29 Dekabr 2015 11:21
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən bazar günü yuxudan qəfil bir zənglə oyandım. Oyanmağıma peşman oldum, desəm, heç də yanlışlığa yol vermərəm. Çünki röyada əməlli-başlı qəhrəmanlıqla məşğul idim: kimisini düşmən əlindən alıram, kimisinin haqqını müdafiə edir, kimisinə maddi yardım göstərirəm, ümumiyyətlə, əzilən, haqqı tapdanan kəsimin yanındayam.

Uzun sözün qısası, yuxuda həyatda ola bilməyəcəyim qədər böyük bir qəhrəman, xoş əməllərinə görə özü ilə iftixar edən bir şəxsəm. Ayılıb bütün bunların röya olduğunu gördükdə isə, sözün həqiqi mənasında, çox pis oluram. "Yuxuda da imkan vermirsiz ki, istədiyimiz kimi yaşayaq. Axı gül kimi xoşbəxt idim, qoymursuz ki, heç olmasa yuxuda arzularımıza çataq, istədiyimizi reallaşdıraq, insanlara kömək olaq", - deyə öz-özümə deyinirəm.

Əvvəlcə telefonu açmaq istəmirəm, lakin zənglərin susmaq bilmədiyini gördükdə qalxıb telefonu açıram. Zəng edən bir dostum mənimlə salamlaşıb, hal əhval tutduqdan sonra:
- Aqil, bu gün atamın vəfatının ildönümüdür, gələrsən bizə, sonra da qəbir üstünə gedərik, - deyir.
- Yaxşı, - deyib telefonu asıram.
Ora getməyə könülsüz olsam da, ildönümü mərasiminə görə başqa seçimimin olmadığını yaxşı bilirəm. Odur ki, bu günə planlaşdırdığım bütün işlərin üzərindən bir xətt çəkib üz tuturam Xırdalan şəhərinə. Burada, yəni il mərasimində bol qeybətə şahidlik etdikdən və bir fatihədən sonra işimiz bitmiş hesab olunaraq yollanırıq Xırdalan qəbiristanlığına. Dostum "Yasin" oxutmaq üçün qəbiristanlığın girəcəyində növbə çəkən molla görünüşlü bir nəfəri götürür maşına. Bu "yazıq" bəndə, qul bazarında dayananlar kimi, açıq səma altında səyyar molla olduğu üçün sanki hava şəraitinin bütün çalarları hopub onun üzünə. Başqa sözlə, isti, şaxta, külək, toz-torpaq onun rənginə rəng qatıb. Qul bazarında duranlardan fərqli olaraq bu "mollalar" yalnız bir peşəni bacarırlar (?): ölülər üçün "Yasin" oxumaq.

Əslində, mən buna ölüləri, elə diriləri də aldatmaq deyərdim. Çünki bu molla görünüşlü şəxslərin əksəriyyətinin dindən yaxından-uzaqdan əlaqəsi yoxdu və odur ki, "Yasin" adı ilə nə gəldi, nə cür gəldi oxuyurlar, səhvinə, düzünə, ağına, qarasına varmadan.

Molla başlayır dostumun atası üçün "Yasin" oxumağa. O, elə avaz vurur ki, sanki muğam oxuyur. Amma bu, nə muğamdı, nə də "Yasin". Başlayan kimi səhv etdiyini, sözlərin "evini yıxdığını" görürəm. Uşaq vaxtı ərəb dilini öyrəndiyim və "Qurani-Kərim"i səlis oxumağı bacardığım üçün bəzi şeylər az-çox yadımda qalıb. Odur ki, onun çoxlu səhvlər etdiyini asanlıqla sezirəm. Hətta bir-iki dəfə mollaya səhv oxuduğunu anladığımı hiss etdirirəm ki, bəlkə, düzgün oxuya, amma onunçün düz yol elə budu. Çörəyinə bais olmayım deyə səsimi çıxarmaq istəmirəm. Ancaq mollanın "Yasin" surəsinin belini qırmasına iradımı çatdırmasam, heç cür rahatlıq tapmayacağımı da yaxşı bilirəm. Nəhayət, ölünün də, bizim də canımız bu molladan qurtulur. Və mən sakitcə dostumu yola salıb, molla ilə haqq-hesab çəkməyə qalıram.

- Ay dayı, sizin bu oxuduğunuz nə idi? Özünüz öz oxuduğunuzu başa düşdünüzmü? Niyə camaatı aldadırsız? Axı siz "molla"sız və haramı, halalı yaxşı "bilirsiz", ancaq yenə də haram çörək yeyirsiz.
O, əvvəlcə düzgün oxuduğunu israr edir, lakin sonra hər şeyi yerli-yerində buna izah etdiyimi gördükdən sonra səhvini boynuna alır və məcburiyyətdən bu sahəyə yönəldiyini deyən "molla" "açır sandığı, tökür pambığı".
- Ay bala, haradasa 15-20 il qabaq uzun müddət işsiz qaldım. Hər gün səhər çıxırdım, axşam isə bir qəpiksiz qayıdırdım evə. Həyat yoldaşımla mübahisəmiz artıq adi hal almışdı. O, sosial-məişət ehtiyaclarımızı ödəmək üçün pul istəyir, mənsə para qazanacaq iş tapa bilmirdim. Çox işlərə qol qoydum, amma alınmadı, nəhayət, vəziyyətdən çıxış yolunu bu sənətdə tapdım. İlk olaraq "Yasin" və lazım olan digər surələri öyrənə bildiyim formada öyrəndim. Daha sonra isə iki manat verib bir araqçın və bir də qəbiristanlıqda mənə lazım olan surələrin olduğu kitabça aldım. Bu qəbiristanlıqda özümə yer də elədim. Bütün bunlardan həyat yoldaşım xəbərsiz idi. İlk iş günümdə xeyli pul qazandım. Apardım pulları verdim həyat yoldaşıma. O dedi ki, "a kişi, sən bu pulu haradan tapdın, yoxsa oğurluq etmisən?" Dedim yox e, nə oğurluq, iki manat verib bir araqçın, bir də "Yasin" kitabçası aldım və oldum molla. Artıq mən molla Sabirəm...

P.S. Bax, bizim molla deyə din öyrəndiyimiz şəxslərin bir çoxunun əsl siması, savadı budur...


Müəllif: Aqil Lətifov