Köçəryanı, Sarqsyanı, Saakyanı dəstəkləyənləri ağıllı və məntiqli davranmağa çağırırıq. Əgər onlar indiki kimi düşmənçiliklə, xəyanətlə məşğul olsalar, çox ağır cəzalanacaqlar. Saakyanı və onun tərəfdarlarını isə son dəfə xəbərdar edirik!
Ermənistanın paytaxtı İrəvanda, Teatr Meydanındakı mitinqdə tribunadan bu şüarlar səslənib.
Ölkənin ikinci, sabiq prezidenti Robert Köçəryanın əleyhdarlarının toplaşdığı mitinqdə Ermənistanın baş naziri Nikol Paşinyan dəstəklənib. Aksiya iştirakçıları baş naziri “tək qoymayacaqlarını” deyiblər. Onlar ölkənin məhkəmə sistemində köklü islahatların aparılmasının zəruriliyi və qaçılmazlığı ilə bağlı N.Paşinyanın çağırışlarının da “bir an öncə, təcili qaydada” reallaşdırılmasını istəyiblər.
Mitinq İrəvanın mərkəzi küçələrində yürüşlə başa çatıb.
Aksiyanın səbəbi mayın 18-də İrəvandakı Nor Nork məhkəməsinin qərarı ilə Robert Köçəryanın zaminə buraxılması olub. Köçəryan üçün zaminə duranlar isə Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyan və onun sələfi Arkadi Qukasyan idilər.
Saakyanla Qukasyan məhkəmə zalında Köçəryanla görüşüblər, qucaqlaşıb öpüşüblər.
Bu səhnənin əks olunduğu fotolar Ermənistan mediasında və sosial şəbəkələrdə yayılandan sonra N.Paşinyanın tərəfdarlarının səbr kasası daşıb.
Onlar Ermənistan ermənilərinin “karabaxtsi”, yəni “qarabağlı” adlandırdıqları, əslən Dağlıq Qarabağdan olan ermənilərin yer aldıqları klanın zəifləmək əvəzinə, daha da güclənməsindən narahat olublar.
“Karabaxtsi” klanının liderləri Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyandır.
Və əgər ötənilki “küçə inqilabı” nəticəsində devrilmiş Serj Sarqsyana ermənilərin rəğbəti o qədər böyük deyilsə, Robert Köçəryan böyük siyasətə qayıdışını bəyan edəndən sonra tərəfdarlarının sayını sürətlə artırmaqdadır.
Nikol Paşinyanı bu proses çox narahat etdiyindən o, S.Sarqsyanı yox, məhz R.Köçəryanı ölkə daxilində özünə ən böyük təhlükə sayır.
Və yanılmır.
Məhz bu səbəbdən o, Robert Köçəryanın azadlığa buraxılmasından sonra tərəfdarlarını Ermənistan məhkəmələrini blokadaya almağa, məhkəmələrin qarşısında aksiyalar keçirməyə çağırmışdı.
Nikol Paşinyanın dediyinə görə, məhkəmə sisteminin islahatları “cəmiyyətdə demokratik dəyişikliklərə əlavə təkan verəcək”.
İrəvandakı mitinqdə də bu fikir refren kimi təkrarlanıb. Aksiyanın təşkilatçılarından biri Civan Abramyan çıxış edərkən deyib: “Paşinyanı dəstəkləməli, məhkəmə sisteminin tamamən yenilənməsinə və genişmiqyaslı islahatların aparılmasına nail olmalıyıq. Məhkəmələr hələ də ölkənin əvvəlki hakimiyyətindən, “karabaxtsi” klanından asılıdır”.
Daha sonra o, Bako Saakyanı hədələyib: “Dağlıq Qarabağdakı rejimin lideri reallıq hissini unutmamalıdır. Unudursa, camaat onun başını daşla əzəcək”.
Təşkilatçılar növbəti aksiyanın iyunun 3-də keçiriləcəyini anons ediblər.
Bundan başqa, aksiya zamanı bir jurnalist bıçaqlanıb.
Mitinq çox böyük qalmaqala səbəb olub, “karabaxtsi” klanı ilə Nikol Paşinyan və onun tərəfdarları arasındakı qarşıdurmanı daha da dərinləşdirib.
