Bu gün Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud xan Cavanşirin anım günüdür. Behbud xan 1921-ci il iyul ayının 18-də, gecə saat 23 radələrində Perepalas otelinin yaxınlığında erməni terrorçu Misak Torlakyan tərəfindən qətlə yetirilib. Ağır yaralı halda xəstəxanaya çatdırılan Behbud xan 35 dəqiqədən sonra vəfat edib. Ölümündən 3 gün sonra, 20 iyul 1921-ci ildə İstanbulda Beşiktaşdakı Yəhya Əfəndi dərgahında dəfn edilib.
Bu gün Yəhya Əfəndi dərgahında Behbud xanın məzarını ziyarət etdim. Məzar Yəhya Əfəndinin türbəsinin çox yaxınlığındadır. Onunla yanaşı burada qardaşı Cəmşid xan da dəfn edilib.
Şeyx Yəhya əfəndi İstanbulun böyük övliyalarından olub. 1495-ci ildə Trabzonda doğulub. Atası amasyalı Qazı Ömər Əfəndi, anası Afifə Xatundur. Qanuni Sultan Süleyman xan Yəhya Əfəndinin anasının südünü əmdiyi üçün onunla süd qardaşı olub.
İlk təhsilini Trabzonda dövrün vəlilərindən müfti Əli Çələbidən alan Yəhya Əfəndi daha sonra İstanbula gəlib, Zənbilli Əli Əfəndinin tələbəsi olub.
Yəhya Əfəndi 1526-cı ildə Canbaziyə mədrəsəsində müdərris kimi tədris həyatına başlayıb. Müdərrislikdən təqaüdə çıxdıqdan sonra inzivaya çəkilib. Beşiktaşda satın aldığı, hazırkı türbə və məzarlığın olduğu ərazidə bir ev, bir məscid, daha sonra evin ətrafında mədrəsə, hamam və çeşmə hazırladıb. Onun qurduğu təkkə ziyarətçilərin axınına səbəb olub, xüsusilə, dənizçilər səfərdən qayıdanda mütləq ziyarətə gələrmişlər.
Şeyx Yəhya əfəndi 1570-ci ildə Qurban Bayramı gecəsi vəfat edib.
O, Sultan Süleyman xan və II Səlim xan dövrlərində padşahların mənəvi yolgöstərəni olub.
Yəhya Əfəndi türbəsində 11 sənduqə var. Türbənin yaxınlığında şeyxin nəvələri və türbənin türbədarı dəfn olunub. Digər məzarlar isə təriqət əhlinin və saray mənsublarının qəbirləridir.
Yəhya Əfəndi gizliliyə çox riayət etdiyi üçün onun hansı təriqətə mənsub olduğu bilinmir. Təsəvvüflə yanaşı tibb və həndəsə kimi elmlərlə də məşğul olub. “Müdərris” təxəllüsü ilə yazdığı şeirləri və divanı var.
Yəhya Əfəndinin türbəsi vəfatından sonra Sultan II Səlim xan tərəfindən Memar Sinana inşa etdirilib.
Şeyxin iki övladı olub, onlar da bu türbədə dəfn olunublar.
Behbud xanın İstanbul əhalisi üçün böyük önəm kəsb edən bu türbənin yanında dəfn edilməsi şəhid nazirimizə göstərilən hörmətin əlaməti olub.