dərəcələrini oktyabr ayında 21%-ə qaldırıb. Bu, hazırkı hakim komandanın ilk illərindən bəri ən yüksək səviyyədir. Xatırladaq ki, həmin dövrdə Rusiya SSRİ-nin dağılmasından sonra yaranan xaosla mübarizə aparırdı.

Tənqidçilər bildirirlər ki, yüksək faiz dərəcələri iqtisadiyyatın mülki sektorlarına zərər verir, yüksək subsidiyalaşdırılmış müdafiə sektoru isə bu təsirlərdən sığortalanıb.

İqtisadi yavaşlama

Hökumət 2025-ci ildə iqtisadi artım tempinin 2024-cü ildəki təxmini 4%-lik göstəricidən 2.5%-ə enəcəyini proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondu (BVF) isə bu il üçün artımı 1.4% olaraq proqnozlaşdırır.

İqtisadi araşdırmalar mərkəzi TsMAKP-nin təxminlərinə görə, müdafiə sektoru istisna olmaqla bir çox sənaye sahəsi 2023-cü ildən bəri durğunluq yaşayır.

Durumu daha da ağırlaşdıran əsas səbəblərdən biri kəskin işçi çatışmazlığıdır. Bunun səbəbi yüz minlərlə Rusiya vətəndaşının ya orduda xidmət etməsi, ya da ölkədən qaçmasıdır ki, bu da iqtisadi artım üçün ciddi maneəyə çevrilib.

İqtisadçılar xəbərdarlıq edirlər ki, müdafiə ilə bağlı xərclər iqtisadiyyatda balanssızlıq yaradır.

Büdcə kəsiri

Rusiyanın büdcə kəsiri 2024-cü ildə ÜDM-in 1.7%-nə çatıb. Kəsirin maliyyələşmə mənbəyi olan Milli Rifah Fondunun vəsaitlərinin 3/2 hissəsi tükənib.

Hökumət 2025-ci ildə büdcə kəsirini ÜDM-in 0.5%-nə endirmək üçün vergiləri artırıb. Lakin ABŞ-nin Rusiya neft və qaz sektoruna yönəlmiş son enerji sanksiyaları nəticəsində dövlət gəlirlərinin də azalması ehtimalı var.

Bəzi iqtisadçılar hesab edirlər ki, əgər hərbi xərclər indiki səviyyədə qalarsa, hökumətin vergiləri artırmaqdan başqa çıxış yolu olmayacaq.

Rublun volatilliyi

İlin əvvəlində rubl Qərbin növbəti sanksiyalarının təsiri nəticəsində 2022-ci ilin mart ayından bəri ən aşağı səviyyəsinə düşüb. Bu sanksiyalar Rusiyanın beynəlxalq tranzaksiyalarını çətinləşdirib və xarici valyuta axınını pozub.

Zəif rubl hökumətə büdcə kəsirini daraltmağa kömək etsə də, orta müddətdə inflyasiyanı daha da artıraraq idxal olunan malların dəyərini yüksəldır.

Rusiyanın valyuta bazarında dəyişiklik də diqqəti çəkir. Çin yuanı ən çox ticarət edilən xarici valyutaya çevrilib, dollar və avro ilə ticarət isə daha çox qara bazarda aparılır.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər