7 Aprel 2015 16:03
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Lənkəranda baş verən ağır qəza ilə bağlı açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə aprelin 6-da saat 21 radələrində qeydə alınıb.

Məlumata görə, Lənkəran şəhərində Astara rayon sakini Vasif Əliyevin idarə etdiyi “Mercedes” və naməlum sürücünün idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2106” markalı avtomobildə olan Lənkəran rayon sakini Həsən Hüseynov hadisə yerində ölüb, digər 2 nəfər, habelə, V.Əliyev və 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ələt-Astara magistralının 202-ci kilometrliyində - yolun Lənkəran rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası olub. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “VAZ-2106” markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun sağ tərəfinə çıxmaqla qarşı tərəfdən gələn Astara şəhər sakini, 21 yaşlı Elvin Əlizadənin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Güclü zərbədən “VAZ-2106” markalı avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasedicilərinin səyləri nəticəsində xüsusi alət və avadanlıqların köməyi ilə deformasiyaya uğramış avtomobildə sıxılıb qalmış sərnişinlər - Lənkəran şəhər sakinləri, 19 yaşlı Ənvər Rəhimzadə və Mirabbas Rəhimov, Lənkəranın Şilavar kənd sakini, 18 yaşlı Həsən Hüseynov çıxarılaraq təcili yardım maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onlardan Həsən Həsənov aldığı çoxsaylı bədən xəsarətlərindən yarı yolda dünyasını dəyişib.

“Mersedes” markalı minik avtomobilin sürücüsü ilə sərnişini, Astara şəhər sakini, 21 yaşlı Qulam Qulamzadə də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların hər ikisinə müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. “VAZ-2106”-nın xəsarət almış iki sərnişini isə hazırda həkim nəzarəti altındadır. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: