“Fransa kimi böyük bir ölkənin prezidentinin səriştəsiz olması üzücüdür. O, ən azı bilməlidir ki, Gürcüstanda seçkilər elektron şəkildə keçirilib və ona görə də burada saxtakarlıqdan söhbət gedə bilməz”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin Regional siyasət və özünüidarəetmə komitəsinin sədri İrakli Kadaqişvili Emmanuel Makronun Rusiyanın Gürcüstandakı seçkilərə müdaxilə etməsi barədə bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, səriştəsiz məlumatlara və ya təhlillərə əsaslanan bəyanatlar öz dəyərini itirir.
“Hər kəs başqasının gözündə çöp axtarmaqdansa, öz gözündə tiri görməlidir”, - deputat qeyd edib.
Makronun bəyanatına Gürcüstan parlamentinin I vitse-spikeri Gia Volski də münasibət bildirib. O, bəyanatın reallıqdan uzaq olduğunu deyib və əlavə edib ki, elektron qaydada keçirilən seçkiləri saxtalaşdırmaq mümkün deyil.