28 Aprel 2017 12:50
1 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yadıma gəlir, məni bir verilişə dəvət etmişdilər, mövzu belə idi: cəmiyyətimizdə fikir azadlığı var, yoxsa yoxdur? Əvvəl getmək istəmədim, ancaq sonradan mövzunun ciddiliyi məni sanki ovsunladı

. O biri qonağın kim olduğunu soruşanda isə dedilər ki, çox ciddi adamdır.

– Kim?

– Nadir Qafarzadə...

Təbii ki, belə ciddi adamla bir ortamda görünmək mənim üçün çox xoşdur. Həm də Nadir Qafarzadə kimi tanınmış bir simanın gəldiyi verilişə Kəramət Böyükçölün getməməsi bir az özündənrazılıq kimi çıxar deyə dəvəti qəbul etdim.

Yəqin verilişlərdə iştirak eləyənlər yaxşı bilir ki, qonaqlar əvvəlcə gözləmə zalına yığışır, sonra efirə dəvət olunurlar. Qısa müddət ərzində adamlar bir-birinə isnişir, mehriban, şən əhval-ruhiyyə yaranır, gözləmə zalında xoş ovqata köklənirlər. Təxminən, bizdə də bu cür oldu. Amma o xoş ovqat nədənsə, məndə yaranmadı. Əksinə, qanım xeyli qaraldı.

İçəri girəndə gördüm ki, mifoloji və fəlsəfi fikir tarixi insanın mənəvi həyatı ilə bağlı nümunələrlə zəngin olan Azərbaycan xalqının çox ciddi simaları – Nadir Qafarzadə və Nüşabə Ələsgərli oturub bir-biriylə zarafatlaşır. Fikirləşdim ki, əgər bunlar ciddi adamdırsa deməli, mən verilişə qeyri-ciddi qonaq kimi dəvət olunmuşam və aydın məsələdir ki, məqsəd tamaşaçının gözündə balansı qorumaqdır.

Gözləmə zalına girən kimi Nadir Qafarzadə Nüşabə Ələsgərlinin sözünü kəsib yüksək səslə məndən soruşdu:

– Sən kimsən?

Bir anlıq hiss elədim ki, Nadir Qafarzadə hamıya öz fanatı kimi baxır. Kimliyimi elə biədəb soruşdu ki, istər-istəməz pis təsir elədi. Əvvəlcə istədim belə deyəm:

– Mən Brus Liyəm! Bəs sən kimsən?

Sonra düşündüm ki, birdən Brus Lini tanıyıb-eləyər, biabır olaram.

Əsas odur ki, özümü itirmədim, çox mədəni bir formada cavab verdim:

– Mən İsa Muğannayam!

Nadir Qafarzadə:

– Nə işlə məşğulsan?

– Nəsr yazıram!

Qəfil Nüşabə xanım Ələsgərli üzünü mənə tutdu:

– Deyəsən, sənin adını eşitmişəm.

Nadir Qafarzadə:

– Hə, mən də bu cavan oğlanı haradansa tanıyıram, amma dəqiq yadıma gəlmir.

Nadir Qafarzadə verilişdə fikir azadlığından danışdıqca mənə elə gəlirdi ki, Rafiq Tağı qəbri qarışıq yerindən qalxıb üzü bizə sarı yeriyir. Siz Allah, Nadir Qafarzadə əxlaqının və mənəviyyatının mövcudluğu Azərbaycanda fikir azadlığına ən böyük ironiya deyilmi? Təsəvvür eləyin, içi azadlıq eşqi ilə alışıb-yanan insanların gözünün qabağında Nadir burcuda-burcuda fikir azadlığından danışır və Azərbaycanda azad sözün hansı səviyyədə olduğuna qiymət verir. Adamın ürəyi dayanar, yoxsa dayanmaz?

Artıq Nadir Qafarzadəylə şəxsən tanış olduğum üçün həmin verilişdən bir neçə ay sonra ona zəng elədim, çox arxayın və ürəklə dedim:

– Nadir müəllim, salam.

– Salam!

– Sizi narahat edən İsa Muğannadır. Yadınızdadırmı bir verilişdə qonaq olmuşduq?

– Buyurun.

– Sizdən müsahibə almaq istəyirəm.

– Mən sabah Türkiyəyə uçuram, vaxtım yoxdur.

– Olarmı Türkiyədən gələndən sonra zəng edim?

– Türkiyədən də Almaniyaya uçacam.

– Almaniyadan qayıdandan sonra əlaqə saxlamaq olar?

– Almaniyadan da İtaliyaya uçacam.

– İtaliyadan gələndən sonra necə, görüşə bilərikmi?

– Ordan da Amerikaya uçmalıyam, vacib işlərim var.

Əlim-ayağım yerdən-göydən üzüldü, telefonun arxasında quruyub qaldım. Düşündüm ki, bu necə cəmiyyətdir ki, şairi acından şeirlər yazır, amma çox bayağı bir müğənnisi Fransadan İtaliyaya, İtaliyadan Amerikaya, Amerikadan da nə bilim, hansı cəhənnəmə asanlıqla gedib-gələ bilir.

Nadir Qafarzadəylə bağlı bir konsert reklamı yadınızdadırmı? Bu necə cəmiyətdir ki, Nadir Qafarzadə böyük bir səhnəni məşğul eləyib öz arvadına konsert verir? Təsəvvür eləyin, min nəfərlik zaldır, o zalın ortasında Nadir Qafarzadənin arvadı təkcə oturub, Nadir də oxuyur.

Ömür boyu kasıbçılıq içində yaşayan, axırda isə əsəbdən beyninə qan sızan yazıçı Eyvaz Əlləzoğlunun intihar eləyən həyat yoldaşı yadıma düşəndə gözlərim dolur. Necə olur ki, bu cəmiyyətdə yoxsulluqdan beyninə qan sızan yazıçının arvadı, yenə də yoxsulluğa və ərinin yoxluğuna dözə bilməyib intihar eləyir, üç övladı kimsəsiz qalır, amma Nadir Qafarzadə arvadının şərəfinə konsert verir, hər gün efirlərdə nə qədər pul qazanmağından danışır?

Necə olur ki, Azərbaycanda bir mənzil dörd şair arasında bölünür, amma Nadir Qafarzadənin dörd milyon dollarlıq bağ evi var? Necə olur ki, Adil Mirseyid müalicəsi üçün pul tapa bilmir, dünyasını dəyişir, amma Nadir Qafarzadənin itinin qiyməti beş min manatdır?

Bütün bunlara şərait yaradan kimdir, kimlərdir, nədir, nələrdir?

Niyə Nadir Qafarzadələr bu cəmiyyətdə həmişə xoşbəxt olur, amma Adil Mirseyidlər, Şaiq Vəlilər, Eyvaz Əlləzoğlular iynəylə gor eşə-eşə yaşayır, axırda isə ürəkləri partlayır, sonra da unudulub gedirlər?

Görəsən, Azərbaycan ədəbiyyatının alın yazısını kim yazıb?


Müəllif: Kəramət Böyükçöl