"Bu gün bizim üçün ağır və kədərli gündür. "Azərbaycan Hava Yolları"na məxsus Bakı-Qroznı istiqamətində hərəkət edən təyyarə texniki və fiziki təsir nəticəsində qəzaya uğrayıb. Xeyli sayda sərnişinlərimizi və ekipaj üzvlərimizi itirmişik".
Teleqraf.com xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin ekipaj üzvləri ilə vida mərasimində deyib.
"Bu gün ekipaj üzvlərimizi son mənzilə yola salırıq. Allahdan onların hər birinə rəhmət diləyirəm. Ailələrinə başsağlığı verirəm. Təcrübəli pilotların peşəkarlığı və şücaəti bu sahədə böyük əhəmiyyət kəsb edir. Onların çətin anlarda göstərdiyi qəhrəmanlıq Azərbaycan aviasiya tarixində silinməz iz buraxıb.
Yaralıların fəal həyata qayıtması üçün cənab prezident İlham Əliyev tərəfindən tapşırıq verilib və Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyası qəzanın baş verməsi səbəblərini araşdıracaq və ictimayyətə düzgün məlumatın çatdırılmasına xidmət edəcək", - deyə bildiriib.
Rəşad Nəbiyev vurğulayıb ki, AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi xarici texniki və fiziki təsir nəticəsində qəzaya uğrayıb:
“Xəbər agentlikləri, sosial şəbəkələrdə yayılan videolar bizə tam şəkildə deməyə əsas verir ki, bizim təyyarəmiz xarici texniki və fiziki təsir nəticəsində qəzaya uğrayıb. Yaradılmış dövlət komissiyasının tapşırığı ondan ibarətdir ki, bunun obyektiv, ətraflı şəkildə öyrənilməsi və ictimaiyyətin davamlı olaraq məlumatlandırılmasıdır. Azərbaycan dövləti üçün təhlükəsizlik mühüm əhəmiyyət kəsb edir”.