6 Dekabr 2017 08:31
3 816
12 Punto 14 Punto 16 Punto 18 Punto

- Gələrsən Ayna Sultanovaya, avtobusla köhnə Samsunqa, ordan Avestanın yanı, 200 metr qabaqda Ramada otel...

Son nəfəsdə qırıq-qırıq, anlaşılmayan sözlər kimi yol tərifi. Nədənsə Elşən Mehdi çox bədniyabət adammış. İlk kitabının imza günündə hava havalandı. Pəəh! Nə imiş? Guya belə yağışlar şairanə imiş. Kitabına da bir ad qoyub, gəl görəsən - Sükut və sairə. Elə bu şırhaşırdan, bip-bapdan, "Sumqayıta 1 manat"dan qışqıran adamların səs-küyündən dedikləri ünvana bu ad, "Sükut və sairə" cəlb elədi. Ki, bəlkə bir az dincələm.

Hadisə yerinə gəldim. Elşənə kitab hədiyyəsi də gətirmişəm. Adı hələ sirr qalsın. Hadisə yeri elitar bir oteldir. Hər şey mükəmməldir. Cansız nə varsa. Əsas zala gedən tərəfdə üç ayrı-ayrı yerdə kitab satışı gedir. Bu balaca satış masalarından birində boyu iki metrə yaxın adam durub Yaxınlaşıram, Orxandır. Allah bu boyda boy verib, amma istifadə etmir. Bu boyla şeir yazmazlar, qadası. Sənin indi ən azı prezident mühafizəsində işləyən vaxtındır. Təbii ki, zarafat edirəm. Boyumuza görə məsələ həll olunsaydı, gərək aldığımız zərbələr bir az yüngül olaydı. Əyləşib ciyərimə bayram ziyafəti verirəm. Birinci siqaret - gözləmə zalında 10-15 adam olar. Hamının başı telefonda. İkinci siqaretdə 30-40. Üçüncü siqaretdə bizi əsas zala keçirdirlər. Zalın oturacaq hissəsinin tən ortasında əyləşmişəm ki, hamını yaxşı görüm.

Təqdimatı tanınmış vayner Taleh Yüzbəyov açır.

- Mən Elşənlə internetdə "Bi qısmat çörəy" səhifəsində tanış oldum, dostlaşdıq. Sonra şeirlərini oxudum. Maklerə oxşayan adamın şair tərəfi məni çox valeh elədi....

Taleh bir az danışandan sonra Səlim Babullaoğlunu dəvət edir.

- Biz bayaq onunla çox söhbət etmişik Elşən barədə. İndi özü gəlsin, sizə də danışsın.

Səlim bəy də qəflətən telefonla danışmaq üçün zalı tərk edir.

Taleh:

- Çağıracağım adam çıxdı telefonla danışmağa. Neyləyək, gözləyək gəlsin.

Səlim bəy gəldi.

- Hamını salamlayıram. Bilirsiniz, şairlik birinci kitabla başlayır. Adam həyəcanlı olur. Sonra iki, üç, dörd. Sonra görürsən ki, əslində həyatda Allahdan başqa heç nə yoxdur. Şair arı kimi olur. Təəssüf ki, arı çiçəklərdən bal yığır, amma özü bilmir ki, yığdığı baldır. Əslində şair də bəzən bilmir ki, yazdığı nədir. Nə demək istəyir? Necə oldu ki, yazdı... Lap çanaq anteni kimi. O özü də bilmir axı ekranlara ötürdüyü nədir, kimdir. Bethovendimi, Üzeyir Mehdizadədimi. Bilmir. Xoş təsadüfə baxın ki, mən də ilk kitabımı oxuculara 96-cı il dekabrın bu günlərində təqdim etmişəm. Amma çox peşman olmuşdum. Hiss etmişdim zəif kitab olduğunu. İkinci kitabım 15 il sonra çap olundu. İndi əlimdə hər cür imkan var kitab çap etdirməyə. Amma özüm istəmirəm, hazır deyiləm. Xülasə, Elşənə bütün bu hissləri yaşamağı arzu edirəm. Onun şeirlərində sadəlövhlük var.

Alqışlar çöldəki yağış səsinə qoşulur.

Taleh: "Oxuduğuma görə, o vaxt Nəsimi filmi çəkiləndə senzuradan keçməli olduğu vaxtlarda müəyyən dəyişikliklərlə özünü isbat elədi. Və orada oturan senzorlardan biri deyir ki, sizin bu boyda şairiniz var, sizsə aləmə car çəkmirsiniz". Hə, elə indi də nəhəng şairlərimiz var. Amma... Dəvət edirəm, filosof, şair Mail Yaqubu.

