21 Oktyabr 2014 10:57
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beş-on günün sözüdü. Dostlardan biri zəng edir. "Üstündə 100 manat var? Təcili borc verə bilərsən? Maaşda qaytaracam. Varındısa, ukraynalı dostumla bir yerdəyəm, gəlim götürüm".

Səbəbini soruşmadan: "Gəl götür, varımdı" - deyib telefonu qapadıram. Bu adam hara, Ukrayna hara, nə 100 manat, pulu neyləyir ki? Fikrimi toplamamış mühafizə xidmətindən zəng gəlir ki, qapıda məni iki nəfər gözləyir. Portmanemi götürüb aşağı düşürəm.

"Ukraynalı" bir kənarda gözləyir. Adamsa gözləri parıldaya-parıldaya indicə bu əcnəbidən 1500 avroluq bir qazan dəstini 200 manata aldığını söyləyir. "Bakıya sərgiyə gəliblər, - deyir, - reklam üçün gətiriblər, geri aparmayacaqlar ki. Öz qiymətindən 7 dəfə ucuzuna verdi, qızıma cehizlik aldım". Maraq üçün küçəyə çıxıb maşındakı qazan dəstinə baxıram. Həə... Belə dəstlərdən bazarlarda nə qədər desən. 200-ə deyib 180-ə düşürlər, axşambazarı lap 150-yə də almaq olur. Çox uğurlu alış-veriş etdiyini güman edən dostum sevincindən göyün yeddinci qatındadı. "Qiymətinə bax hələ",- deyib qutudakı 1500 avro yazılan kağızı şəstlə mənə göstərir. Yazığım gəlir, bəlkə də, ömründə ilk dəfədi qızına nəsə alıb, deyə qol-qanadını sındırmaq istəmirəm. Amma bilirəm ki, onu aldadıblar. Üzünə vursam, pərt olacaq. Kişi xeylağıdı. Bu zay dəsti guya su qiymətinə aldığına görə sevinib xoşbəxt olursa, qoy olsun. Bəlkə, bu anda onun xoşbəxt olması üçün yeganə üsul elə budu? 100 manatı verib ukraynalıdan "Nədi sərginizin adı? - soruşuram, - müxbir göndərək gedib çəksinlər. Haradadı sərgi?" Hərifin dili topuq vurur. Gülə-gülə aralanıram onlardan, 3-4 addım getcək geri boylanıb "Mübarəkdi, - deyirəm, - sağlıqla işlətsin". Mübarək - yəni bərəkət qazanansa həmin ukraynalı cildinə girən fırıldaqçı işbaz idi. Bax hələ düşündüklərinə - rus yox, belarus da yox, məhz ukraynalı. Əminəm, dostum qarışıq bir çox sadəlövh insan üçün bu amilin də rolu vardı - rus təcavüzünə məruz qalan dərddaşına yardım etmək, qərib yerə gələn azadlıq carçılarına dəstək olmaq. Belə də edir və ruhları incimədən aldanırdı binəvalar...

***

Hərdən elə bilirəm bütün fırıldaqçılar mənim dostlarımın dostlarıdı. Yox, düz alınmadı, fırıldaqçıdan nə dost? O amerikalıların "6 salamlaşma nəzəriyyəsi" ki var, o nəzəriyyə yalnız İngiltərə kraliçasına yox, yer üzünün bütün insanlarına şamil edilir, o cümlədən də fırıldaqçılara, adam aldadanlara, canilərə. Nəzəriyyəyə görə, dünyadakı insanların hər biri digərindən 6 salamlaşma məsafəsindədir. Yəni məsələn, mənim şəxsən tanıdığım adamlardan biri, tutaq ki, bizim səhiyyə naziri ilə əl verib görüşən adamdır. Bu, bir salamlaşma. Bizim səhiyyə naziri misalçün, Rəcəb Tayyib Ərdoğanla şəxsən tanışdı, görüşəndə əl verirlər. Ərdoğan, məsələn, İngiltərə kraliçası ilə görüşəndə hətta öpüşüb görüşür. Con Smit adlı birisi, deyək ki, kraliçanın şəxsi sürücüsüdür. O sürücünün oğlu da Devid Bekhemin qızı ilə bir sinifdə oxuyur. Yəni mənimlə Devid Bekhem arasında bir-birini şəxsən tanıyan 5 nəfər var. Eyni cür mənimlə dünyanın fırıladqçıları arasında da vur-tut 6 salamlaşma səviyyəsində bir ara məsafə var. Belə olmasa, o sarsaq mesajlar mənim də baş-beynimi aparmazdı. Amma və lakin məsafə az olsa belə, sms yazan adamların məram və məqsədini anlaya bilmirəm. Məntiq və izahları yoxdu - bu bəlli. Bəs məqsədləri nədir? SMS-ləin qısa məzmunu - "Qurani-Kərimdə 114 surə var. Quran müqəddəs kitabdır, ona görə surələrin sayı da müqəddəsdir. İnanmırsınızsa 114 rəqəmindən təvəllüd tarixinizi çıxın, alınan rəqəm sizin yaşınızı göstərəcək. Bu o deməkdir ki, Quran müqəddəsdir". İş bu ki, təqvimdə 2014-cü il olduğundan bu rəqəmdən təvəllüdümüzü çıxdıqda yaşımız alındığı kimi 114-dən də eyni qaydada - təvəllüdümüzü çıxdıqda yaşımız alınacaq. Bu, adi hesabdı, möcüzə-filan deyil. Maraqlı budur ki, bu qəbildən sms-lər eyni tələblə tamamlanır - "bu sms-i 10 nəfərə göndərsən, arzuların yerinə yetəcək". Və insanlar, arzuların əlində girinc olub qalan zavallı insanlar da başlayırlar sms-lə copy-paste əməliyyatı aparmağa. Konturlar azaldıqca azalır...

***

Möcüzə-filan axtarmayın. Yaşamağın, sevməyin, sevilməyin özüdür möcüzə. 114 surənin xoşbəxtliyə nə dəxli?


Müəllif: Afaq Vasifqızı