9 İyul 2014 20:18
1 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü Sakit Məmmədovun məhkəməsi başa çatıb.

İttihama görə, Sakit Məmmədov həyat yoldaşı Aytən Məmmədova ilə Şəmkir rayon məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə boşanıb. Onların birgə nikahdan olan azyaşlı uşaqları anasının himayəsində yaşayıb. Aytən Məmmədova ərindən ayrıldıqdan sonra atası evində qalıb.

Sakit Məmmədov oğlu Elxan Məmmədovla görüşmək üçün Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən orta məktəbə gedib. Məktəb direktorundan oğluyla görüşə icazə alıb. Dərsarası fasilə başa çatdıqdan sonra Elxan atasından ayrılaraq sinif otağına gedib. Sakit Məmmədov da direktorla xudahafizləşərək məktəbin həyətinə çıxıb. Bu zaman keçmiş həyat yoldaşı ilə rastlaşıb.

Aytən Məmmədova uşaqlarını Sakitə göstərməyəcəyini, evi ondan alıb orda yaşayacağını bildirib. Mübahisə zamanı Sakit Məmmədov özündə olan cib bıçağı ilə keçmiş həyat yoldaşının sinəsinə vurub. Daha sonra hadisə yerindən qaçıb.

Aytən Məmmədova şahidlərin köməyi ilə xəstəxanaya çatdırılıb. Qadının həyatını xilas etmək mümkün olub, keçmiş ər isə həbs edilib.

Məhkəmə ifadəsində Sakit Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, Aytən Məmmədova ilə birgə nikahdan 3 azyaşlı uşağı olub, arvadının təqsiri üzündən ər-arvad münasibətləri pozulub. Hadisə baş verən gün uşaqları ilə görüşmək üçün məktəbə gəlib: “Həmin vaxt Aytən məni təhqir etdi, üzərimə hücum çəkdi. Özümdən asılı olmayaraq, bıçaqla onu vurdum. Həmişə Aytənlə barışmaq, onunla ailə münasibətlərimi bərpa etmək istəmişəm, amma razılaşmayıb”.


Sakit Məmmədov həmçinin qeyd edib ki, törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirir. Aytən Məmmədova isə ifadəsində keçmiş əri ilə barışmadığını və ondan şikayətçi olduğunu bildirib.

Məhkəmənin hökmü ilə Sakit Məmmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı


Müəllif:

Oxşar xəbərlər