“Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərin direktorları - Sevinc Aslanova və Kamil Curayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra məhkəmə iclasında iştirak edən bəzi zərərçəkmiş şəxslərin kimliyi müəyyənləşdirilib.
Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsini istəyib. O, həmçini təqsirləndirilən şəxslərin barəsində qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığını bildirib.
Daha sonra Kamil Curayevin vəkili müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib. Vəkil deyib ki, müdafiə etdiyi şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməsi zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsi üçün şərait yarana bilər.
Daha sonra hakimlər hazırlıq iclasının qərarını açıqlayıb. Qərara görə, Kamil Curayevin barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar mövcud deyil. Buna görə də onun vəkilinin vəsatəti təmin edilməyib.
Hakim həmçinin bildirib ki, digər təqsirləndirilən Sevinc Aslanova istintaq dövründə özünə aid epizodlar üzrə 52 min manat ziyanı ödəyib. Hakimin sözlərinə görə, Sevinc Aslanovaya aid hissədə 100 min manat ziyan var, ödənilmiş məbləğ də həmin ziyanın yarısından çox edir.
Hakimlər məhkəmə baxışını yanvarın 21-ə təyin ediblər.
Qeyd edək ki, “Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz yollarla vətəndaşların pulunu ələ keçirmələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
İstintaqla həmin Cəmiyyətlərin direktorları olmuş Aslanova Sevinc Bayram qızı və Curayev Kamil Camalxan oğlunun cinayət əlaqəsinə girərək çoxsaylı şəxslərə müxtəlif Avropa ölkələrində işlə təmin olunmaları, həmçinin saxta müqavilələr hazırlamaq yolu ilə onlara iş vizasının alınmasına kömək edəcəklərinə dair vəd etməklə ümumilikdə 217 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Sevinc Aslanova və Kamil Curayevə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə Kamil Curayev barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs,
Sevinc Aslanova barəsində isə maddi ziyanı qismən ödəməsi və himayəsində azyaşlı uşağının olması nəzərə alınaraq polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 171 nəfər zərərçəkmiş qismində tanınıb.