Öz ixtirası əsasında düzəldib, otağın girəcəyinə qoyduğu, toka qoşulu yekə metal qurğu elektrikə qənaət edə-edə içərini pis qızdırmır; ev sahibi olan qəribə adamla görüşü təşkil eləmiş dostlar irəlidə hələ daha maraqlı şeylərlə - söhbətlə, mülahizələrlə qarşılaşacağımıza inandırmaq üçün gülümsünürlər.
Mənsə təxminən 15 il qabaq, mövsümün elə bu dəmlərində, elə bu evdəkinə oxşar redaksiya otağında, amma daha soyuq şəraitdə qarşılaşdığım başqa bir insanı xatırladım. Onda redaksiyalara maraqlı adamlar gəlib çıxardılar...
Həmin arığaz, deyərdim, gendən xeyli zəif görünən Allah bəndəsi akademiya institutlarından birində çalışırdı. Şagird dəftərinin qoşa vərəqinə adi qələmlə çəkdiyi sxemi stolun üstə açıb daimi mühərrik icad elədiyini bildirirdi. Daim mühərrikin elmdə bir “xürafat” olduğundan hər halda xəbərdardım. Bu haqda Moskvada yaşayan məşhur azərbaycanlı ziyalı Əziz Şərifin 70-ci illərin sonlarında “Azərbaycan” jurnalında çap olunan silsilə gündəliklərindən də oxumuşdum.
Əziz Şərif yazırdı ki, ixtisasca mühəndis olan atası Qurbanəli Şərifzadə (Cəlil Məmmədquluzadə ilə dostluq edirmiş, bəlkə də, qohumdular, yazıçıya maddi yadım da göstərirmiş, hətta deyilənə görə, Mirzə Cəlil məşhur personajına onun adını qoyubmuş) müntəzəm olaraq daimi mühərrik ixtira eləməyə səy göstərir, vaxt sərf edirmiş.
Redaksiya qonağının “kəşfi” (məncə, dırnaq qoymaq olar, çünki o kəşfin sonradan heç bir səsi-sorağı çıxmadı) haqda kiçik bir yazı yazdım. Belə idealist adamların cəhdlərinə büsbütün biganə qalmaq günah olar.
Quşqarı familli daha bir böyük kəşf iddiaçısı olan həkimlə də görüşmüşdük 90-cı illərin ikinci yarısında. Şəkər, xərçəng kimi sağalmaz bəlaların əlacını tapdığını söyləyən - daimi mühərrikin mühəndisi kimi həkim həmsöhbətim də kəşfinin təsdiqi üçün maliyyə mənbəyi arayırdı - həkimdən yazmaq sırf texniki baxımdan baş tutmadı. Diktafonun düyməsi etibarsız çıxmışdı...
***
Kəlbəcərdə doğulmuş Nəbi Həmidovla söhbətə daha bir kəlbəcərli jurnalist dostum Elxan Salahovla getmişdik, ancaq buna müsahibə demək olardı, ya yox, bilmirəm. Nəbi müəllimin elə ilk başlanğıcda fizika haqda elementar biliklərimizi alt-üst eləyən fikirləri sanki otaqqarışıq bütün söhbətin planlı strukturunu tərsə çevirdi. Necə deyərlər, “inananlar inansın, inanmayanlar inanmasın”. Dırnaq arasına aldığım ifadə Quran ayəsidi.
O, məhz cazibə qanunu barədə “Fizika” dərsliyindən mənimsədiyimiz ibtidai bilikləri cəfəngiyat adlandırdı. Yuxarı atılan daş nə üçün aşağı düşür?.. Yadınızdadısa, ona görə ki, daşı Yer özünə çəkir. “Bəs onda hava doldurulmuş şar niyə yuxarı uçur? Cazibə qanunu harda qaldı?” Nəbi müəllim sual verir.
“Yaxşı, - davam edir, - deyirlər, küləyi atmosferin fərqli temperaturda qızması nəticəsində soyuq hava axını yaradır. Onda şaxtalı havada isti otağın pəncərəsindən içəri soxulan havanın sürəti niyə aşağı olur? Məntiqlə soyuq hava yüksək sürətlə içəri hücum çəkməlidi...”
Nəbi Həmidov fizika nəzəriyyəsini, xüsusən İsaak Nyutonun mexanika teorisini boş fikir yığını adlandırır və hesab edir ki, təbiət elmi empirik elmdi; yəni əslində tətbiq olunan şey elmdi, qalan nəzəri düşüncələrə əhəmiyyət verməmək gərək...
Nyutona isə adından etiraz edir - bu bir yəhudi proyektidi, deyir.
***
İddiaları ciddidi! Məsələn, mayenin uzaq məsafəyə çox sadə və kiçik xərclə ötürülməsi qaydasını kəşf etdiyini söyləyir. Üstəlik, kəşfini təcrübi sınaqda da göstərir. Bu hesabla neft kəmərləri çox ucuz başa gələr. Zəlzələləri, vulkanları proqnozlaşdırmağı mümkün sayır. “Zəlzələni əksər canlılar qabaqcadan duyur, bircə insanlardan başqa, niyə?” Bu da onun növbəti sualıdı.
Geoloji proseslər, Yerin daxili quruluşu haqda tamam fərqli mülahizələr irəli sürür və bütün bunları anlayıb qiymətləndirmək üçün jurnalist yox, alim olmaq lazımdı.
Elm adamları onun ümidini qırıb. Alimlər onu həvəssiz dinləyir, ona vaxt ayırmaq istəmirlər. Axı, niyə?.. Görünür, öncə insanları cəzb eləməyin elmini kəşf eləmək gərəkdi.