Bu gün qızımın doğum günüdür, iki yaşı tamam olur.
Qızımın yavaş-yavaş paltarları da böyüyür, əlləri də, ayaqları da, burnu da, baxışları da böyüyür, yerişləri də, gülüşləri də... Ürəyi də böyüyür...
Hərdən fikirləşirəm ki, bir qızım da olsaydı, onun da adını Jasmin qoyardım, sonra biri də olsaydı, o da Jasmin olardı... Qızımı o qədər çox sevirəm ki, bəlkə oğlumun da adını Jasmin qoyaram.
Qızımla tez-tez zarafat eləyirəm, qolunu dişləyirəm, o da hirslənir. Guya məndən küsdü, qaça-qaça yanımdan çıxıb gedir, qabağına bir pişik çıxan kimi qorxub təzədən üstümə yüyürür, boynumu qucaqlayır, küsdüyü yadından çıxır.
Qolumda bir xal var, qızım bir dəfə nə qədər əlləşdi o xalı qoparda bilmədi, axırda ağladı.
Hiss edirəm ki, balacam mənə çox inanır və güvənir.
Hərdən qızımın yaxasından yapışıram ki, tez ol, mənə “ata” de. O da acığa düşüb demir. Sonra başlayıram cırnatmağa. Corabını ayağından çıxarıb barmaqları dişləyirəm, ayağının altından öpəndə qıdığı gəlir, uğunub özündən gedir.
Amma yenə də xeyir olmur, “ata” demir ki demir. Axırda onun səsi ilə özüm özümə “ata” deyirəm...
Birdən isə gözləmədiyim bir vaxtda Jasmin qəfil ata deyib məni çağırır, sonra üzümə baxıb gülümsəyir. Bilir ki, onun ata sözü məni necə həyəcanlandırır, ona görə gülümsəyir.
Bilmirəm ona necə başa salım ki, mənə “ata” deyəndə əvvəlcədən xəbərdarlıq elə, qızım...
İçimdə qızıma qarşı dəhşətli dərəcədə sevgi var. Bu sevgini izah eləmək mənim üçün çox çətindir. Yazdığım və danışdığım sözlərin hamısı çox zəifdir, bu sözlərin heç biri izah deyil.
Əl-ələ tutub ata-bala yol gedəndə qızımın addım səslərini ürəyimin döyüntüsünə oxşadıram, elə bilirəm o, dayansa ürəyim də dayanacaq.
Bu yaxınlarda qızımı bir restorana apardım, göyərçin ayaqlarına oxşayan əllərini yeməyə batırıb birinci öz ağzına, sonra da mənim ağzıma uzadırdı. Həmin an elə bildim bütün həyat onun ovcunun içidir.
Bu gün Jasminin əllərinin də, burnunun da, gözlərinin də, ürəyinin də iki yaşı olur.
Hərdən elə istəyirəm ki, mənim də iki yaşım olsun. Qızımla birlikdə böyüyüb, onunla yaşıd olmaq istəyirəm. İstəmirəm nə mən onsuz, nə də qızım mənsiz qalsın.
Kaş onunla birlikdə doğulaydım, ikimiz də balaca olaydıq, sonra ikimizin də birlikdə iki yaşımız olaydı, sonra üç, sonra dörd, beş, altı, yeddi...
Elə istəyirəm mənim də ayaqlarım qızımın ayaqları kimi balaca olsun.
Qızım, doğum günün mübarək olsun. Göyərçin ayaqlarına oxşayan əllərindən, bir də cıqqılı burnundan öpürəm.
Mən səni çox sevirəm, qızım...