19 Sentyabr 2021 17:27
6 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəri başdan deməliyəm ki, 1920-1940-cı illərdəki böyük terror dövründə həlak olan, sürgün edilən, mühacirətə gedən, qətlə yetirilən, bolşeviklərin tərəfinə keçən, öz yoldaşlarını satan, üzə duran, canı üçün hər şeyi mübah bilən hər kəsə eyni yanaşmanın sərgilənməsinə qarşıyam.

Axı Bakıda Pankratovun qanlı əllərini sıxaraq ölüm siyahılarının hazırlanmasına bütün varlığı ilə kömək etmiş Əliheydər Qarayevlə Solovki sürgünündə can vermiş Əli Yusifə necə eyni yanaşma sərgiləyib, dövrün tələbi demək olar. Şübhəsiz ki, hər bir tarixi şəxsiyyətin müxtəlif dövrlərdə etdiyi müsbət və mənfi hərəkətlər olub. Lakin daha əvvəl etdiyi müsbət iş xalqın taleyinin həll olunduğu məqamda atdığı mənfi addımı əsla islah etməz və etməməlidir.

Bolşevik istilası təkcə Azərbaycan Cümhuriyyətini yox etmədi, eyni zamanda Azərbaycanda ikitirəlik yaratdı. Bir tərəfdə burjua-millətçi satqınlar, digər tərəfdə yeni proletar düzəni dəstəkləyən fəhlə-kəndli sinfi kağız üzərində formalaşdırıldı. Ardınca böyük terror yolu ilə bu “siniflər” qarşı-qarşıya gətirildi, satılanlar, dözməyib intihar edənlər, fürsətini tapıb ölkədən gedənlər oldu. Ölkədə yaradılan bu vəziyyət qarşısında siyasətçilər, ədəbiyyatçılar üz-üzə gələsi oldular, bu gün də mübahisələrə səbəb olan üzədurma mərhələsi başladı.

Bu həm də Azərbaycan ziyalısının bolşevik tələsi ilə imtahanı idi.

Bu imtahanın şərtləri ağırdı: Ya ac qalıb sürünəcək, hər yerdən uzaqlaşdırılacaqsan, damğalara məruz qalacaqsan, ya da ki yeni quruluşu dəstəkləyərək önə atılmış paydan sən də dadacaqsan. Üstəlik keçmişindən imtina edəcək, keçmiş silahdaşlarını məqalələrinlə, hekayələrinlə, şeirlərinlə mətbuatda hədəf göstərib onların ölüm və sürgün siyahısına düşməsinə çalışacaqsan.

Ağır günlərdi.

Bu gün empati qurmaq, edilən hərəkətləri anlamaq olar. Həbsxanalardakı işgəncələr qarşısında insanların sınmalarını əsla qınamaq olmaz. Bolşeviklərin bolşevik Ruhulla Axundova verdiyi işgəncələri oxumaq belə zülmdür.

Lakin bir daha xatırlatmaq lazımdır ki, bu işgəncələrə dözən, sürgündə ən ağır şərtlər içində yaşayan, qarşısına qoyulan sənədləri imzalamadığı üçün öldürülən kimsələr də vardı. Ona görə də bu iki halı eyni tərəziyə qoymaq olmaz. Edilən hərəkətləri anlamaq olar, amma eyni kisəyə qoymaq olmaz.

Bu qədər uzun giriş verməyimin səbəbi Üzeyir bəy Hacıbəyli ilə bağlıdır.

Yazdıq ki, bolşevik istilası ikitirəlik yaratmışdı. Vətəndə qalanların əksəriyyəti mühacirətdə təqdir edilmirdi. Mühacirətə gedənlər isə Vətəndə ən ağır ifadələrlə tənqid və təhqir olunurdular.

Mühacirətə gedənlərə görə Nərimanov hər zaman 27 aprel işğalı ilə birgə xatırlanacaq şəxsdir, Məhəmmədhəsən Hacınski isə cəbhəsini dəyişən mürtəddir. Bolşevik mətbuatına görə isə müsavatçılar Paris küçələrində yal davası edən bir qrup fəhlə-kəndli düşmənləridirlər.

Mühacirətdəkilərə görə Yusif Vəzir Çəmənzəminli “şərəfsiz aqibətə” məruz qalmış şəxsdi, Bakıdakılara görə o, həqiqəti dərk etmiş Sovet Azərbaycanına romanları ilə xidmət edəcək bir yazıçıdır.

