30 Yanvar 14:02
236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində əsasən Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbənin giriş hissəsinə Milli Qəhrəman Hökumə Əliyevanın xatirə lövhəsi vurulub.

Bunu Teleqraf.com-un qərb bürosuna Milli Qəhrəmanın qardaşı Coşqun Nəsibli bildirib.

Onun sözlərinə görə, bunun üçün icazə alıblar: “Biz əslən Kəlbəcər rayonundanıq. Rəsmi qurumlarla məsələni razılaşdırdıqdan sonra kəlbəcərlilərin sıx yaşadıqları qəsəbənin giriş hissəsində xatirə lövhəsini vurduq”.

Həmin ərazidə Hökumə Əliyeva ilə yanaşı, Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin də lövhələri var.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər