9 Avqust 11:00
7 482

Qılman İlkin uzun və bərəkətli bir ömür sürmüş yazıçılarımızdandır.

O bu fani dünyada 95 il yaşadı.

Kitablar yazdı, xatirələr dinlədi, onları yazıya köçürüb gələcək nəsillər üçün hifz elədi.

Bəlkə çox görkəmli yazıçı olmadı amma əvəzinə yaxşı bir salnaməçiyə çevrildi. (Eləcə də Manaf Süleymanov...)

Bu gün Qılman İlkinin “Köhnə Bakını tanıyırsanmı” kitabında yer alan bir şairi haqda qeydləri bölüşmək istəyirəm.

Köhnə kişilərin bir sözü vardı: “Vəzndə yüngül, qiymətdə ağır”.

Qılman müəllimin də kitabı bu təyinata uyğun gəlir.

Bu xatirələrin hər biri bəlkə də gözəl bir sənədli filmin materialıdır.

Misal üçün, başlayaq elə Hambal şairdən.

O sözün hambalı filan deyildi, “hambal” sözünü məcazi mənada işlətmirəm.

Bəlkə də sözün də hambalı idi...

Amma verirsinizsə, hambal sözünü böyük hərflə yazıram, çünki o, “Qafqaz və Merkuri” gəmiçilik şirkətində hambal işləyirdi.

Cənubi Azərbaycanda, Sərab şəhərində doğulmuşdu.

Orda təhsil almış, sonra dolanışıq dalınca Bakıya gəlmişdi.

Əsl adı Bayraməli, soyadı isə Abbaszadə idi.

Şeirlərini də hamballıqdan boş vaxtı qalanda ya elə hambal palanının , ya da dizinin üstdə yazardı.

Mirzə Ələkbər Sabirlə tanış olmuşdu və Sabirin şeriyyatı ona dərindən təsir etmişdi.

Sabir ona məsləhət görmüşdü ki, şeirlərini elə “Hambal” təxəllüsü ilə çap elətdirsin.

Hambal böyük şairlə tanışlıqdan sonra şeirlərinin səviyyəsi də yüksəlmiş və o dövrdə nüfuzlu mətbu orqanlarda çap olunmağa başlanmışdı.

Misal üçün, “Molla Nəsrəddin" səhifələrində "Hambal", "Rəncbər-hambal", "Hambal Azərbaycani", "Hambali-

Gülzari Sərabi", "Bayraməli Abbaszadə Hambal" və b. imzalar ilə şeirləri dərc olunmuşdu.

Bir tərəfdən şeirləri çap olunsa da o yenə də öz hamballığı ilə məşğul olurdu.

O xalq arasında yaşayırdı, xalqın belə demək mümkünsə həm də maddi mənada yükünü daşıyırdı.

Buna görə də onun şeirləri dərin sosial məzmunu ilə də fərqlənirdi.

Və bütün şeirlərindən Sabirin qoxusu gəlirdi.

zərbaycanda Sovet hakimiyyəti qələbə çaldıqdan sonra Hambal şair “Qızıl qələmlər” ədəbi cəmiyyətinə üzv

qəbul olundu.

Süleyman Rüstəmin katib olduğu təşkilatın üzvü olan şair hamballığın daşını ataraq “Kommunist” qəzetində işə düzəldi.

1926-cı ildə vəfat edən şair Köhnə Əhmədli qəbristanlığında dəfn edilmişdi.

1948-ci ildə hambal şairin, Bayraməli Abbaszadənin “Seçilmiş əsərləri” Azərnəşrdə çap olundu.

1970-cı ildə onun anadan olmasının yüz illiyi münasibəti ilə tədbirlər keçirildi.

Bu da onun “İranlılar” şeirində bir bənd:

“Şurə gəlib şad olun, iranlılar!

Qüssədən azad olun, iranlılar!

Aləmə təsir elədi ahınız,

Doğdu yenə behcət ilə mahınız!”

Sovet hökuməti hambaldan da şair düzəldirdi, təbliğ edirdi.
İndi isə...

Yazını bitirmək vaxtıdır.


Müəllif: Qan Turalı
Загрузка...