Kəramət Böyükçöl
Uşaq vaxtı çox qoyun otarmışam. On beş yaşımacan çöl yerində yaşamışam. Bəlkə ona görə çobanlara çox inanıram. Yəni əməlli-başlı çobanlıq etmişəm. Ucu-bucağı görünməyən geniş çöllərə göz işlədikcə baxmaq ruha qidadır. Uzaqlara baxdıqca gözün dincəlir. Elə rahat olursan... İnsanlar o qədər təmizdir.
Bakıya gəldiyim gün elə bil başıma daş düşdü. Burda adamlar bir-birinə o qədər yaxındır, bir də görürsən bir kişi qaçının üstündə yeriyir. Yalvarırsan, düşmür. Xeyri yoxdur. Əlacı olsa, alnındaca dükan açıb icarəyə verər.
Mənə elə gəlir ki, şəhər yerində uzaqlar olmur. Yəni hər yer bina, ev, neft buruğu, bank... Gözün binaya dirənir. Amma əsl uzaqlar çöldür. Çöl genişliyi mənim üçün əsl xoşbəxtlikdir. Çöl həm də azadlıq deməkdir, burda ürəyin istəyən qədər söylənə bilərsən. Hətta həqiqəti qışqıra-qışqıra deməkdən də çəkinmirsən. Daha şəhərdəki kimi düz sözü çayxanada bir-birinin qulağına pıçıldamırlar.
Çöldə pıçıldamalı nə var ki? Uzaq başı gəlinlər hamilə olanda bir-birlərinə gizlin nəsə gənəşirlər. Çöldə qoyun otara-otara o qədər ulamışam. Ürəyindən keçən sözləri otlara, çiçəklərə o qədər danışmışam...
Ən gözəli o ki, danışdığın sözlərə görə sənlə hesab-kitab çürütmürlər. Axı, çöldə kim səni işdən çıxara, yerindən eləyə bilər? Bulud o adamın başına elə yağar, elə yağar... Bəlkə də, xərçəng xəstəliyi istəsən də danışa bilmədiyin sözlərin topasıdır. Söz yığılır, yığılır, axırda şişir, şişir və şiş əmələ gəlir.
Niyə tez-tez deyirlər ki, çöl adamı sağlam olur? Şübhəsiz, bunun fiziki tərəfləri var. Yəni qida təmizdir, hava safdır və sair.
Amma məncə, məsələnin mənəvi tərəfi daha əsasdır. Əvvəla, informasiyalardan uzaqsan, dünyada olub-keçən nə varsa, xəbərin yoxdur, kim kimi satdı, kim kimə xəyanət elədi, kim kimi öldürdü, kimi həbs elədilər, kim kimin haqqını yedi... Heç nədən halı deyilsən. Sözsüz ki, mən dünyadan xəbəri olmamağı yaxşı şey hesab eləmirəm. Sadəcə, onların rahatlığına və xoşbəxtliyinə qibtə edirəm. Kaş mən də elə olaydım. İşləri-gücləri qoyun-quzu, toyuq-cücə, at, it, eşşəklə oynamaqdır. Məncə, həyat belə gözəldir.
Sizcə, İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın davası yaxşıdır, yoxsa toyuqlara dən tökmək, inək otarmaq, uzunqulağın belində su daşımaq? Yeri gəlməmişkən, bu iki Xalq artisti əməlli-başlı xalqın əsəblərini korlayıb. Xüsusən, İlhamə Quliyeva insanların sinir sistemini pozub. Axı bu nə əzabdır bizə verirlər?
Yaxud sizcə, Hafiz Hacıyevi tanımaq daha yaxşıdır, onun çıxışlarına qulaq asmaq daha xeyirlidir, yoxsa kənddə qoyun otarmaq, atlara, inəklərə qulluq eləmək?
Filankəs filankəsi məhkəməyə verdi. Səbəb də odur ki, filankəs məni təhqir elədi. Adama deyən yoxdur ki… Əgər cəmiyyətdə bu cür şeylər heç bir qanunla tənzimlənmirsə, bəs yolu nədir?
Yolu çöldə yaşamaqdır. Mən uduzdum, gedirəm kəndə...