"İndi vətəndaşlar və sahibkarlar üçün su şəbəkəsinə qoşulma prosesi xeyli asanlaşıb. Eyni zamanda, layihələndirmə, tikinti, qazıntı və boruların çəkilməsi kimi məsələlərdə də müvafiq icra hakimiyyətləri cəlb olunub. Bununla yanaşı, müqavilələrin də tam elektronlaşdırılması nəzərdə tutulur".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov "Su şəbəkələrinə qoşulma" işçi qrupunun təqdimatında deyib.
O qeyd edib ki, agentlik tərəfindən elektron su portalı informasiya sistemi yaradılıb. Bu sistem vasitəsilə su və tullantı sularının idarə edilməsi sistemlərinə qoşulma prosesi tam şəkildə avtomatlaşdırılıb.
"Müraciətlərin qəbulu və yeni qaydalara əsasən qoşulmalar zamanı digər dövlət qurumları ilə razılaşmalar elektron portal vasitəsilə həyata keçirilir. Əvvəlki dövrlərdə vətəndaşlar və sahibkarlar müxtəlif dövlət qurumlarına ayrıca müraciət etməli və razılıqlar almalı idilər ki, bu da vaxt itkisinə səbəb olurdu. Eyni zamanda, layihələndirmə, tikinti, qazıntı və boruların çəkilməsi kimi məsələlərdə də müvafiq icra hakimiyyətləri cəlb olunub. Bununla yanaşı, müqavilələrin də tam elektronlaşdırılması nəzərdə tutulur".
İlham Bayramovun sözlərinə görə, müqavilələrin imzalanması prosesi hazırda fiziki iştirakı tələb edir.
"Biz bu müqavilələrin də tam elektronlaşdırılması, yəni hər hansı bir quruma getmədən elektron qaydada imzalanması üçün tədbirləri 2025-ci ildə həyata keçirməyi planlaşdırırıq”.