Dünən sarsıdıcı bir xəbər yayıldı. Abşeron rayonunda məzarlığın qarşısında ev tikən bir qrup sakin həmin məzarlıqda dəfn olunan şəhidlə bağlı hökumətə müraciət ediblər.
Adətən, şəhid ailələri ilə bağlı hökumətə ona görə müraciət olunur ki, dövlət onların ailələrinə diqqət göstərsin, ehtiyaclarını qarşılasın. Çünki gənc insan bu dövləti qoruyarkən şəhid olub.
Amma təəssüf ki, bu dəfə 20-dən çox sakinin müraciəti fərqli və utancverici idi. Onlar şəhid məzarından qorxduqlarını, məzarın hasara alınmasını tələb ediblər. Bununla yetinməyib məzarın önünə daş, qum, sement də töküblər. Təki məzar görünməsin!
İndiyədək Qarabağ müharibəsinə görə şəhid düşən vətəndaşların ailələrinə qarşı müxtəlif hökumət qurumları tərəfindən haqsızlıqların olduğunu görmüş, oxumuş və eşitmişdim. Amma ilk dəfə idi ki, vətəndaşlarımızın qrup şəklində şəhidə və onun ailəsinə qarşı bu şəkildə hörmətsizlik etdiyini görürdüm.
Axı Azərbaycan milləti ruslar tərəfindən 20 yanvar qətliamı törədildiyi zaman meydanlara axın etmişdi, minlərlə insan tərəfindən şəhidlərimiz dəfn edilmişdi. Axı Qarabağ müharibəsində şəhid olanlar elliklə son mənzilə yola salınmış, bir kəndin şəhidi kənddə yaşayan hər kəsin şəhidi hesab edilmişdi.
İndi bu 20-dən çox insanı nə vadar etdi bu cür qorxunc, utancverici addım atmağa?
Şəhidin, sənin rahatlığın üçün xidmət göstərən 19 yaşlı əsgərin, həyatını yaşaya bilməyən bir insanın məzarından da qorxularmı?
Halbuki, həmin sakinlər şəhidin məzarından qorxmaqdansa, ehtiyac içində yaşayan ailəsinə yığışıb yardım etməli, ən azından ayda bir dəfə təsəlli verməli idilər.
Uşaqlar məzarlardan qorxarmı? Qorxar təbii ki. Amma ailələr bu və ya digər şəkildə məskunlaşma yolu seçərkən məzarlığın orada olduğunu bilmirdilərmi? Bilirdilər. Təbii ki, o, sakinlərin də ev, mənzil problemləri ciddi məsələdir, lakin bunun həlli yolu şəhid məzarına olan hörmətsizlikdənmi keçməlidir?
Ümid edirəm ki, ölkəmizdə şəhidlərimizə qarşı hörmətsizlik edənlərin sayı elə 20-25 nəfərlə kifayətlənsin. Başqa cür olması da mümkün deyil. Millətimiz şəhidlərimizə qarşı Cümhuriyyətimizin birinci ilində də, yüzüncü ilində də həmişə hörmət edibdir.
Necə ki, Əhməd Cavadın qələmindən tarixdən bir nümunəni qısa olaraq təqdim edirəm:
“28 may 1919-cu ildə gözəl Gəncə çiçəkli mayısı, ruhnəvaz qoxusu ilə büsbütün canlanmışdı... Bugünkü mənzərələrin ən gözəli bütün firqələrimizin camiyə toplanıb hürriyyətləri, milliyyətləri üçün dua etmələri idi... Camidən müntəzəm surətdə çıxan camaat milli bayraqları ilə bərabər caminin qarşısındakı məzarlarda yatan şəhid türk qardaşlarını da yada saldı. Bizi qurtarmaq üçün özlərini öldürən bu əsgərlərin ruhunu şad etmək üçün önlərində bütün başlar əyilib, gözlər yaşardı. Bayrağından uzaq düşən bu möhtərəm şəhidlərə bayrağımız baş əydi!”