Dünya beynəlxalq turizm gününü qeyd edəndə Gəncədə yaşayan dostlarımız tətil keçirməyə Bakıya yox, Tiflisə üz tutdular. Halbuki onların (eləcə də yüzlərlə başqa insanın) Bakı səfəri daxili turizmin sayını artıran göstərici kimi qeydə alınacaq və möhtərəm mədəniyyət və turizm nazirinin cari hesabatındakı rəqəmlər daha yüksək olcaqdı. Hər rəqəmsə sadəcə rəqəm deyil ki, əhalinin cibinə və dövlətin büdcəsinə gələn gəliri artıran əsas amildir. Amma belə olmadı. Səbəb? Yox, yalnız qiymət fərqi deyil səbəb. Başqa səbəb də var.
**
Bu yay İstanbulun mərkəzi küçələrində ərəb dili türk dilini necə üstələyirdisə - və həqiqətdə də belə idi, hətta o qədər ki, Taksimdə çalıb oxumaqla pul qazanan küçə musiqiçilərinin də repertuarları əsasən ərəb mahnıları, şərq motivlərindən ibarət idi – bax, eynən Tiflisdə də gözəlim azərbaycan dili gürcü dilini eşidilməz edirdi. Hər tətil vaxtı, hər şənbə-bazar şəhərin restoranları da, iri alış-veriş mərkəzləri də əsasən bizimkilərin ixtiyarında. Gürcü binəva sevinməsin neyləsin? Durduğu yerdə ölkəyə xaricdən sel kimi valyuta axıb gəlir. Kim istəməz?
***
Təxminən 2000 il əvvəl romalılar bu şəhəri salanda Temza çayının şimal sahilini tikinti meydanına çevirdilər. Beləcə, London Temzanın Şimal dənizinə töküldüyü yerdən bir qədər aralıda bərqərar oldu. Günü bu gün də Temza nəinki Londonun əsas rəmzi, həm də bu şəhərin hərəkətverici qüvvəsi sayılır. Bu çayın bir özəlliyi var – Temza Ayın cazibə qüvvəsinin təsirilə okean dünya okeanında gedən qabarma və çəkilmə prosesini əks etdirən nadir çaylardan biridir. Yəni çayın suyu sutkada iki dəfə istiqamətini dəyişir. Adi vaxtda çay mənbəyindən dənizə doğru axır və bəzən lap azsulu çay təsiri bağışlayır. Okeanda qabarma prosesi gedəndə isə, yəni sutkada iki dəfə Temza tərsinə axır – dənizdən adaya və bu zaman elə sürətli axın müşahidə olunur ki, suyun səviyyəsi 8 metrə çata bilir. Çayda elə yerlər var ki, gün boyu insanlar burada gəzir, səyyar kafelərdə istirahət edirlər. Sutkada iki dəfə isə həmin ərazi dəniz sularının, iri-iri balıqların ixtiyarına keçir. Elə həmin ərazidə heykəl yapmaqda da məqsəd dumanlı Albionun bu özəlliyini dünyaya faş etməkdən ibarətdir. Ceyson Teylorun yeni heykəl kompozisiyası burada qurulub. Və bu heykəllər yalnız sutkada iki dəfə - çayın suyu çəkiləndə boy verib görünür, qalan vaxt suyun altında qalıb gözəgörünməz olurlar. Belə qeyri-adi heykəli ucaltmaqda məqsəd ekoloji problemlərə diqqət çəkmək, qlobal istiləşmənin yer üzündə yarada biləcəyi fəlakət barədə həyəcan təbili çalmaqdı. Amma qlobalistikanın əhəmiyyəti bir yana, insanlar həm də nə olursa olsun - konkret əməllərdən real fayda qazanmaq şansı əldə edirlər. İndi Londona üz tutanlar Biq-Ben, Tauer körpüsü, Bukinhem sarayı, madam Tüssonun muzeyilə yanaşı həm də Temza sahilinə can atır, gəzinti planlarını qabarma-çəkilmə cədvəlinə uyğun qurub da heykəllərin boy verdiyi vaxtda həmin yerə gəlirlər. Son nəticədə çox sayda turistin bir yerə toplaşması da ölkəyə, vətəndaşa və büdcəyə fayda ilə nəticələnir. Çünki hər turist nəqliyyatdan istifadə edir, çaydan-sudan – nəsə içir, dondurmadan-pirojnadan – nəsə yeyir, zəruri ehtiyaclarını da ödəyir ki, bunların da hamısı gəlirdən vergi formasında dövlətin xəzinəsini zənginləşdirir.
***
Bu il gözəllər gözəli Göygölün turizm obyekti kimi istifadəyə verilməsi Gəncə xəzinəsinə fayda vermədimi? Verdi, təbii. İllərdi dağlar gözəlini görmək istəyənlər dəstə-dəstə bölgəyə axışdılar ki, bu da daxili turizmə əməlli-başlı təkan verdi. Qosqoca ingilislər Ayın cazibə qüvvəsinin təsirindən belə turizm üçün faydalanırlarsa biz nədən Göygölün real mənəvi cazibə qüvvəsindən faydalanmayaq? Bir halda ki Bakı daxili turizmə “yox” deyir, barı Gəncə “hə” desin.
**
Gəldik çıxdıq əsas məsələyə. Bakı niyə daxili turizmə “yox” deyir? Yox? Demir? Bəs şəhər qapılarının rayon maşınlarının üzünə bağlamaq nədir, sizcə? Daxili turizmi qapatmaq deyil? Niyə Gəncə sakini tətil günlərində ailəsini Tiflisə aparıb istirahət edə bilir, Bakıya gəlişi isə əngəllənir? Yollarda tıxac var deyə? Yəni bu tıxaclarla başqa cür mübarizə aparmaq mümkün deyil? Bir də ki tıxac – çağdaş dövrün qaçılmaz atributudu. Avropada insanlar saatlarla tıxaclarda qalırlar və buna görə paytaxta gələn məmləkət əhlini qapı arxasında saxlayan da olmur. Palaza bürünüb ellə sürünürlər, şəkili-bakılı söhbəti salmaq ağıllarına da gəlmir. Biz niyə yolumuzu bağlayırıq ki? Yol axı şəhərin qan-damar sistemi kimi bir şeydi. Əzaların birindən qan axınını kəsib dayandırsaq orqanizmdə qanqren prosesi gedəcək – bu isə heç də yaxşı hadisə deyil. Digər tərəfdən – tıxacın nəyindən narazıdırlar – anlamıram. Tıxac olduqca maşınlar əlavə benzin yandırır, benzin istehlakının artması yenə də dövlət büdcəsinin xeyrinədir. Məgər Tiflisin dolanbadolan yollarına gedəndə benzin yandırmırlar? Elə öz paytaxtımızda yandırsınlar da. Kimə nə?
Afaq Vasifqızı