Qarabağ həmişə özəl bir məkan olub. O hər birimiz üçün özəl bir qavrayış və ülvi bir hissiyyat olub. Hələ bizim ağlımıza gətirə bilmədiyimiz, amma düşmənlərin əlaltdan namərdcəsinə qəsd etməyə hazırlaşdığı vaxtlarda da Qarabağ Azərbaycanın hər yerində ən çox xatırlanan və ən çox adı çəkilən yer adı idi. Sadəcə yer adımı? - Əlbəttə yox. Qarabağ həmişə hər bir Azərbaycanlı üçün mədəniyyət beşiyi, çal-çağır ocağı, bin-bərəkət məkanı, mərdlik və mərdanəlik məskəni olub. Harada şeir-sənət məclisi qurulsaydı, harada ərlikdən-ərənlikdən söz düşsəydi, harada gözəlliklər vəsf edilsəydi orada Qarabağdan danışılardı.
O zaman səslənən Qarabağ şikəstəsi İlahidən gələn doğma səs kim ürəkləri riqqətə gətirər, hər kəs onu dinləyəndə Qarabağa getməyi, o müqəddəs diyarı görməyi arzulayardı. “Anadır arzulara hər zaman Qarabağ...” oxunanda hər bir Azərbaycanlı hamıdan gizli saxladığı ən məhrəm arzusunu ürəyində özü-özünə pıçıldayar və öz müqəddəs niyyətinə çatacağına inanardı. Qarabağ şikəstəsi oxunanda səbəbini anlamasaq da qollarımızda tüklər biz-biz olar, zəngulələrin ahənginə uyğun olaraq əzaları növbə ilə sıxılıb-açılan ürəyimiz atlanardı. Minillərin tarixində mürgüləyən yaddaşımız oyanar, gözlərimiz önündə Dədəmiz Qorqud canlanardı. Tarixi genetik yaddaşımızın bütün müqəddəsləri bu şikəstənin səs pərdələrində sıralanardı.
Qarabağımızı namərdlər bizdən hiylə və məkrlə aldılar. Düşmənlər Dədə Qorqudun qopuzunu, Şeyx Nizaminin müdrikliyini, Nəsiminin İnsanlıq hayqırtısını, Füzulinin əfqanı göylərə ucalan eşqini əsir etdilər. Bülbülü susdurdular, Xan əminin ruhunu küsdürdülər. Çal-çağır bitdi, xalq yetim qaldı. Düz 30 il. Qarabağdan söz düşəndə daha üzlər gülmürdü, “düşmənlər eşidər” deyə dərindən ah çəkməyə də cürət etmirdik. Mərdlikdən- mədəniyyətdən, tarixdən-ərənlikdən danışanda gözlərimizi bir-birimizdən yayındırır, bir-birimizin üzünə baxmaqdan utanırdıq. Şüurumuz da, hissiyyatımız da kütləşmişdi. Daha Qarabağ şikəstəsi də əvvəlki tək ruhumuzu atlandıra bilmirdi.
Qarabağ da yetim qalmışdı. Düşmənlərin tənəsi və tapdağı altında. Yad kəslərin yad səsləri Qarabağı lal-kar etmişdi, o artıq çal-çağır yeri deyildi. Dağların başına çökmüş duman düz 30 ildi ki, çəkilmək bilmir, Qarabağ artıq çiçəklənmir, xarı bülbül isə yad nəfəsdən gizlənirdi. Çaylar lal sükutla axır, torpaqlar da bar verməyə can atmırdılar. Min illərlə daş üstünə daş qoyularaq tikilən Qarabağ ilbəil, günbəgün sökülürdü. Yiyəsiz Qarabağ düşmənin işgəncəsi altında inildəyə-inildəyə dağılıb tökülürdü.
Nəhayət, 30 illik ayrılıq qədim Oğuz elini bir meydana topladı, hər küçədən, hər evdən bir cəngavər çıxdı, el bir oldu. Qarabağ itkisinin ağırlığından dizi çökmüş xalq özündə təpər tapıb ayağa qalxdı və düşmən üzərinə yeridi. Qarabağ əsirlikdən xilas oldu və öz xalqının ağuşuna sığındı. Ürəyimiz Şuşaya Qələbə bayrağımız sancıldı. Şuşa məscidindən səmaya azan səsləri ucaldı, Şuşa qalasından, Ağdamdan, Füzulidən, Kəlbəcərdən Qarabağ şikəstəsi havalandı. Qarabağ azad oldu -milyonların ürəyində sərasər 30 il səslənən ən müqəddəs arzu gerçəyə çevrildi.
Bu gün yenə bütün arzularımızın anası Qarabağdır. Hamının bir arzusu var: Qarabağı murdar düşmənin ayaq izlərindən təmizləmək, onu geyindirib-keçindirmək, onu bəzəyib Azərbaycanın və dünyanın ən gözəl bəzəyinə çevirmək.
Arzularımız çin olsun!
Cavanşir Feyziyev