Dağlıq Qarabağdakı rejimin “Milli Təhlükəsizlik Xidməti”nin sabiq rəhbəri, Bako Saakyanın xüsusi məsələlər üzrə müavini Arşavir Qaramyan sərt bəyanatla çıxış edərək İrəvandakı mitinqdə Bako Saakyanın ünvanına səslənmiş hədələrə hüquqi qiymət verilməsini tələb edib.
Rusiyadakı Erməni İttifaqının həmsədri Muhek Saakyan isə Facebook profilində yazıb: “Əgər bu mitinqin təşkilatçılarının Nikol Paşinyanla və hakimiyyətdəki partiya ilə heç bir əlaqəsi yoxdursa, ölkənin hakimiyyət dairələrindən baş verənlərə dərhal reaksiya verilməsini, elə aqressiv aksiyaların təkrarlanmasının təminatını tələb edirik”.
N.Paşinynın lideri olduğu “Mənim addımım” blokunun funksioneri, Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan və diasporla iş üzrə sabiq nazir, deputat Mxitar Hayrapetyan az qala and içərək “mitinqin təşkilatçılarını tanımırıq” deyiblər.
İrəvan rəsmiləri inadla inkar etsələr də, vəziyyət həddən ziyadə ciddidir. Hətta İrəvanla Xankəndi arasında “soyuq savaş”ın başlandığı da vurğulanır.
Nikol Paşiyanın rəqibləri sürətlə artır. Onların arasında sabiq prezident və baş nazir Serj Sarqsyanla bu adamın sədr olduğu Respublika Partiyası, Sarqsyanın nəzarətindəki media, habelə sabiq prezident Robert Köçəryanla onun aktivləri və tərəfdarları xüsusi yer tuturlar.
Sarqsyan-Köçəryan duetinə N.Paşinyanı hakimiyyətə gətirən “inqilab”da iştirak edən, amma sonucda adekvat “mükafat” almadıqlarını düşünənlər də qatılırlar.
Paşiyanın rəqiblərinin sayı hökumətlə məhkəmələr arasındakı qarşıdurmanın nəticələrindən asılı olmayaraq daha da çoxalacaq.
Dağlıq Qarabağ erməniləri və Xankəndidəki xunta qarşıdurmada xüsusi yer tutur.
N.Paşinyan Dağlıq Qarabağda keçiriləcək “prezident seçkiləri”ndə öz adamının, kreaturasının qələbəsini təmin etməyə çalışır.
Bako Saakyan və Arkadi Qukasyanın isterik bəyanatlarına rəğmən, Xankəndinin İrəvandan üz dördərməsi mümkün deyil. Çünki qarabağlı ermənilərin dönməyə yerləri yoxdur.
“Karabaxtsi”lərin “Rusiyaya birləşmək” adlı idiotik layihəsi isə, ümumiyyətlə, unudulub.
Qarabağlı ermənilər Bako Saakyandan beziblər. Daha doğrusu, onlar Saakyana nifrət edir, ondan iyrənirlər.
Dağlıq Qarabağda keçiriləcək “prezident seçkiləri”ndə xuntanın liderliyi uğrunda mübarizə üç nəfər arasında olacaq. Onlar qarabağlı ermənilərin silahlı dəstələrinin sabiq “komandan”ı Samvel Babayan, sabiq “nazir” Araik Harutyunyan və “general” Vitali Balasanyandır.
Arkadi Qukasyanın dönəmində iki dəfə həbsdə yatmış S.Babayan həm “karabaxtsi”lərin liderlərinə, həm də N.Paşinyana nifrət edir.
A.Harutyunyan özünü “Paşinyanın adamı” kimi qələmə versə də, onun hansı düşərgəyə mənsub olduğu hələ də konkret bilinmir.
V.Balasanyan isə birmənalı olaraq R.Köçəryanın buyruq quludur.
… Rusiyanın artıq aşkar şəkildə N.Paşinyana qarşı mövqe tutması və Ermənistanın baş nazirini ABŞ-ın marionetkası hesab etməsi də İrəvanın mövqelərini zəiflədib.
Paşinyanın imkanları və manevr müstəvisi sürətlə kiçilir. O, Robert Köçəryanı lider hesab edən “karabaxtsi”lərin öhdəsindən gəlməsə, hakimiyyəti ilə vidalaşmalı olacaq.