3 Mart 2015 12:49
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mina Tansel

Teleqraf.com türk yazıçı, siyasi elmlər doktoru Mina Tanselin Hacı Zeynəlabdin Tağıyev haqqında yazdığı köşə yazısını təqdim edir.

***

Məşhur teatr salonu alqışlardan lərzəyə gəlmişdi. Teatra gələn insanlar – salondakılar, lojadakılar, eyvandakılar – səhnəyə deyil, lojalardan birinə dönərək ovucları şişənədək alqışladılar. Nəzərlərin və alqışların yönəldiyi lojada orta boylu, bığlı, saqqallı bir şəxs vardı.

Bu səhnə 27 oktyabr 1888-ci ildə Çar Rusiyasının sərhədləri daxilində yerləşən Bakıda yaşandı. Məşhur teatr binasında baş tutan ilk tamaşaya görə, xalq teatrı tikən iş adamı Hacı Zeynəlabdin Tağıyevə coşğulu alqışlarla öz təşəkkürlərini bildirirdi.

Professor Firdovsiyə Əhmədovanın dediyinə görə, Tağıyev həmin axşam yaşadığı duyğuları sonralar növbəti dəfə Kəbəni təvaf edərkən duyduğunu söyləmişdi.

Bu yaxınlarda Ankarada Tarihtaş dərnəyi tərəfindən təşkil edilən “Hacı Zeynəlabdin Tağıyev və Qafqaz İslam Ordusu” mövzusundakı konfransda Azərbaycanın önəmli şəxsiyyətlərindən birini azərbaycanlı tarixçilərin özündən dinləmək imkanı tapdıq.

Tağıyev yoxsul bir ailənin övladı olaraq dünyaya gəlib, kiçik yaşlarından fəhləlik edib, qazandığı puldan qənaət edərək torpaq alıb. O dönəmlərdə Bakı və ətrafında torpağını qazan hər kəs kimi o da petrol tapmışdı! Petroldan əldə etdiyi sınırsız gəliri başqa istehsal sahələrinə yatırmış, fabriklər açmışdı. Amma ən əsası fərqli bir kapitalist olmuşdu: fəhlələrin çox pis vəziyyətdə yaşadığı XIX əsrin sonlarında Tağıyev işçilərinə ev, səhiyyə mərkəzi, kitabxana, onların övladlarına isə məktəb tikdirmişdi.

Neft mərkəzi Bakı həmin dövrdə Çar Rusiyasının önəmli bir gəlir mərkəzi olsa da, mərkəzi hökumət bu şəhərə yatırım etməyə heç də həvəsli deyildi.

Tağıyev yerli neft zənginlərini, iş adamlarını ətrafına toplayaraq şəhərin inkişafı üçün bir çox layihəyə rəhbərlik etdi: şəhərə su çəkilməsindən, atlı tramvayların fəaliyyətə başlamasına qədər bələdiyyənin etməli olduğu bir çox sahəyə əl atdı, bunları həyata keçirmək üçün öz maddi sərvətindən istifadə etdi. Bütün bunları etmək üçün isə Peterburqdakı hökumətin dirənişini qırmalı idi…

H.Z.Tağıyev xalqın təhsilinin və mədəniyyətinin inkişafı üçün də maddi dəstəyini əsirgəmədi. Türk dilində yayınlanan qəzetlərə, jurnallara maddi yardım etdi. Həmin dönəmlərdə zadəgan ailələrindən olmayan müsəlman gənclərin Rusiyada universitetdə oxumaq imkanları yox idi. Tağıyev müsəlman tələbələrin Rusiyanın müxtəlif yerlərində yüksək təhsil almaları üçün xeyli yardım etdi.

Azərbaycanın Sovetlər zamanındakı ilk rəhbəri olan Nəriman Nərimanov da Tağıyevin pulu ilə təhsil alan şəxslərdən biri idi.

Tağıyevin Azərbaycanda açdığı məktəblərdən ən önəmlisi ilk dünyəvi qızlar (1910-cu ildə) məktəbidir. Hacı müsəlman qız uşaqlarının təhsil alacağı bu məktəbi açmaq üçün illərlə cəhd göstərmişdi. Həm rus çarını, həm də yerli xalqın mühafizəkar kəsimini razı salmaq üçün xeyli çaba göstərmişdi. Bunun üçün xeyli vaxt lazım olmuşdu.

AMEA-nın Tarix İnstitutunun rəhbəri professor Yaqub Mahmudovun vurğuladığı kimi, peşə təhsilinə də önəm verən Tağıyevin açdığı peşə və texniki məktəblər sırasında Mərdəkandakı bağçılıq və şərabçılıq məktəblərinin olması xüsusi diqqət çəkir.

İndiki dönəmdə qazanclarının bir hissəsi ilə topluma yararlı işlər görmək şirkətlər üçün məcburiyyət halına gəlib. H.Z.Tağıyev isə təkcə Rusiyada deyil, ABŞ və İngiltərədə də vəhşi kapitalizmin hakim olduğu illərdə işçi hüququna olan hörməti, toplum qarşısındakı məsuliyyət hissi, həmin vaxtlar yeni müzakirə edilməyə başlanılan qadın hüquqlarına önəm verməsi ilə dövrünün aparıcı şəxsi olmaqla yanaşı, bu gün də iş dünyasında örnək alınası bir şəxsdir.

Üstəlik, yenə professor Firdovsiyyə Əhmədovanın dediyi kimi, “sünni-şiə yoxdur, müsəlman vardır” deyən Hacı müsəlmanlığın fərqli şəkildə təqdim edildiyi bu günlərdə örnək bir müsəlman olaraq işıq saçır.


Müəllif: Mina Tansel