10 Noyabr 11:45
219
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində mühüm prioritet istiqamətlərdən biri türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsidir. Bu baxımdan ölkəmizin Türk Dövlətləri Birliyi çərçivəsində fəaliyyəti xüsusi önəm kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin noyabr ayının 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə etdiyi çıxışında Təşkilatın əsasını qoymuş Naxçıvan Sazişinin imzalanmasından 15 il keçdiyini diqqət mərkəzinə çəkərək bildirdi ki, bu müddət ərzində quruma üzv ölkələr birlikdə uğurlu inkişaf yolu keçiblər”.

Teleqraf.com xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, bu ilin iyul ayında dövlət başçılarının Şuşa şəhərində keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. “Müasir dünyada güc amilinin getdikcə daha çox həlledici faktor kimi çıxış etməsi Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini vacib şərt kimi önə çəkir. Azərbaycanın xarici siyasəti də məhz bu məqsədə xidmət edir. Cənab Prezident öz çıxışında bir daha vurğuladı ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Bu baxımdan Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək".

K.Qafarov qeyd edib ki, Prezident İlham Əliyevin Türk dövlətləri arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq barədə səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir: “Bu gün bütün dünyada ən müxtəlif xarakterli təhlükələrin artdığı aşkar müşahidə olunmaqdadır. Məhz bu təhlükələrdən effektiv şəkildə müdafiə oluna bilmək üçün Türk dövlətlərinin də müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı öz çıxışında məhz bu məqamı diqqət mərkəzinə çəkərək qeyd etdi ki, son dövrlər həm bu sahələrdə, həm də hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da genişlənməsi çox müsbət haldır. Təşkilata üzv ölkələrin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi, hərbi təhsil müəssisələrində qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir. Bütün bunlar Türk dünyasının öz qüdrətini artırmasına və yeni dünya düzənində önəmli güc mərkəzlərindən biri kimi yer almasına xidmət edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər