Biz belə gözləmirdik. Əslində bütün azərbaycanlı futbolsevərlər qələbə ümidi ilə gəlmişdilər stadiona. Ancaq olmadı. Olmayanda olmur. “Qarabağ”ın oyunundan danışıram.
Hollandiyalı rəqibi qarşısında təmsilçimizdən baxımlı futbol, səfərdəki cavab qarşılaşması ərəfəsində sərfəli nəticəyə ümid edirdik. Di gəl əldəki hesab bu dəfə də bazara uymadı.
Respublikanın əsas stadionunu ağzına kimi, tıklım-tıklım dolduran azarkeşlərin atəşli dəstəyi fonunda Qurban Qurbanov və yetirmələri onlardan gözlənilən oyunu meydanda heç göstərə bilmədilər.
Doğrudur, etiraf eləməliyik ki, rəqibin qapalı oyunu və ultramüdafiə taktikası, ümumiyyətlə, oyunun gözəlliyinə kölgə salırdı. Ancaq “Qarabağ”lı futbolçular da bu qatı müdafiəni yarmaq üçün ortaya müxtəlif, çeşidli variantlar qoya bilərdilər.
Bütün həftə boyunca bu oyuna hazırlaşan, hətta milli çempionatın oyunlarına belə səthi yanaşan ağdamlılar təəssüf ki, bu qədər hazırlığın fonunda istədiyi kimi çıxış eləyə bilmədi.
Əslində, oyuna pis başlamamışdıq. İlk dəqiqələrdən irəli atılmaq istəyən çempion rəqibin sərt müdafiəsinə tuş gəlsə də, cəhdlər ard-arda davam eləyirdi. İlk hissənin ortalarında o ana qədər oyunun ən zəif bəndi olan Leroy Corcun əvəzlənməsi riskli addım olsa da, hər halda Qurban Qurbanovun qələbə istəyindən xəbər verirdi.
Erkən əvəzlənmədən sonra oyunda bir az da canlanma yarandı. Leroy Corcun yerinə çıxan Vüqar Nadirov topa ilk toxunuşunda bir xeyli uzaq məsafədən cərimə zərbəsi ilə topu qapıya doğru yollasa da, rəqib qapıçının sayıqlığı sevincimizi əngəllədi.
Bir neçə dəqiqə sonrakı epizodda isə Reynaldonun əla ötürməsi ilə qapıçı ilə təkbətək qalan Nadirovun fərqlənmək üçün ustalığı çatmadı. Yaxın məsafədən vurulan zərbəni qapıçı ayaqları ilə dəf elədi. Halbuki o vəziyyətdə daha usta bir şəkildə topun “altına girməklə” baxımlı aşırtma zərbəsi ilə qol vurmaq olardı.
İkinci hissə də birincinin təkrarı kimi oldu. Artıq 60-cı dəqiqə gedərkən təmsilçimiz bütün dəyişiklik haqlarından istifadə eləmişdi. Oyuna sonrada qoşulan gənc oyunçular, Cavid Tağıyev və Namiq Ələsgərov da komandaya kömək edə bilmədilər.
Cavid oyuna girdiyi andan etibarən özündən əmin və sakit şəkildə oynayır, top saxlaya bilirdi. Namiqin isə həyəcanlı olduğu hər halından bəlli idi.
Oyundan sonrakı mətbuat konfransında Qurban Qurbanovun da dediyi kimi, gənc oyunçulardan çox şey gözlənilsə də, onlar bu etimadı doğrulda bilmədilər.
Zədə səbəbindən oynamayan Çumbinyonun meydandakı boşluğu isə aşkar hiss edilirdi. Burdan belə anlamaq olar ki, əsas aparıcı qüvvəsi legionerlər olan “Qarabağ” bu oyunçulardan hansısa biri meydanda olmayanda yarımçıq komanda təsiri bağışlayır.
“Zalsburq”la qarşılaşmada Reynaldonun yoxluğu, bu dəfə isə Çumbinyonun olmaması komandanın oyun effektinə önəmli təsir elədi.
Cavab qarşılaşmasında isə mütləq dəyişikliklər edilməlidir. Bildiyimiz kimi, bu konkret heyətlə bağlı dəyişiklik olmaya da bilər. Ancaq oyun fəlsəfəsi və taktika baxımdan Qurban Qurbanovun yenidən planlarına göz gəzdirməsi lazımdır.
Vaxt isə çox azdır. Nəzərə alsaq ki, aradabir də milli çempionatın oyunu var, deməli, “Qarabağ”ın bir manevr üçün çox az vaxtı olacaq.
Çempionatın növbəti turundakı oyunun təxirə salınması ilə bağlı Qurban Qurbanovun fikirləri ilə qətiyyən razılaşmıram. Yaxşı komanda hər iki cəbhədə mübarizə aparmağı bacarmalıdır.