Amma müsavatçılardan üz döndərən adamlar zamanı gəldiyində lazım olmadıqlarında bütün keçmişləri dəqiqiliklə ortalığa çıxırdı. Məsələn, bolşevik yazıçı Əli Vəliyev Salman Mümtaza türk paşalara yazdığı şeirlərini ortaya çıxara biləcəyini rahat deyə bilirdi. Almas İldırımın özündən xəbərsiz hansısa şeiri Türkiyə mətbuatına yol açmışdısa, anında Bakıda ona qarşı istifadə oluna bilinirdi. Əhməd Cavadın Çar və Cümhuriyyət dövründə yazdığı şeirlər mühacirət mətbuatında çıxdığı zaman keçmiş yaradıcılığına görə təqib edilə bilinirdi.

Amma yeganə Üzeyir bəy idi ki, onun haqqında da bədxahları Sovet Azərbaycanında ara-sıra donoslar yazsalar da, hər iki tərəfdə sevilən insandı.

Üzeyir bəy mühacirətdəki cümhuriyyətçilərə görə Azərbaycanın milli oyanış dövrünün görkəmli ziyalısı, böyük bəstəkar və mühərrir idisə, eyni zamanda bolşeviklər üçün də belə idi.

Üzeyir bəy vəfat edəndə mühacirətdə onun haqqında ən yaxşı məqaləni Rəsulzadə yazmışdısa, Bakıda onu son mənzilə yola salan şəxs müsavatçıların qatillərindən Mircəfər Bağırov idi.

Üzeyir bəy hər iki Azərbaycanın himninin müəllifi idi.

“Arşın mal alan”, “O olmasın bu olsun” hər dövrün əsərləri idi. Bakıda da oynanılırdı, İstanbulda da.

Əgər bir çox ziyalı mühacirətdə qohumu olduğuna görə təqiblərə məruz qalmışdısa, Üzeyir bəyə Parisdə qalan qardaşını Azərbaycana dəvət etmək imkanı da verilmişdi. Baxmayaraq ki, Ceyhun bəy qəbul etməmişdi, amma ən yüksək səviyyədə Üzeyir bəyə təminat verilmişdi.

Ceyhun bəy Parisdə Azərbaycan istiqlal mübarizəsini apararkən Üzeyir bəy Bakıda xalq qəhrəmanı “Koroğlu”nun üzərindən keçmiş qəhrəmanlıq səhifələrini canlandırırdı.

Əgər Cəlil Məhəmmədquluzadə faktiki bolşeviklər tərəfindən dışlanmışdısa, bir kənarda unudulmağa məhkum edilmişdisə, Üzeyir bəyə Azərbaycanda peşəkar musiqi məktəblərini yaratmağın önü taybatay açılmışdı.

Əgər Üzeyir bəy İkinci Dünya müharibəsində Qırmızı ordu əsgərlərinə marşlar yazmışdısa, onun vəfatı ilə bağlı Əbdürrəhman Fətəlibəyli önəmli məqalə dərc etmişdi...

Adətən, hər kəs tərəfindən sevilən adamlar haqqında xoş ifadələr söylənilmir. Amma Üzeyir bəy istisnadır.

Üzeyir bəyin sirri də bundadır.

Onun “Azərbaycan” qəzetində qələmə aldığı yazıların ruhu bolşevik istilası ilə silinəcək bir şey deyildi. 28 illik həyatında yaza bilmədiyi o məqalələr “Koroğlu”nun timsalında gizli də olsa üzə çıxmışdı.

Üzeyir bəy doğru bildiyi işi görmüşdü. Əgər mühacirətə getsəydi, o ağır şərtlər altında Azərbaycan musiqisinə nə qədər faydalı olacağını düşünmək çətindir. Ola bilərdi ki, arzusunda olduğu Avropa təhsilini alsın, daha böyük dünyanın sənətkarına çevrilsin. Amma bunlar sadəcə ehtimallardır.

Üzeyir bəy ən doğrusunu edərək vətəndə qaldı, öz işi ilə məşğul oldu, tələbələr yetişdirdi, mühüm əsərlər yazdı, əvəzsiz bir irs bəxş etdi.

Uzun illərdən sonra isə ilk dəfə doğum günü anadan olduğu torpaqda qeyd olundu.

Təbii ki, hər kəsin ürəyindən mümkünsüz bir arzu oyandı.

Əcəba, Üzeyir bəy “Azad Şuşa” marşını necə bəstələyərdi?!


Müəllif: Dilqəm Əhməd