Mail Yaqubun səhnəyə çıxışı ürəyinin dolu olmasından xəbər verir.

- Bir misrası məni silkələdi Elşənin. "Bəlkə də aradan on min il keçib". Çox şey deyir bu misra. Elşən üç saat da deyə belərdi, bir gün də. Amma on min il. Yəni ümumiləşdirib. Bayaq Səlim müəllimlə söhbətləşəndə də bunu deyirdim.

Mail Yaqubun sözünün canı on min ilə çıxır, qurtarır.

Alqışlar...

Söz şair Cəlil Cavanşirə verilir.

- Mən deməyəcəm ki, uzun müddətdir Elşəni tanıyıram. Vallah, Feysbukda o qədər mənasız, boş şeirlər çıxır rastıma, məlum, bizim dostluğumuzdakıların çoxusu şair olur, oxumuram, oxumağa qorxuram. Bir yandan da vaxt itkisi. Amma Elşəni tanıyandan şeirləri ilə küll halında tanış olmaq istəmişdim. Bu gün qismət oldu. Ümumi mənzərə mənə bəlli idi. Ki, o fərqli yazır. Elə bayaq kitabı alanda vərəqlədim ki, danışmağa sözümü konkretləşdirim. Səlim bəy də çox sağ olsun, istedadlı gənclərə dəstək olur. Uzun sözün qısası, təbrik edirəm. Elşən, sənə uğurlar!

Talehin oturub-durmağı özünü yorub, hiss edirəm. Bir az da kökəlib, uyğunlaşa bilmir. Sözü şair Sərdar Aminə verib yenə əyləşir.

Sərdar:

- Mən də hamını salamlayıram. Elşən və onun kimi istedadlı gənclər az da olsa var. Bayaq Səlim müəllim qeyd elədi ki, Elşən şeirlərində sadəlövhdür. Amma mən düşünmürəm ki, bu belədir. Xeyr. Elşən göründüyü kimi sadəlövh deyil, o öz içində hər şeyi həll etmiş adamdır. Özü ilə hər şeyi həll edib. Elşən səni təbrik edirəm. Uğurlar!

Sonra Elşənin dostlarına söz verilir. Onlar da hərəsi öz çıxışında Səlim bəyin də adını çəkirlər. Qınamıram. O, kitab kimidir, harda tutdun, gərək özün üçün nəsə oğurlayasan.

Necə oldusa, qəfildən Taleh kitabı hərraca çıxardı. Kitabın ilkin qiyməti beş manatdır. Kim nə verər?

Yerdən dilləndi:

- Mən 20.

- Mən 50.

- Mən 55.

- Mən iki aylıq sitependiyamı verirəm, iki ay, cəmi 110 manat.

- Mən 118 manat. Pulqabımda olan bütün pulumu qoyuram.

- Mən də iki manat əlavə edirəm, 120 manat!

Taleh sayır: 120 manat - 1, 120 manat - 2, 120 manat - 3. Kitab satıldı.

Bu mübarizəni Avtoqraf klubunun nümayəndəsi Elvin Paşa məcburən qazanır. Yəni 120 manat deməklə kitab onun olur. Elvin deyir ki, biz öz klubumuzda tanınmış adamların əşyalarını, imzalarını cəm edirik. Muzey yaradırıq. Elşənin də kitabını almağı tapşırıblar. Başqa variant yox idi. Almalıydım. Yoxsa...

Musiqili dəqiqələrlə davam edəndən sonra artıq söz şairin özünə verilir.

- Hamını salamlayıram. Bura gələn hamıya təşəkkür edirəm. Mən nə deyə bilərəm ki. SON!

Təqdimat başa çatır, gedirik kitab imzalatdırmağa. Elşən özünü bir az ləngidir. Amma xoşdur. Ona görə ki, biz kitab təqdimatlarının əksəriyyətində oxucudan çox şair görürük. Xoş haldır, oxucu bolluğu var. (Bolluq da min deyil, yüzcə adam olar, ya olmaz).

Adamların içindən sıyrılıb qıraq yerdən özümü qabağa verirəm.

- Elşən, kitabı qəşəngcə imzala.

Elşən də çoxumuz kimi bu imza çəkmə, oxucu ilə təmasdan aldığı zövqün dəqiqəsini uzadır, asta-asta ürək sözünü yazır, imzasını atır.

Elşənin üzündəki əminliyin, bir az da özündənrazılığa hədiyyə kimi "Nobel mükafatı"nı verirəm. Kitabın adı belədir.

Sonra? Əşşi, sonrası yüz adamlıq, bəlkə də min adamlıq "Sükut və sairə" və ilaxır.


Müəllif: Emin Akif

Oxşar xəbərlər